Mütaliəsiz adam təsəvvür etmək, ya görmək məni təəccübləndirir. Müəlliməm, olur ki, uzun yay tətilindən sonra siniflərdə”Kim hansı kitabı oxuyub?”deyə sual edirəm. Nəticəcansıxıcı olur. Təəssüf doğurur. Niyə belədir?-deyə sual verirəm özümə. Dəqiq cavabım yox əslində. Sadəcə müxtəlif səbəblər fikirləşirəm: Birdən-birə həyatımız dəyişdi, başımıza nələr gəldi, hamı bu keçid dövründən necə keçməyin hayına qaldı. "Filan yazıçını, bu əsəri oxu”demək yaddan çıxdı. Sovet təhsil sistemi dağıldı, yenisində şagirdlərə adicə dərslərini oxutmaq üçün qarışıqlıq yarandı, təhsil heç kimin baş açmadığı duruma düşdü və dayanmaq bilmir. Yazıçıları oxumaq, müzakirələr, yazı adamlarıyla görüşlər unuduldu. Kitabı öz hesabına çap etmək yazarları çətinə saldı. Qazanc nədi, heç öz xərcini çıxarmayan kitabı yazmaq həvəsi, yazılsa da çap eləmək arzusu azaldı. Kitab mağazaları sürətlə yoxa çıxdı, yəni mağazaların çoxu yerində qalsa da kitablar yoxa çıxdı vəbundan çox danışırıq, müzakirə edirik. Azad iqtisadiyyat dövrüdü, satılan mal satışa çıxarılır. Düzdü yavaş–yavaş kitab mağazaları da açılır, təqdimatlar, imza günləri də nisbətən artıb. Amma kitab oxuyanlar artırmı? Cavabı dəqiq bilmirəm. Amma dəqiq bilirəm ki, artsa da nəzərə çarpmır. Yazarların bir fikri gündəmdədi: özümüz yazıb özümüz oxuyuruq. Yəni bu fikir yazar-atalar sözünə dönüb. Təqdimatlara, imza günlərinə gələnlər də ən çox özümüzük. Niyəsini də düşünən daha çox yazı-pozu adamlarıdı. Amma hamı düşünməlidi. Bir tərəfdən də internet, mobil telefonlar, planşetlər gənclərimizi məşğul edir. İnamıram ki, hansı uşaqsa bir romanı, hekayəni, ya şeiri internetdən tapıb oxusun. Olsa da az olar və bu sağlamlığa ziyandı. İndi planşetlər məktəblərə daşınır. Kitabın qoxusu unudulur. Bunun qarşısını almaq da olmur.Test imtahanları da müəyyən rol oynadı kitab oxumamaqda. Şagirdlər dərslikdən sadəcə yazıçıların adlarını öyrənirlər, əsərlərini demək olar oxumurlar ədəbiyyat imtahanı yoxdu deyə. Təbiiki kitab oxumaq üçün imtahanın olub-olmaması səbəb deyil, bəhanədi. Amma təsiri var. Dediklərim hamısı bəhanədi.
Bir məsələ də düşündürür: Bir-neçə ay öncə ən çox oxunan 10 əsəri sadalamaq kimi bir sorğu keçirdilər yazarlarımız FB-da. İştirak etmədim . Onluqlarısa izlədim. Demək olar hamısında "Səfillər”in adı vardı.Viktor Hüqo ən çox sevdiyim yazıçıdı. Uşaqlıqdan oxuyuram. Niyə məhz "Səfillər”? Axı səfillikdən yazıb, səfillərdən yazıb, həyatın mümkünlü - mümkünsüz bütün ağrı-acısından, dəhşətindən yazıb böyük Hüqo. Amma yazıb: insan sevgisinə, xeyirxahlığına inamdan və bu inamdan yapışaraq, bu sevgiyə güvənərək çarpışan, döyüşən, həyatın ən səfil qatında belə, onu izləyən şərin - Javerin nəfəsini, varlığını lap yanında hiss etsə də inamını itirməyən birindən yazıb. Yəni əsərdə işıq var. Sevgi, inam, xeyirxahlıq işığı. İnsan olmağa, İnsan kimi yaşamağa aparan işıq. Bəlkə indi cavan yazarlarımızın yazılarında bu işıq azdı. Məsələn, Kafkanın adını çox çəkirlər, sovet dövründə yazılan əsərlərimizi bəyənmirlər. Amma mən Kafkanı oxuya bilmədim. Bir-neçə əsərini oxudum.”Çevrilmə”ni oxuyanda ürəyim sıxıldı. Yəni əsərdə təkcə "necə yazıb”dan başqa,”nədən yazıb”da var. Məndə belə hiss oyandı: elə bil başını tumarlaya-tumarlaya zəhər verirlər adama...Düşünürəm ki, ədəbiyyatda işıq olmalıdı. Hətta həyatın acısından - ağrısından yazılsa belə oxucunun tuta biləcəyi "bir saman çöpü”olmalıdı ən azından. Bu oxucunu aldatmaq deyil, bu yaşama kömək etməkdi. Onsuz da hər kəs real həyatını yaşayır, əzabı da, ağrını da, sevinci də yaşayır...Həyatı yalnızca qaranlıqda göstərmək, bunu oxucunun gözünə dürtmək, başına, ürəyinə yükləmək, yükləmək nəyə gərəkdi? Elə yazmalıyıq ki, oxucu işıq tapa bilsin...
Əslində yazını çoxdan başlamışdım və arada baxırdım: ”Nəsə əlavə edimmi, ya lazımdımı” deyə düşünürdüm. Bu haqda çox danışırıq, yazırıq onsuz."İnsanları cəhalətə aparmaq elmə - kitaba aparmaqdan asandı” fikri də çıxmırdı ağlımdan. 21-ci əsrdə yaşamağımıza baxmayaraq cahillik, nadanlıq azalmır, törətdiklərisə artır. Fikir yorur, rahatlıq vermir və belə rahatsız günlərin birində çox sevdiyim Esmira FuadC.Cabbarlı adına respublika gənclər kitabxanasında təqdimata dəvət edir. ”Kimin təqdimatıdı?”sualına "kitabxananın direktoru Tahir müəllimin” cavabını alıram. Ağlın ağrılı fikirdən yorulursa, kitab təqdimatına getmək yüngüllük gətirir: kitab oxuyanları, kitaba dəyər verənləri görürsən, ünsiyyətdə olursan, bölüşürsən və s. Təqdimat maraqlı idi. Elə bil kitabxanalar ”BİZ VARIQ” dedilər. Tahir Sadıqov 1928-ci ildən fəaliyyət göstərən kitabxanadan yazıb: "C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının dünəni, bu günü və sabahı”. Bu kitabxana da doğmadı. Məktəb illərindən şəhərdəki kitabxanaların bir çoxuna üzv idim. Onda kitabxanalara üzv olmaq qürurverici idi. Desəm ki, son illərdə kitabxanalara getmişəm yalan olar. Nəsə.Tədbirdə sevindim, kitablara, işçilərə baxıb xoşbəxt oldum. Maraqlı insanlarla görüşdüm: ”Mədəni həyat”jurnalının redaktoru Yaşar müəllim, filoloq-alim Esmira Fuad, ”Respublika” qəzetindən Şair Rauf İlyas oğlu, QHT sədrləri Mehriban Abdullayeva, Tofiq Əlizadə, qəhrəmanımız Arif Məhərrəmov, pr. Hacı Tofiq Seyidzadə, Könül Nazim qızı, Məmməd Məcidoğlu və b. Yazıya qayıtmağıma səbəb kitabxana oldu. Düşündüm ki, məktəblilərin kitabxanalarla ünsiyyəti yoxdu. Bəlkə bu ünsiyyəti yaratmağa çalışaq, onları kitabxanalara-kitablara aparaq, kitabxana işçiləriylə görüşdürək?! Kitabxana işçilərinin üzündən də bunu oxudum elə bil. Lap məktəb kitabxanasından başlayaq, orda tədbirlər keçirək, söhbətləşək, kitabların arasında şəkil çəkdirək...
Məsələn, ədəbiyyat dərsi keçmək olar kitabxanada. Yazıçıdan danışırsan, həmən kitabını rəfdən götürüb göstərirsən, şagirdlərə verirsən. Uşaqlar görsünlər ki, təkcə internet klublar, kafelər, parklar, marketlər mövcud deyil, kitabxanalar da var. Bizimlə birlikdə kitabxanalar da yaşayır. Prezidentimizin sərəncamıyla təmir olunan məktəblərdə kitabxanalar üçün xüsusi otaqlar ayrılır, kitablarla təmin olunur. Yəni təmir olunmayan məktəblərdə də kitabxanalar var. Qalır onların qapısını açmağımız. Çünki hər birimiz bilməliyik: Kitab oxuyan, kitabı tanıyan kəs anlamadan, fərqinə varmadan baş yarmaz, baş kəsməz, cihada çağırmaz, uşaq zorlamaz, öldürməz...
Bu həqiqətdi. Bu günün bü günü məhv edən qorxulu həqiqəti. Kitabxanalara-kitablara üz tutmaq lazımdı, kitablara...
Qadinkimi.com