Ərçivanın insanları çox zəhmətsevər, mehriban, ailəcanlı, dostcanlı, mərddilər. İkinci savaşda 9 şəhid verib bu kənd. Cavanları indi də Vətənə xidmətə hazırdır. Azərbaycanımıza Sevgiylə bağlıdılar.
Hər an vətən üçün, ərai bütövlüyümüz üçün şəhid olmağa hazır olan Azərbaycan Silahlı qüvvələrinin kiçik çavuşu Sadiq Kamal oğlu Zeynalov kimi.
19 sentyabr 1998-ci ildə Astaranın Ərçivan qəsəbəsində anadan olub. Ərçivandakı 4 saylı tam orta məktəbdə təhsil alıb.
Füzuli, Cəbrayıl, Qubadlının azad olunmasında ən çətin tapşırıqları uğurla yerinə yetirib. 25 oktyabr 2020-ci ildə Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailənin yeganə oğlu Sadiq Zeynalov uşaqlıqdan mehribanlığı ilə dost-tanışın, qohum-qardaşın sevimlisi olub. Bir bacısı var Məleykə adlı: O tək qardaşım deyildi ki...Dostum, sirdaşım idi. Məndən əvvəl getmişdi məktəbə, qələm tutmağı da o öyrədib mənə. Yoxluğu o qədər ağırdı ki... Sadiqdən sonra sağlamlıqlarında ciddi problemlər yaranan ata-anamı ovutmaq da var hələ. Sadiq güvən yerim idi. Hamıya qarşı diqqətliydi. O, bir dostu, bir qonşu üçün hər şeyə hazır idi. O ki qala vətən ola. – deyir Məleykə.
Anası Elmira xanımın söylədikləri: Uşaqlıqdan istəyirdi ailəyə dayaq olsun. Hey deyərdi ki, siz çox əziyyət çəkmisiz, böyüyüb özüm sizə baxacam. Onun bütün istəyini yerinə yetirməyə çalışırdım, heç bir arzusuna qarşı çıxmazdım. Hərbiçi olmaq istədi. Əslində mən narahat oldum.Tək oğlumdu. Amma ”ana, vətən əsgəri olmaq çox şərəflidi. Kişi hərbiçi olar, vətəni qoruyar” dedi. Sonuncu dəfə oktyabrın 24-də zəng edib, atası ilə danışıb. Mən namaz üstə olmuşam. Deyib "anama denən haqqını halal etsin”. Həyacanlandım nəsə. Narahat oldum. "Niyə belə deyir görəsən? Həmişə "hər şey yaxşıdı” deyərdi. İndi niyə belə deyir ki?”- deyə sordum atasından. Atası "müharibədi, başqa nə desin? Hər şey ola bilər” dedi sakitcə.”İrəli gedirik”- deyirdi həmişə. Başqa heç nə. Nə deyim? Bütün şəhid analarına səbr diləyirəm. Övladlarımız bizə qürur yaşadıb, utanc verməyib ki? Mən elə bütün şəhidlərin anasıyam.
Sadiq 2016-2018-ci illərdə Naxçıvanda həqiqi hərbi xidmətdən qayıdandan sonra bir müddət işləyib. Hərbiçi olmaq arzusu ona rahatlıq verməyib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq hərbi xidmət üçün müraciət edib. Nəhayət istədiyi olub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən savaşında çox igidliklər göstərib Sadiq.
Hələ həqiqi hərbi xidmətdə olanda kəşfiyyatçı kursunu oxuyan ərənimiz snayperçi kimi də fərqlənir. Döyüşlərin ən məharətli snayperçilərindən biri idi. "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olnmasına görə” medalları ilə təltif olunub.
Şəhidin dostu Əsədullayev Fəqan: Bir yerdə olmuşuq həmişə. Qonşuyuq, bir yerdə məktəbə getmişik, bir sinifdə oxumuşuq, əsgər getmişik. O yenə Naxçıvana hərbi xidmətə qayıtmaq istəyirdi. Çox hörmət qazanmışdı orda. Beyləqana düşdü. Müddətdən artıq xidmətə yollandı. Tez-tez danışırdıq, telefonla əlaqə saxlayırdıq. 26 sentyabrda zəng etdi: "Hamınız haqqınızı halal edin. Bəlkə bilmədən xətrinə dəymişəm kiminsə. Mən gedirəm”- dedi. Başqa heç nə. Ondan inciyən olmayıb. Çox gülərüz, şən idi. Çox istiqanlıydı. Çox sadiq idi həqiqətən, adı kimiydi. Şəhid Sadiq Bağırzadəgilə getmişdik. O gün zəng gəldi ki, şəhid olub.
Yusifov Amid: Qardaş idi o. Müharibədə, güllələrin altında belə hamını axtarırdı. Heç kimi diqqətsiz qoymazdı. Əslində yaralanmışdı, amma qospitala getməyib. "Döyüş yoldaşlarımı qoyub gedə bilmərəm. Bizim qızıl kimi oğlanlarımız şəhid oldu. Nə qədər sağam o ermənilərə yaşamağa imkan vermərəm” deyib. Belə cəsur, qorxmaz oğul idi.
Döyüşlərdə iki dəfə minaya tuş gəlib Sadiq Zeynalov. Birinci partlayışda huşunu itirən Sadiq iki gün minanın yaratdığı çuxurda qalır. Onu tapanda sağ olmadığını düşünürlər. Öz taboruna aparırlar. Özünə gələn Sadiqi hospitala yollayırlar. Bir-iki gündən sonra yaralı olmasına baxmayaraq yenidən döyüşə qayıdır, xəstəxanada qalmaqdan imtina edir.
Hacıyev Milad: Çox özəl biri idi. Dayım oğlu Sadiq Bağırzadə ilə dost idi. Onun hüzüründə bizə xəbər verdilər. Özümü o qədər itirdim ki soyadını unudtdum. İnanmaq istəmədim. Ordan çıxıb Sadiqgilə getdik. Ata-ana oturub zəng gözləyirdi. Çox ağır idi bunu yaşamaq.
Həqiqətən ağırdı. ”Deyirdin məzuniyyətə gəlib səni yanıma aparacam. Bəs niyə məni yanına aparmırsan?”- deyən Tamam nənənin səsi qədər ağırdı...
-Dayımoğlu Sadiq Bağırzadə, dostum, qardaşım Sadiq, bir çox dostlarımız şəhid oldu. Bu ağrını yaşadıq. Ama torpaqlarımızın ermənilərdə olması daha ağır idi. Bu haqda çox danışardıq. İndi mən və mənim kimi çox gənclər Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə döyüşə hazırıq. Yeri gəlsə, lap İrəvanı da alarıq - dedi bir də Milad.
Necə ürəyimdən dedi. Sadiqləri, elçinləri, nailləri, əmrahları olan Vətən daim var olacaq. Sizin kimi igidləri olan Azərbaycan bir gün öz tamlığına qovuşacaq. Elə İrəvana da.
Bir gün bu Vətənin tamlığı - ərazi bütövlüyü uğruna şəhid olanların ruhu şad olacaq, rahat olacaq.
Sentyabrın 19-da 23 yaşı olan Sadiqin ruhu kimi.