QADIN / KİŞİ
Kişiyə sonsuz güvən Azərbaycan qadınına güvənsizlik deyilmi? Tarix : 26 Sentyabr 2020, 04:42

Azərbaycanın ən axrıncı kişisi ölənə kimi Azərbaycan qadını müharibədə savaşa bilməz. Bu kimi çıxışlara ara-sıra rast gəlirik. Kimsənin xətrinə dəymək istəmirəm. Ola bilsin, kimlərsə özünü bu işin öhdəsindən layiqincə gələcəyini görür deyə bunu özünə sığışdırmır. Yəni Azərbaycan kişisinə sonsuz güvən.

Kişiyə bu sonsuz güvən Azərbaycan qadınına güvənsizlik deyilmi?

Tarixə ekskursiya edib geniş haşiyəyə çıxmadan qısa xatırlatmalar etmək istərdim. Amazonkalar barədə yunan tarixçilərindən Nizamiyə, şairlərə kimi bəhs etmədimi?

Əsər deyib keçə bilərsiniz, amma maddi-tarixi sübutlar da bunu göstərir. Ağdam, Quba, Cəlilabadda dağətəyi ərazilərdə tapılan qəbir abidələri bu ərazilərdə amazonkaların yaşadığını göstərir. Niyə məhz bu yerlər? Dağətəyi, yəni dağla aranın qovşaq olduğu ərazilər həmin dövr üçün məsafələri kiçildir, əlaqə qurmaq baxımdan daha yaxşı şərait yarda bilirdi. Hər hansı nəsil artırma dövründən sonra uşaq qız olardısa qadınlar tərəfindən dağa çıxarılırdı, oğlandısa həmin ərazidə dağətəyində məskunlaşmış kişilərə böyüdülmək üçün verilirdi. Talış dağlarının, Kiçik Qafqaz, Böyük Qafqazın dağla aranın qovuşduğu yerlərdə, dediyim rayonlarda min illərin öncənin qəbir abidələrində buna rast gələ bilərisniz.

Tomris, onun qoşunu və ya bu kimi tarixi, əfsanəvi deyimləri hələ bir kənara qoyuram.

Türk toplumunda bir qadını at üstündə çapmadan, ov ovlamadan, ox atmadan təsəvvür edə bilirsinizmi? Bunun əksini iddia etmək gülünc olar.

Və ya Dədə-Qorqud nümunəsi. Banuçiçəyindən digərinə kimi. Onu məğlub edə bilməyən kişiylə evlənməyi özünə xor görən bir toplumun xanımına döyüşə bilməz demək absurdun absurdudur.

Ikinci dünya müharibəsində təyyarəçi Azrbaycan qadınlarından, kəşfiyyatçılarından heçmi xəbəriniz yoxdur?

Cəbhə bölgəsindən xəbər gətirən, Qarabağ savaşı dövründə hərbiçilərlə ön cəbhədə olan xanım jurnalistləri görməmək olar?

Mərmilər altında ordumuza xidmət göstərən hərbi tibb arsenalımızın xanımlarını xatırlamağa ehtiyac varmı?

Və yaxud Qarabağ savaşında kişilərlə çiyin-çiyinə döyüşən xanımları nə tez unutdunuz?

Bilənlər bilir ki, hazırda da Azərbaycan ordusunda bir çox xanım rabitəçi var. Elə kəşfiyyatçısı da, ordunun digər sahələrində çalışanları da.

Gedən proseslərdən sonra qadın-kişi mövzusu üzərində qalmaq boşuna enerji itirməkdən başqa bir şeyə yaramır. Bu da "dedovşina”nın ayrı bir yönüdür.

Indi soruşuram.

Azərbaycan qadını döyüşmədi?

Döyüşməyib?

Döyüşə bilməz?

Döyüşdü də.

Döyüşüb də.

Döyüşəcək də.

Əzizlərim, demirəm Azərbaycan qadınlarını cəbhəyə aparın. Amma bu söhbətləri etmək də onları küçümsəməkdir.

Gedin, döyüşün, işğal olunmuş torpaqları azad edin. Və deyin ki, əziz xanımlar, bağışlayın, sizə ehtiyac olmadan məsələni həll etdik. Hə, bax, bu başqa məsələ.

Vəssalam.

 

Emin Piri

Ədalət qəzeti 

 

 

 

qadinkimi.com