YAZI / DÜŞÜNCƏ
Ən çətin iş sevimli ər olmaqdı - Kamran Nəzirli yazır Tarix : 21 Oktyabr 2024, 10:35
1. Heç kəsi ("heç nəyi" yox!) tənqid etməyin, inanın ki, həyatınız və qəlbiniz rahat olar. 

2. Qoy gənclər özlərini "dahi" saysınlar, gözəl hissdir, mane olmayın, zaman gələcək, deyəcəklər: "mən nə qədər axmaq olmuşam!"
 
3. Yıxılan ağacın altında qalmayın.
 
4. Təcili yardım gəlməmiş yaralını xəstəxanaya qədər sürüdülər və o, öldü.
 
5. Sözü doğulmamış qanadlı etmək hər ustanın işi deyil, bunun üçün gərək susmağın və danışmağın yerini biləsən.
 
6. Dörd şey var ki, şan-şöhrətə mane olmur: axmaqların qarşısında susmaq, ağıllı sərkərdənin qarşısında baş əymək, filosofların məsləhətinə qulaq asmaq, qadınlara hədiyyə vermək. 
 
7. Sevgini heç kim öldürə bilməz, özündən başqa.
 
8. Uşağı vurma, vurdunsa, dərhal sığalla.
 
9. Qadın göz yaşıdır - acısı da olur, şirini də.
 
10. Kasıb məmləkətdə oğrular çox olar.
 
 
11. Gözəl olmaqla xoşbəxt olmaq fərqli şeylərdi; birinci "xoş bəxt" deməkdi, ikinci - gözəl bəxt...
 
12. Hamıda və hər şeydə güc var, heç nə gücsüz deyil, hətta qarışqalar da yuva qura bilirlər.
 
13. Lalın qəlbindəkiləri heç anası da bilməz.
 
14. Qadının nazı ilə oyna, uşağınkıyla yox!
 
15. Sevimli qadın olmaq çox asandır, ən çətin iş "sevimli ər" olmaqdır.
 
16. Ədalətlə bərabərliyi tərəziyə qoymaq ən böyük ədalətsizlikdir. Bu dünyada heç nə və heç kim heç vaxt bərabər olmayıb və olmayacaq. Bərabərlik yalnız işarədir (=), vəssalam.
 
17. Elə bilirsiniz düz yolda təhlükələr yoxdur?
 
18. Qadını inandırmaq o qədər sadə və asandır ki, onu ələ almaqda bircə dənə də olsun düzgün yol yoxdur, yalançı imkanlar isə saysız-hesabsızdır.
 
19. Şöhrətli olmağın yolları çoxdur, ən etibarlısı qadına qarşı xəsislik etməməkdir.
 
20. Qadın gözləriylə danışırsa, ondan uzaqlaşmaq, qəlbiylə danışırsa, ona yaxınlaşmaq lazımdır. Kişilərdə bu hal tərsinə baş verir.
 
21. Ehtiyac təkamülün anası ola bilməz, onların heç bir əlaqəsi yoxdur: birincisi dağıdır, ikincisi yaradır.
 
Xüsusi olaraq Qadinkimi.az/com üçün