YAZI / DÜŞÜNCƏ
Kəramət Böyükçölün kitab biznesi Tarix : 14 Noyabr 2019, 23:02
 
Kəramət kitablarını satır.
 
Nədənsə, mən bu haqda düşünəndə "Aclıq”romanının baş qəhrəmanı gözümün önündə canlanır.
O, həyatda qalmaq üçün olmazın əzablara dözür, hətta öz qanını içməyə məcbur olur. 

Kəramət də tək canına böyük bir ölkənin həqiqətlərini deyir, yazır, olmazın təhqirlərə, söyüşlərə məruz qalır. Eynən "Aclığ”ın qəhrəmanı kimi dözür, inamını itirmir. Amma istəsə, o da bizim kimi başını aşağı salıb yaşayar, heç nəyə fikir verməz, balıq kimi reaksiyasız olar.
 
Etmir, çünki o, Allahın ona bəxş etdiyi istedadı utanmaz-utanmaz öz şəxsi həyatına xərcləmək istəmir. İndi bəzi adamlar onun kitab satmaq aksiyasını dolayır və bu haqda iyrənc açıqlamalar verirlər.
 
Adam kitabını satır, sizin kimi özünü satmır!
 
Adam zəhmətlə yazdığı, illərlə kirayə evlərə daşıdığı kitabları satır. Bu qədər kitab biznesinin qarşısına kürəyindən asdığı çantası ilə çıxıb. Hətta bu addımı ilə nə qədər böyük istedad sahibi olduğunu, bütün şəraitlərdə düzgün qərar vermə qabiliyyətini sübut edir.
 
30 ilə yaxın Bakıda yaşayan, çox hadisələrin  şahidi olan adam kimi inanıram ki, bu cəmiyyət onu tək buraxmayacaq. Elə onu başa düşən də ən birinci sadə azərbaycanlılar olacaq, yazıçısını tək qoymayacaq.
 
Yoxsa, Kəramət də bir gün "Aclıq"da olduğu kimi sahilə yan alan bir gəmiyə minib gedər, çox şey itirərik!
 
Yazdı: İlham Əzizov
qadinkimi.com