YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Kəndin "kişi"si Tarix : 21 İyun 2020, 04:04


 

Bir neçə gündür həmişə hədsiz dəyər verdiyim, indi meydanda tək qalmasına görə özümü günahkar hiss etdiyim, kiçik bir kənddə ədalət tanrısı Femidanın zühuru kimi gördüyüm Vəfa Nağı ilə bağlı baş verənlərə münasibətimi bildirmək istəyirəm.

Heç bir insani dəyər və sərhəd tanımayan, feodal və patriarxal dəyərlərin qidalandırdığı, yetişdirdiyi, muskullandırdığı formaca kənd bələdiyyə sədri, məzmunca kiçik həcmli fironcuq olan – Neftçala rayon Xolqaraqaşlı bələdiyyə sədri Əlibala Səlimov yəqin ki, uzun müddətdir təəccüb və qəzəb içindədir: bütün ölkə "gözün üstə qaşın var” deyilməyən onun kimilərlə dolu olsa da, indi təkcə bunun qabağına yaşının bu vaxtında bu zamanadək etdiyi pis qoxulu əməlləri ifşa edən biri çıxıb: Özü də gənc bir qız! Bəs heç bir xəbərdarlığı, hədə-qorxunu, asıb-kəsməni vecinə almayan bu qızcığazı necə zərərsizləşdirmək olar? Onu, bir neçə gün qabaq Vəfaya dediyi kimi, "hörmətdən salmaqla”, yəni əxlaqını şübhə altına alıb daşqalaq edilməyə zəmin hazırlanmaqla.

Bir qadın necə "hörmətdən salınır”?


Dilimiz rus, alman, fransız və s. dillər kimi cinsyyətli dil deyil. Ancaq bir sıra sözlərimiz kişi və ya qadın cinsində imiş kimi, kişilərə, ya da qadınlara aid edilir. Məsələn, namus, əxlaq, abır, həya, iffət və s. kimi sözlər – androsentirk (kişimərkəzli) cəmiyyətimizdə demək olar ki, ancaq qadınları nəzərdə tutan, qadınlara tuşlanan, qadınlardan gözlənən, qadınların qadınlığının keyfiyyətini bəlli edən feminin sözlər kimi qavranılır.

Qadınların davranışını, hərəkətini ifadə edən fellər – onların oturmağı, durmağı, getməyi, gəlməyi, yeriməyi, yürüməyi, baxmağı, danışmağı, gülməyi... və s. – yuxarıdakı feminin sözlərin zərf kimi işlədilməsi ilə qadın haqqında fikir formalaşdırır. "Namuslu oturub-duran”, "əxlaqlı geyinən”, "abırlı-həyalı yeriyib-yürüyən”, "iffətli danışıb-gülən” və s...


Bələdəiyyə sədrinin şantaj məqsədilə kəndin müxtəlif iaşə obyektlərinə və gözəgəilmli yerlərinə vurdurduğu şəkillərdən məlum olur ki, Vəfa şəhərdə şortik, dənizdə bikini geyinir. "Əxlaqlı geyinən qadın” standartlarını pozur. Vəfa kənd çayxanasına gedir. Çayxana ancaq kişilər üçündür. Onlar orada xarici siyasət haqqında (daxili siyasət haqqında yox) və qadınlar (öz qadınları haqqında yox) harfa "kişi” söhbətləri edirlər. "Abırlı, həyalı, iffətli” qadının belə yerdə görünməsi onun abrını, həyasını, iffətini sual altına qoyur.

 

Vəfanın harda oturmağını, harda durmağını, necə geyinməyini, necə soyunmağını kəndin qeybət mövzusuna çevirmək istəyənlər, Vəfa üçün psixoloji daşqalaq hazırlayanlar – Vəfanı öz aləmlərində "hörmətdən salmaqla” guya bir daş ilə bir neçə quş vururlar: bir yandan özlərinin necə saxtakarlıq və oğurluq etdiklərini, camaatın haqqını necə yediklərini, çörəyinə bais olduğlarını, habelə yalan, rüşvət, zalımlıq, mərdiməzarlıq, ikiüzlülük, namərdlik, pulgirlik, qorxaqlıq və s. onlarla anti-etik xüsusiyyətlərini Vəfanın şəkillərinin altına soxub onları gizlətmək istəyirlər, bir yandan da Vəfa kimi günümüzün Amazon qadınını, şüurların altına "potensial əxlaqsız qadın” kimi dürtüşdürməyə çalışırlar. Beləcə onun digər gənclər üçün nümunə olmağının qabağını alacaqlarını düşünürlər.


Bu gün Vəfanın facebook səhifəsində yazdığından məlum olur ki, haqqında bəhs edilən adam – kənd bələdiyyə sədri Əlibala Səlimov bir neçə saat əvvəl, xeyli adamı zorla Vəfaya qarşı iclasa çağırıb. İclasdan çıxan təmizlikçi qadınlardan biri Vəfanın atasının qarşısını kəsib, "Vəfaya de ağıllı olsun, bu kənddə bir kişi var, o da Əlibaladır" deyib.

İşin ən əcaib yanı elə budur: Patriarxallıqdan bəri qadınla, qadınlıqla əlaqəli anlayışların daşıdığı mənalar dəyişməyib, belə anlayışlarla bağlı stereotip və dəyərlər hələ də mövcuddur. Ancaq di gəl ki, kişi və kişiliklə bağlı sözlərin ilan dərisi kimi ancaq qabığı qalıb. Bu sözlərə yeni məzmunlar yerləşdirilib. Elə patriarxallığın özü tərəfindən mənalandırılan mərd, ədalətli, gözütox, qorxmaz, comərd, səxavətli, sözü ilə əməli bir, birbaşa, saman altından su yeritməyən "kişi” anlayışı daha yoxdur. "Ac ol, kişi ol” deyimi, indi "ac ol, kişi öl” mənası verməklə ironik səslənir. Artıq o adam "kişi”dir ki, yapışdırdığı dalını buraxmayan kreslosu, saya gəlməz pulu, topdağıtmaz evləri, hektarlarla torpağı, obeyktləri, şantaj və göz odu alma aparatı və s. var. Bütün bunlar hansı "kişiliklərin” itirilməsi hesabına qazanılıb, bu kimsəyə maraqlı deyil.

Ancaq "namuslu, əxlaqlı, abrılı, həyalı, iffətli qadın” ifadəsi yüz illərdir, heç bir dəyişikliyə uğramayıb; namuslu, əxlaqlı, abrılı, həyalı, iffətli qadın– belə yerə getməz, elə yerə gəlməz, belə danışmaz, elə gülməz, belə gəzməz, elə tozmaz, belə oturmaz, elə durmaz, belə geyinməz, elə soyunmaz...

Cəmiyyətimizdə "qadın” anlayışının daşıdığı köhnə mənaların itirlməsi fəlakət sayılır, təzə mənalar qazanmış "kişi” anlayışına isə arzulanan titul, rütbə kimi baxılır...

İşin ən faciəvi tərəfi də budur...

 

 

 

Alov İnanna

 

qadinkimi.com