QADIN / KİŞİ
KİŞİLƏR QİÇSƏ DAHA ÇOX YOLUXUR - EKSPERT RƏYİ - Tarix : 02 Dekabr 2019, 13:48

"Avropa regionunda olduğu kimi, Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir".


APAxəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib. Onun sözlərinə görə, qərbdə QİÇS halları azalır, amma şərqdə azalma halları olmasa da, yoluxmada sabitləşmə müşahidə edilir: "İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. 2020-ci il üçün nəzərdə tutulmuş "90-90-90" hədəfinə nail ola bilmirik. Bu hədəfə görə, İİV-li insanların müalicəyə cəlb olunma göstəricisi 90 faizə, diaqnozun qoyulması 90 faizə, virusun insanlar arasında azalma göstəricisi 90 faizə çatmalı idi". 


Mütəxəssis vurğulayıb ki, hazırda virus yükünün azalması təxminən 73 faizə çatıb: "Çalışmalıyıq ki, birgə əməkdaşlıqla Azərbaycanda da bu hədəflərə nail olaq", -deyə C.Süleymanova əlavə edib. 


 

O qeyd edib ki, bu ilin sonuna kimi ÜST tərəfindən İİV-in müayinəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir. Bu tövsiyələr ilin axırına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS-lə Mübarizə Mərkəzi birgə yeni müayinə protokolları hazırlayacaq. 


Əsmər Qabil