Karantin rejimi yumşalandan Darçın xalanı bütün günü həyətdə görürəm. Allah xeyir eləsin, üzü yaman gülür. Amma salam verməyimə peşmanam, arvad avtomat kimi açılır. Dünən səhər də məni saldı çənəsinin altına.
- Mirzə, deyirəm, bu pandemiya nə yaxşı şeymiş! Hər yanda təmizlik işləri aparılır, insanlar da elə bil bir azca təmizləşirlər. Rüşvətxorluq, korrupsiya aradan qaldırılır yavaş-yavaş. Cəmiyyətdə virusların yayılmasına və çoxalmasına yol verilmir. Bunları bəyənirəm. İntəhası, bizdə elə sahələr var ki, binayi-qədimdən oralara əl gəzdirilməyib. O sahələr də təmizlənməlidi...
- Yenə noolub, ay arvad? Deyəsən kimsə xətrinə dəyib?
- Xətrimə dəyib də sözdü? Məni yandırıb-yaxır...O gün zəng vurmuşam servisə, deyirəm, bizim evdə Gilasın Nikolaydanqalma köhnə-kürüş mebeli var, onu bağa aparmaq lazımdı. Qız telefonda məni uzun-uzadı sorğu-sual edəndən sonra qiymətdə razılaşdıq, vaxt da təyin elədik. Saat 13-00-da gəlib daşıyacaqdılar. İndi oturub gözləyirik, 13 oldu, gəlmədilər, 14 oldu gəlmədilər. Axırda zəng vururarm ki, a bala, axı biz vaxt təyin elədik, niyə gecikirsiz, Allaha şükür, indi probka-filan da yoxdu. Deyir, xala, maşın yolda xarab olub, bir saata gələr. Yenə gözlədim gəlmədi. Bu dəfə şofer zəng vurur ki, xala, saat 17-də gələcəyik. Başqa sifarişimiz var...Deyirəm, a bala, axı mən işimi əvvəlcədən planlaşdırmışdım... Bu qədər gecikmə olar? Bunu əvvəlcədən deyərdiniz də... Hə, heç nə, elə bil daşa deyirsən... Bu heç. Pəncərəmin şüşəsi qırılmışdı, getdim bir usta çağırdım. Gəldi, düzəltdi. Deyirəm, nə qədər verəcəm? Deyir, nə verərsən verərsən də... Yenə soruşuram ki, a bala, axı mən bilmirəm bu zəhmətin haqqı nə qədərdi. Deyir, xala, nə verirsən ver də... Yaxşı, deyirəm, al 2 manat verirəm. Gördüm üzünü turşutdu, deyir, bu nədi, xala, bir saatdı əlləşirəm...Deyirəm, a bala, özün demədin ki, nə verirsən ver?! Bu da heç...Gedirsən bir restorana, ya da bir kafeyə, menyu və qiymətlər əlbəttə ki, yoxdu. Gətirir yemək qoyur qabağına, sonda deyirsən, hesab nə qədər edir... Deyir, qonağım ol! O deyir, sən deyirsən, o deyir, sən deyirsən, axırda da elə bir qiymət oxuyur ki... bir ay özünə gələ bilmirsən! Bu hələ harasıdı? Pandemiyadan qabaq restorana getmişdim, qonağım gəlmişdi xaricdən. (Pah atonnan, arvad restoranlara da gedirmiş e!). Oturduq ki, bir az süfrə arxasında mırt vuraq yavaşca. Qoydular ki? Bir yandan gur musiqi, bir yandan da ətraf stollarda oturan adamların ucadan danışığı və hırıltıları. And olsun Gilasın canına, xəcalətimdən yerə girdim. Mən dünyanın yarısını gəzmişəm, ya restoran olsun, ya nəqliyyat, ya da küçə-filan olsun, o ölkələrdə adamlar belə bərkdən danışıb-gülmürlər. Bunu da qoyuram qırağa. Bir nəfərə iş görürsən, əvvəlcədən razılaşırsan ki, bax, mənim xidmət haqqım bu qədərdi ha... Deyir, yaxşı...İşi təhvil verirsən vaxtında, amma o, sözünə əməl etmir. Bu gün-sabah, bu gün-sabah, pulunu alınca çərlədir səni, ya da yarısını vermir. Bu da heç. Bir nəfərlə görüşmək istəyirsən, qabaqcadan vaxt təyin edirsən ki, bəs şənbə günü saat 18.00-da filan yerdə. Beş dəqiqə də tez gedirsən görüşə. Gözləyirsən, 10 dəqiqə keçir, gəlmir, 20 dəqiqə keçir gəlmir, yarım saat keçir gəlmir, elə istəyirsən ki, çıxıb gedəsən, görürsən, hırıldaya-hırıldaya böyürdən çıxır... Bu da belə. Ya da biri səndən borc alır, deyir, gələn ayın 5-də mütləq qaytaracam... Ay qaytardı ha...O gedən gedir. Bu da heç. Dünən getmişəm "Kapitalbanka” pensiyamı almağa. Görürəm, bankın qabağında millət əlindən tərpənmək olmur. Camaat bir-birinə qarışıb, heç elə bil ki, virus-mirus veclərinə deyil. Deyirəm, a bala, niyə məsafə saxlamırsız, qorxmursuz virusdan? Söz kar etmir ki! Girir ağzımın içinə, deyir, bekar qalmısan e, xala! Çox pis xasiyyətlərimiz var. Birdi, ikidi bəyəm! Deyirəm, Mirzə, görəsən karonavirusdan sonra bu vərdişlərimiz gedəcək, ya qalacaq? Səncə, bunun vaksinin tapa bilərik?
- Nə bilim? (Vallah, bilmirəm, billah, bilmirəm!)
Arvad yenə küsüb getdi.. .
Kamran Nəzirli
5 may 2020-ci il
qadinkimi.com