YAZI / DÜŞÜNCƏ
Kamran Nəzirlinin “Ən qısa hekayələr” silsiləsindən... Tarix : 27 Noyabr 2019, 14:00
Yazar : Qadinkimi.com
Deyimlər və duyumlar
 
 
1.Şəxsiyyət və Mühit hər zaman bir-biriylə mübarizə aparıb - əksər hallarda ikinci qalib gəlib.

2.Yazıçını öldürən Mühit deyil, onun özünü dirildə bilməməsidir – bunun üçün yalnız zəhmət lazımdır, zəhmət!

3.Əməyini göstərmək əməyindən danışmaqdan qat-qat çətindir.

4.Ruhi sarsıntıdan qurtulmağın yollarından biri də paltar tikməkdir.

5.Şairdən, rəssamdan, musiqiçidən... sənətkardan qorxmayın, onlar əməklə məşğul olurlar, ən böyük xəta bekar adamdan gələr.

6.Hamıda yaşamaq haqqı var, doğulmaq haqqı hamıda olmur. 

7.Əgər özgənin puluyla edirsənsə, sənin səxavətin vicdansızlıq da sayıla bilər.

8.Evin içindəki şöhrətlə çölündəki şöhrət fərqli vəziyyətdədir: birinci o qədər adiləşir ki, onu hər an tutub öldürə də bilərlər, ikinci - əlçatmazdır.

9.Sevilmək istəyi hamıda var, Allahdan başqa.

10."Nifrət edirəm” deməkdənsə, "sevmirəm” desən daha yaxşı olar. 

11.Nəcib adamla dələduzun fərqi bir də bundadır ki, birinciyə gec, ikinciyə dərhal inanırlar.

12.Pulla ən bahalı maşını, villanı, bağı, adanı, kəndi, şəhəri, qadınları, kişiləri... bütün dünya nemətlərini ala bilərsən, amma sevgini və mədəniyyəti yox!

13.Sürüşkən dünyada KİŞİ kimi yaşamaq asan deyil.

14.POLAD da Odla çox oynasa, əriyər.

15.Sarı qızıllla, "qara” qızılın bircə rəngləri fərqlidir, aqibətləri hər zaman qara olub.

16.Kolun üstündəki gül yük deyil.

17.Bəzən gül də pis qoxu verir.

18.O millətin ki, borcu oldu, həmişə başıqapazlı qalar.

19.Uşağı öncə ana öyrədir, deməli, cəmiyyət və dövləti də onun tərbiyəsinin nəticəsi kimi qiymətləndirmək lazımdır.

20.Qadın kişidən daha yaxşı sevir.

21.Kişisi ölmüş arvadın gözləri kor, arvadı ölmüş kişinin qulaqları kar olar. 

22.Gözəl qadını kor adam da görər.

23.Qısqanc qadından möhkəm yapış, qısqanc kişidən nə qədər tez qaçsan, uduzmazsan.

24.Xəsis kişini heç bir qadın sevmir, xəsis qadını bütün kişilər sevir.

25.Müəllimin ən böyük əsəri tələbəsinin ürəyidir.
 
 
Kamran Nəzirli

qadinkimi.com