SÖZgəlişi
Mən ustayam, ev tikirəm. İndiki dillə desək, evi tikib "pod mayak” təhvil verirəm, pulumu da alıram. Qalan işlər evin sahibinin boynuna düşür. Yer üzünə karonavirus düşəndən mənim də müştərilərim yoxa çıxıb. Əlim lap aşağıdır, daha doğrusu, evdə pul qurtarıb. Hamısını yeyib-içməyə vermişik. Amma ümid var hələ, çünki iki-üç nəfər üçün ev tikmişəm, hələ pulumu verməyiblər; sahibkarlardan biri Hacıdır, söz vermişdi ki, ayın axırında maaş olacaq. Karantin araya girdi deyə, ondan da səs-səmir kəsilib. İndi oturmuşam evdə, dilxorçuluqdu. Evdə pul olmayanda adamın qanı da, günü də qara olur. Arvad da bir yandan deyindisə, deməli, işlər lap fırıqdı.
- Bə bu beş-altı günü necə dolanacağıq? – arvad hirsli-hirsli üzümə baxdı. – Kimin qapısını döyək?
Dilim dinc durmadı.
- Darıxma da, Allah kərimdi! Qoy bu ölməmiş virus itilib getsin də! Bir də görəcəksən ki, kimsə zəng vurdu və borcumu qaytardı...
Söz ağzımda qaldı, arvad tələm-tələsik dedi:
- Ədə, elə indi dur, özün zəng vur, özün istə...İşləmisən, pulunu versinlər də...
- Necə zəng vurum e... Həcıdi... Deyib verəcəm...
- Yox, istəməsən verməz! Noolsun Həcidi.... - arvadım birnəfəsə dedi.
Dinmədim. Qızım bayaqdan telefonda virus barədə təzə xəbərləri oxuya-oxuya həyəcanlanırdı, bizə söz atdı:
- Çölə çıxmayın, bazara getməyin! Sizə axı dedim - bir həftəlik azuqə alın!- atmacalarıyla narahatçılığını bildirdi.
Mən də səssiz-səmirsiz içimlə danışıram, hərdən təbəssümlə onlara baxıram, gah gedib kitab varaqlayıram, gah kompüterimlə əlləşirəm, gah da televizoru açıb baxıram. Bir sözlə, özümə müvəqqəti də olsa, təsəlli vasitələri tapmışam.
Mən öz aləmimdə, qızım da öz aləmində idi; arvadım bir neçə dəfə mətbəxə girib-çıxandan sonra yenə gəlib oturdu yanımızda; altdan-altdan fikir verirəm - nəsə demək istəyir, demir, nəsə, elə bir söz demək istəyir ki, ikimiz də diqqətimizi ona yönəldək, deyəsən, ürək eləmir... Birdən tutuquşu kimi açıldı:
- Xalxın kişiləri... qapıdan qovurlar, pəncərədən girir...Tələb edirlər, istəyirlər, yalvarırlar...İş görmüsən, ged haqqını tələb elə də! Zəng vur, dəng elə!
Denən, pulumu ver...Qır-saqqız ol, əl çəkmə! Nədən utanırsan? Bəyəm, dünya dərəbəylikdi? İndi oturub ayın sonunadək barmağımızı soraq? Dur, dur, Həciyə zəng vur...
- Ata, düz deyir də, nədən utanırsan? Zəng vur da, denən ki, fəhlənin pulunu təri soyumamış verərlər. Öz sözündü...Özün demirdin ki, gərək...- qızım da anasının tərəfini saxladı.
- Qızım... Səbr elə... Axı necə deyim?
- Necə yəni, necə? De ki, Həcı, pulumu ver!!!
Ana-bala uzun çək-çevirdən sonra axır ki, məni "yoldan” çıxartdılar. Utana-utana, çəkinə-çəkinə Həcının telefonunu yığdım. Arvadım və qızım yanımda oturub diqqətlə qulaq asırdılar.
- Həcı, salam...
- Ay aleyküm-salam!
- Nə var, nə yox, ay Həcı? (Arvadım göz-qaş atır, qızım him-cim edirdi: yəni, keç mətləbə!)
- Sağlıqdı, usta! Sizdə nə var, nə yox?
- Bizdə də... salamatçılıqdı, Həcı... Sən neynirsən?
- Karantindəyəm, neynəyəcəm? Çöldə virus var...
- Hə, hə, dünyanı virus basıb... Ay Həci, sənin neçə yaşın var?
(Bu anlarda arvadımla qızımın üz-gözündən elə zəhrimar yağdı ki, özüm də qorxdum və Həciyə nə üçün zəng vurduğumu unutdum!)
- 65-dən çoxdu... Necə bəyəm? Evdən bayıra çıxmıram...
- Həə, həə, düz edirsən, evdə qal, evdə qal...
- Usta, elə sən də evdə qalsan yaxşıdı...
- Yaxşı, sağ ol, sağ ol...
- Sən də sağ ol....
Telefonu söndürəndən sonra arvad od püskürdü:
- Ədə, budu sənin pul istəməyin? Heç hənanın yeridi? Evdə qal nədi? Elə evdə qalmışıq da... Yox bir, evdə qal, salamat qal...Vallah, sənin 60 yaşın var, altmış qəpiklik ağlın yoxdu...
- Altı qəpiklik də olsa, yetər! Təki salamatçılıq olsun...
Qızım xımır-xımır gülümsəyib öz otağına girdi. Arvadım mətbəxə, mən də ümidlə kompüterin arxasına. Ayın axırında Həcidən səs çıxar inşallah!..
26 mart, 2020-ci il
Kamran NƏZİRLİ
qadinkimi.com