QADIN / KİŞİ
"Kişilik" tərbiyəsizlik deyil... Tarix : 26 Aprel 2022, 13:06

Tək o motosikletçini vuran deyil ki… Kişilər bir-birini imkan düşdükcə hər yerdə əzir. Hərbidə, işdə, yolda.. birinin azca əlinə fürsət keçsə, digərini alçaltmağa çalışır. Onların orduda bir-birinə etdiklərini eşidəndə adamın qanı donur dəhşətdən. Yolda əl ölçən, pəncərədən başını çıxarıb bağıran, toyda-yasda, getdiyi hər yerdə əlbəyaxa olan, maşının iki saniyə ləngidi deyə ötüb gözünün içinə marıtlayıb donquldanan kişi az görürük? 

Maşın parkçılarına xoruzlanan, özündən azca zəifə hücum çəkən, bütün ömrünü vəzifə, nüfuz, güc yarışı ilə keçirən kişi azdı? Çöldə gücü çatmayanda evdə arvadını yun kimi çırpan, içindəki bütün yetərsizliyi xanımına töküb onu ən axırıncı adam yerinə qoyan kişi azdı? 

Çoxunun içində bax o motorçunu ürəkdən vuran qəzəbli əjdaha var. Adam nəvəsinin yanında bir başqasının üstünə şığıyır. Bizə dəhşətli gəlir. Öz arvadının, övladlarının üstünə cumanları təsəvvür edin. Bunu evində yaşayan uşaqları təsəvvür edin. Təsəvvür etmək çətindi. İnsan xisləti, gərək gözümüzlə görək ki, bunun necə dözülməz olduğunu anlayaq. 

Qanun pozanda xeyirxah əməl etmiş kimi xoşbəxt olmaq, bir az pullananda ədəbazlanmaq, təvazö, sadəlik, tərbiyə nədi bilməmək adi hal kimi qəbul edilir bizim ölkədə. 

Bu düzəni qadınlar qurmayıb.

Qadınların adını dedi-qoduçu çıxarıblar. Yəqin insaflı kişilər dürüst cavab verərlər bu suala: Kişilər nə qədər qeybət edir? Bir araya gələndə görüşdüyü qadınla yaşadıqlarını detalınacan danışıb fəxr edənlər, başqalarının özəlini çözələyənlər, ən yaxın dostunun qeybətini edənlər, üzünə güldüyü adamı arxadan pisləyənlər neçə-neçədi aranızda?

Nə edə bilərik soruşsaz, kiçik örnək verərəm. Bir oğlan arvadını elə döymüşdü ki, qız canını zorla onun əlindən alıb evdən qaçmışdı. Birgə böyüdüyü məhəllə uşaqları oğlana salam vermədilər bu hadisədən sonra. Kimsə danışdırmadı onu. 

Qınayın, danışdırmayın özünü apara bilməyənləri. Adam bilib aranıza almayın. Zorbaları, tərbiyəsizləri "kişilik adına ləkəsən" deyib qovun aranızdan. Axı "kişilik" tərbiyəsizlik deyil, siz bunu bilirsiz...

Aysel Aydın Alizada
Qadinkimi üçün