SEVGİ
Kamran Nəzirli: Mənim sevimli yaddaşım Tarix : 03 Aprel 2021, 21:45

Hospitaldan evə dönən qazini qarşılamağa gəlmiş məhəllə uşaqları üçrəngli bayraqları yellədə-yellədə şənlənir, gah tək-tək aramla, gah da hamısı birağızdan qışqırırdı: "İgid əsgər, səninlə qürur duyuruq!”, "Qarabağ-Azərbaycandır!”, "Qazimizə eşq olsun!”, "Şəhidlər ölməz, Vətən bölünməz!”. Xəfif, lakin təptəzə ovqatla nəfəs alan camaat, qonum-qonşu, qohum-əqraba arasında başı bəyaz örpəkli bəstəboy bir qız da vardı; o, gülmürdü, qışqırmırdı, izdihamın arxasında, qonşu arvadların yanında sıxıla-sıxıla durub əl-qol açanlara baxır, arabir xırda yumru burnundan sürüşüb boyasız dodaqlarının altına düşən ağ maskasını düzəldirdi. Maskanın üstündə görünən gözlərinin işığı sanki çoxalmışdı, son aylarda yuxuya getmiş baxışlarının təbəssümü də oyanmışdı. Sürüşkən və əxlaqsız dünyayi-aləm pandemik virusa tutulandan kənddə də adamların sıx toplaşdığı yerlərdə maskasız çölə çıxmağa icazə verilmirdi. Amma bu gün tək-tük adam maska taxmışdı; camaat maska hayında deyildi, kənd qəhrəman qazisini qarşılamağa gəlmişdi.

Qıraqları qırmızı güllərlə naxışlanmış qara örpəkli qadının səliqəsiz gümüşü birçəklərini, sevinc dolu şişmiş gözlərinin parıltısını görmək, həm də o fəxarətin göz yaşları və hıçqırıqlar içində boğulduğuna sakitcə baxmaq mümkün deyildi, adamın ürəyi kabab olurdu. Qadın qazinin anasıydı, əllərini uzadıb hamının üzünə məsum uşaq kimi gülən oğlunun boynunu qucaqlayırdı. Evə yaxın adamlar da bir-birinin ardınca oğlanı qucaqlayıb öpürdülər. Kimsə əllərini kəndin tərtəmiz göylərinə (kənddə yer də, göy də təmizdi!) tutub dua elədi:

-Çox şükür! Buna da şükür, Pərvərdigara! Ay Məsmə, oğlun evinə döndü, sağ-salamatdı!

Darvaza taybatay açıq idi; boz rəngli "Volqa" adamla dolu həyətin içinə girmişdi. Yaşıl dağların ətəyinədək uzanan örüş sahəsindən hündürboylu saqqalı kişi (görünür, evin yaxın adamıydı!) boynuna qırmızı lent bağlanmış erkəyi ərklə maşına tərəf, qazinin ayaqları altına sürükləyirdi. Qış günəşinin həyət-bacanı yalayan ilıq şəfəqləri qoçun gözlərini işıldadırdı; heyvanın baxışlarından od tökülürdü, ya da, bəlkə qurbanlıq olmaq istəmirdi deyə, saqqallı arıq kişini gücə salmışdı. Nəhayət, qoç kəsildi, yaşlı arvadlardan biri barmağını qana batırıb qazinin alnına sürtdü, kimsə üzərlik də yandırdı, tüstülü və ətirli qoxunu oğlanın üzünə püflədi. O, isə gülürdü, hamıya gülürdü, elə bil on doqquz ildə ilk dəfəydi bu evə qədəm basırdı, bu qədər adam görür, səs-küy eşidirdi.

Qonşu arvadlardan biri maskalı qıza tərəf çöndü.

-Yazıq Məsmə! Belə də dərd olar?! Yenə şükür Allaha ki, əl-ayağı üstündədi. Deyir, yaddaşı da get-gedə düzələcək...

-Əlbəttə, əlbəttə, - qız əmin pıçıltıyla cavab verdi.

-Vallah, mən heç inanmıram, - soyuqdan büzüşmüş o biri qonşu da söhbətə qarışdı. – Deyir, həkim qalmadı gətiriblər, xeyri də olmayıb. Görmürsən adamlara səmə kimi baxır?! Yaddaşın itməyinin əlamətidi də.

Bir qədər aralıda qara maska və eynək taxmış cavan qadın yanındakı qalstuklu bələdiyyə nümayəndəsinə ucadan deyirdi:

-Bilirsiz, Mamed müəllim, unutqanlıq adətən qocalara məxsus olur. Onlar çox vaxt həyatın ağrı-acılı xatirələrini cavanlıqdan özləriylə gələcəyə daşıyırlar, yaşa dolanda beyindəki yaddaş hüceyrələri bu yükə tab gətirmir…

Ağ maskalı qız dərhal geriyə boylandı: gördü ki, bələdiyyə işçisi bütün diqqətini izdihama yönəltsə də, guya qadını anlayırmış kimi başını elə hey tərpədir; qadın təxminən otuz-otuz beş yaşlarında olardı, kənd adamı deyildi, görünür, şəhərdən gəlmişdi. "Çüləyə də oxşayır! İnan Allaha, əynində qara isti gödəkçəsi olmasa, deyərdin bəs, illərdi çörək yeməyib!” Ağ maskalı qız qulaqlarını pişik kimi şəkləmişdi.

-Əlbəttə, çoxsaylı səbəblərdən biridi bu,- yad qadın davam elədi.- İlham Teymurovun durumu bambaşqadı. Bəlkə də hələlik belə yaxşıdı - beyin bir müddət sakitləşər; axı gəncdi, gənclərin unutmağa ağır yüklü xatirələri olmur. Onlar yaddaşlarını pis şeylərdən təmizləyib gələcəyə yaxşı xatirələrlə getməlidi…

 

Qızı həyəcan qarışıq maraq bürümüşdü. Az sonra o, "Niva”ya minib izdihamdan uzaqlaşan bələdiyyə işçisiylə qara maskalı yad qadının dalınca (kim bilir, hansı hisslərlə!) uzun müddət baxdı.

 

Həyətin nisbətən sakit guşəsində isə qazi atası daha ciddi işlə məşğul idi, yerli televiziya kanalının müxbirinə müsahibə verirdi.

-On oğlum olsaydı ha, vallahi-billahi, onunu da göndərərdim, təki torpaqlarımız azad olsun, otuz illik həsrətimiz sona yetsin…

-İgid oğullarımızın və şəhidlərimizin qanı bahasına qələbə çaldıq, - dizləri yırtılmış cins şalvarlı müxbir qız ataya fikrini tamamlamağa aman vermirdi. - Oğlunuzun müalicəsi üçün "Yaşat” fonduna müraciət edəcəksiz?

-Yox, ay qızım, - görünür, ata sualın mənasını anlamadı, tələsik cavab verdi. – Sağ olsun hökumətimiz və həkimlərimiz, əllərindən gələni elədilər. Kənd uşağıdı, canı bərkdi, heç nə olmaz. Allah qoysa, yaddaşı da düzələr!

·

Noyabrın üçüncü günü Şuşa yolunun üstündə onun beş addımlığında rus mərmisi partladı; qəlpələr bir neçə yerdən bədənini dəlik-dəlik eləmişdi, ən iri qəlpə başına girmişdi. Və bundan sonra o, heç nəyi xatırlamadı: döyüş yoldaşının çiynində səhra hospitalına gəlməsi, ilk yardım, vertalyotla Bakıya uçması, hospitalda tibb bacısının "aparın morqa, ölüb!” kədərli-kədərli başını bulaması, nəhayət, türk cərrahının dəhlizdə təsadüfən ayaq saxlayıb onun biləyindən yapışması, xərəyi aparanlara "durun! geriyə, cərrahiyyə otağına aparın!” deməsi də yadına düşmürdü. O, bir neçə əməliyyatdan sonra da ayılmadı, komaya düşmüşdü.

Düz qırx gündən sonra gözlərini açanda bütün hospital bayram elədi. Hamı sevinirdi, amma sevinc çox uzun sürmədi, məlum oldu ki, yaralı heç kimi tanımır, heç nəyi xatırlamır, nitqində qüsur yaranıb. İzmirli beyin cərrahı ataya dedi:

-Ölümcül vəziyyətdən çıxan xəstələrin əksəriyyətində belə hallar olur, tədricən yaddaşı da qayıdar...amma qayıtmaya da bilər!

·

Həmin gündən ailə çox qarışıq duyğularla yaşayırdı; sevinc, qürur, kədər, ümid, təəssüf, ağrı, əzab, bəzən inam, bəzən isə bütün dünyanı qarğıyan ah-nalə ailəyə, illah da anaya dinclik vermirdi. Bu o zaman baş verdi ki, oğlu onu tanımadı; elə hey hamıya gülür, gah gözlərini tavana zilləyir, gah qırıq-qırıq səslər çıxarır, sayıqlayır, gah da uyuyur, saatlarla yatırdı.Qəribə buydu ki, belə vaxtlarda Məsmə erməni analarına yox, rus analarına qarğış edirdi. Görünür, arvadın başı çöyrükmüşdü, Ay işığına havıldayırdı. Yerli qəzetlər, saytlar isə qazidən yazırdı, onun döyüş şücaətindən, orden və medallarından xəbərlər yayırdılar. Axır ki, ata-anasını tanıdı, daha heç kimi və heç nəyi xatırlaya bilmədi. Harda və nə üçün olduğunu belə unutmuşdu, yaxın keçmişini də unutmuşdu. Vətən müharibəsini, gözləri önündə şəhid olan dostlarını, düşmən tanklarını və səngərlərini darmadağın etməyini, azad etdikləri rayonlarda üçrəngli bayraqların dalbadal sancılmasını, döyüş dostlarının hər zəfər sevincindən çığırıb dövrə vura-vura rəqs etməsini, oxumasını...hər şeyi və hər kəsi unutdu.

·

Hay-küylü təntənədən sonra qaş qaralar-qaralmaz el-oba dağılışdı. Kənd qışın son gecəsinin aydınlığından doğan həmişəki qulaqçəkən sükuta qərq oldu.

·

Qırmızı kirəmitli aynabəndli ev Lovayın gölünə baxırdı, dədə-baba qaydasıyla tikilmişdi. Ailə varlı deyildi, dünyanın gündəlik qayğılarından qopa bilməyən milyon-milyon adi kəndli ailəsindən biriydi. Evin arxa hissəsində təpəliklərin ətəyinə dirənən təxminən dörd sotluq sahədə sitrus bağı salmışdılar. Hər il qış girər-girməz bağdan yığılan meyvələri rayon mərkəzindən gəlib topdansatış qiymətə aparırdılar. Ailə satılan məhsuldan gələn gəlirlə tələbatını ödəyirdi. Hələ müharibədən bir neçə ay əvvəl oğlunu hərbi xidmətə yola salanda ata öz öhdəliyini dəqiqləşdirərək arvadına demişdi:

- Meyvə bol olsa, həyətin bir küncündə İlişçün ev tikərik, sonra evləndirərik. Darısqal evə gəlin gətirmək olmaz.

- İnşallah! -Məsmə razılığını bildirmişdi.

·

Qazi üçün pəncərəsi dağlara baxan sağ tindəki kiçik otağı ayırmışdılar. Bacılarının üçü də orta otaqda yatırdı, ata-ana mətbəxə bitişik otaqda yerləşmişdi. Evin qabağındakı çox da geniş olmayan şüşəli artırma qonaq otağını əvəz edirdi. Adətən ailə daha çox burada vaxt keçirirdi.

·

Bazar ertəsi səhər evə yerli bələdiyyənin sədriylə birlikdə həkim-psixoterapevt gəldi.

-Xoş gəlibsiz! Allah köməyiniz olsun! Uşaq elə bil qış yuxusuna gedib. İndilərdə durar...Keçin içəri,- ana qonaqları içəri dəvət elədi.

-Narahat olma, Məsmə bacı! Əslində çox yatmağı yaxşıdı, - bələdiyyə sədri bilən adam kimi dedi, dərhal şəhərli qadını təqdim elədi: – Fəridə xanım Bakıdan gəlib, bir müddət bizim kənd xəstəxanasında işləyəcək. Könüllüdür...

-Çox xoş gəlib doktor xanım! - ata dedi. – Vallah, müharibə hamını əziyyətə salıb...Buyurun, uzaq yol gəlibsiz, yorğunsuz, dincinizi alın...

-Yox, yox, əziyyəti-filanı yoxdu, borcumuzdu. İlham kimi igid oğlanlarımızahər şey halaldı, təki sağalsın...

-Eh, ay doktor, mənim balam yaşamır, yox, yox, heç yaşamır! - Məsmə kövrəldi, arvadın şişkin gözləri yenə doldu. – Gecələr sayıqlayır, sözləri deyəndə çaşır, heç nəyi xatırlamır... heç kimi tanımır. Gələndən bircə dəfə "mama” deyib, vəssalam. Can bala, can, Allah elə məni öldürsün!

-Azz, yeri, yeri, çay gətir, qonağın yanında bizi biabır eləmə! - əri arvadınaçəmkirdi.

Bacılar yuxudan durmuşdular, üçü də aynabəndə girib təzə gələn gənc həkim qadına maraqla baxırdı.

-Nə gözəl qızlarınız var, Allah saxlasın! - psixoterapevt uşaqları süzdü.

-Gözəl gününüz olsun! - Məsmə tələsik mətbəxə yüyürdü. Yaşca böyük bacı anasının dalınca yürüdü. Bələdiyyə sədri qayğılı sərt sifətini bacılardan ən kiçiyinə tutdu, soruşdu:

-Sən niyə belə arıqsan, balaca? Çörək yemirsən?

Uşaq başını aşağı salladı, dinmədi.

-Adın nədir? – həkim uşağın qolundan tutub saçlarını tumarladı.

-Aytən. O da Aynurdu.

-Ay maşallah! Neçə yaşın var?

-Səkkiz! Aynurun on yaşı var! Aygünün isə on beş olacaq!

-Ay maşallah! Bütün məlumatlar səndədi ki! - bələdiyyə sədri güldü. - Aytən, məktəbə gedirsən?

-Yox, pandemiyadı. Polis icazə vermir...Aynur da getmir. Aygün anaya kömək eləyir.

Ata əlində içi meyvəylə dolu iri məcməyi aynabəndə girdi.

-Həyətimizindi, ötən ildən ağacda saxlamışam, - deyə portağal və narıngiləri işarə elədi. - Şəhərdən gəlmisiz, bir dadına baxın, beləsini oralarda tapmazsız, gübrəsizdi.

Fəridə narıngidən birini götürüb ürəksiz soymağa başladı, amma yemədi.

Çay mərasimindən sonra bələdiyyə sədri çıxıb getdi, həkim seansa başladı. Məsmə, əri və bacılar gözlərini ümidlə həkimə dikmişdilər. Fəridə ilk seansın uğursuz olduğunu evdəkilərə bildirmədi, dedi:

-Kəllə-beyin travması sizə zarafat gəlməsin. Düzgün danışa bilmir, tez-tez çaşır. Seansların xeyri olacaq, bir günlük iş deyil.

·

Seanslar davam edirdi. Artıq bir ay idi ki, xəstə "ana”, "ata” dan başqa söz bilmirdi, bacılarını tanımırdı; xalalar, dayılar, əmilər, bibilər elə bil heç əzəldən yox idilər; evə gələn tanış-bilişlər, qazinin keçmiş sinif yoldaşları, məhəllə uşaqları da xəstədən ayrılandan sonra başlarını bulayır, kədərlə deyirdilər:

-Yaddaşı çətin qayıtsın.

-Dərmanlar da xeyir eləmir, hamısı geydirmədi.

Kəndin yaşlı və çoxbilmiş qarıları isə ayrı cür düşünürdülər:

-Həkimdi, dərmandı - bunlar boş şeylərdi, balam. Türkəçarə...türkəçarə… Ya da uşağı apar, cəddinə qurban Seyid Ağanın yanına, gör necə düzələcək!

-Vallah, bu uşaq yaşamır! Keçmişi xatırlamırsa, deməli, yaşamır, bu günü də, gələcəyi də yoxdu!

-Kaş elə o da mənim nəvəm kimi şəhid olaydı… Mağıl bilərdik ki, o biri dünyada behiştlik yeri var! Yazıq uşaq, nə burda, nə də ordadı...Yaşamır, vallah, yaşamır! Belə həyat olmaz! – bunu da Molla Höccətulla şəhid nəvəsinin yas məclisində demişdi və söz gəlib çatmışdı Məsmənin qulağına. Arvadın gözünün yaşı qurumurdu ki!

·

Axır çərşənbəyə bir gün qalmış həkim növbəti seansını bitirib qazinin otağından məyus halda çıxanda Məsmə dedi:

-Doktor, daha əziyyət çəkməyin...bir aydan çoxdu yol ölçürsüz, xeyri də yoxdu. Nə uşağa, nə də özünüzə əzab verin.

-Nə danışırsız? Bu nə sözdü! Siz onu tez-tez təmiz havaya çıxarın, yaxşı qidalandırın, xeyri olacaq.

-Evdən çölə çıxara bilmirəm, sənə qurban! Özünə qapanıb! Bəs mən haranın külünü başıma töküm?!

·

Hətta Kitablar da qadınları biri birindən fəqləndirir. Məgər ulduzları müqayisə etmək olar? Olar, əlbəttə, olar. Şəhərli gənc qadın kənd xəstəxanasında onun üçün ayrılmış kabinetdə oturub düşünürdü. Ona elə gəlirdi ki, hətta əkiz qadınları da biri-birindən fərqləndirmək olar. Son vaxtlar Məsmə ananın atmacaları və söhbətlərindən sonra bu qənaətə gəldi ki, şəhər və kənd qadınları arasında mental fərqlər çoxdur; bəzən kənd qadınları sözü birbaşa deyirlər, çəkinmədən adamın üzünə qırmızı-qırmızı bozarırlar. Misal üçün, Məsmə hərdən nə danışdığını heç özü də anlamır, adamları incik salır. Hə, hə, elə onun özünün də psixoloji vəziyyəti yaxşı deyil. Bəlkə də Məsmənin yerində kim olsaydı, ondan da betər olardı… Yox, bəlkə də elə deyil! Biz çox oxuyuruq, onlar - çox bilirlər! Əslində belədi!”. Belə vaxtlarda Fəridə özünə də acığı tuturdu; o, psixoloji müalicə üsullarının nəticə vermədiyindən pərişan olmuşdu. Bu gün psixoterapiyaya ehtiyacı olan qazilərimiz azmıdır? Onların hərəsi bir fərddir, hərəsinə də eyni cür yanaşmaq olmur. Bəzən Fəridəyə elə gəlirdi ki, müharibədən əvvəlki həyatla müharibədən sonrakı həyat heç bir halda bir-birinə bənzəmir. Müharibə həyatın astarını üzünə çevirir. Elə o özü də sanki qəfil qopan şəhər küləyinin yırğalayıb kəndə tulladığı adam olub. Axı o, qalib ölkənin qalib həkimiydi, özü də yaxşısından. Bəs nədən qazini sağalda bilmir? Onun müalicə üsullarının heç biri işə yaramır. Yox, elə günü sabah çıxıb gedəcək burdan!”

Gənc qadının başında fırlanan dolaşıq fikirlərin içində qəflətən peyda olan suallar da az deyildi; bu suallar son günlər şəhid tabutları başında anaların ağzından qopan fəryadların üstünə sanki nöyüt tökürdü və bir anlıq Fəridəyə elə gəlirdi ki, hər yan onun içi kimi yanır, alovlanır. Axı biz müharibəni udmuşuq! "Məgər müharibəni udanın qanı axmır? Məgər qalib şəhid vermir? Məgər qalibin qazisi, igidi, qorxağı, satqını, ağrı-acısı olmur? Müharibədən əvvəl bunları ağlına belə gətirə bilməzdin, çünki sən haqq savaşına gedirdin - gülə-gülə, böyük coşquyla, ruhunla, bütün qəlbinlə düşməni ocağının başından qovmağa gedirdin. Sənin buna haqqın vardı və sən o HAQQI qazandın. Sonra həyat bambaşqa olur – qazandıqlarına yox, itirdiklərinə yanırsan. İllah da ki, itirdiklərin arasında əziz insan ola! Mən o qazinin anasını da qınamıram. Kim deyir ki, müharibə insanı bərkidir, gözünün içinə kimi yalan deyir. Kim deyir ki, müharibə həm də daxili dinclik, rahatlıqdı? Nə dinclik, nə rahatlıq? Düşmən hələ ölməyib…”

·

Günlər uçduqca qazinin halı daha da pisləşirdi; Məsmə oğlunun sınıxmış vücuduna baxır, göz yaşlarını saxlaya bilmirdi. Bəzən elə anlar olurdu ki, arvad havalanırdı, həyət-bacanı dolaşır, gah özündən çıxıb qızlarını, gah evə gəlib-gedən adamları sancır, gah da dizlərinə döyüb hönkür-hönkür ağlayırdı. Əri arvadını sakitləşdirmək üçün deyirdi:

- Uşağın yanında ağlama! Özünü ələ al, camaatın uşaqları şəhid olub, səninki sağ-salamat gəlib. Hamı bizim oğlumuzun igidliyindən danışır, hökumət ona orden-medal verib, qəzetlər, televiziyalar ondan danışır. Bizə bəxtəvərlik oxuyanlar da var...

- Neynirəm o bəxtəvərliyi! Kaş oğlum qolsuz, ayaqsız gələydi, amma yaddaşını itirməyəydi.

Ər-arvad arasında belə söhbətlər tez-tez olurdu.

Kənddə Məsmə kimi düşünən arvadlar az deyildi. Şəhid anaları da təxminən eyni cür fikirləşirdilər. "Zarafat deyil, kiçik bir kəndə on iki şəhid gəlib. Onları müharibəyə elə həmin analar yola salmışdı və hamı "südüm sənə halal olmaz, sən baş əysən düşmənə!” deməmişdimi? Hə, demişdi! Onlar da şəhid oldular, amma qalib kimi qayıtdılar. Ana özü Fəridə həkimə danışırdı ki, həmin o Molla Höccətullanın nəvəsinin üçrəngli tabutunu anası çiynində aparmışdı məzarlığa. Elə öz baldızının kürəkəni də şəhid olub, onu da elə öz xanımı çiynində aparıb basdırmağa…”

·

Hər dəfə Fəridə qazinin evindən qayıdandan sönra xeyli götür-qoy edirdi - şəhərə qayıtsın, yoxsa qayıtmasın? Birdən-birə ürəyi sıxıldı, durub pəncərəni açmaq istəyəndə qapı arxasından səs eşitdi.

Kimsə qapını ürkək-ürkək döyürdü. Gənc qadın içindəkilərdən qopub səsə boylandı, bir anlıq susdu. Qapı yenə astaca döyüldü.

-Kimsən? Gəl içəri…- ucadan səsləndi.

-Doktor, salam. - içəri girən solğun bənizli bəstəboy qız dilləndi. –Bağışlayın, sizi narahat etdim. Sizinlə vacib söhbət üçün buraya gəlməyə cürət elədim.

Həkim təəccübünü gizlətməsə də, qızın xoş və gözəgəlimli siması ona qarşı mülayim rəğbət oyatdı, qadının marağı artdı.

-Buyurun, eşidirəm.

-Mənim adım İlahədir.

-Çox gözəl, İlahə. Nə məsələdir? Probleminiz var?

-Şəxsi məsələdi, Fəridə xanım…

Sükut otağı bürüdü. Baxışlar toqquşdu.

-Bilirsiz… mən… demək istəyirəm ki…deyirəm, adam çox sevdiyi şeyi unuda bilmir…

-Hə, elədi…elədi…

-Mən…. mən… onunla bir sinifdə oxumuşam. Biz…….biz…bir-birimizi sevirdik. O, əsgər gedəndə…. mənə demişdi ki…

Qız yenə susdu. Onlar bir müddət beləcə baxışdılar. Fəridənin gözlərinə birdən-birə işıq gəldi, baxışları təzələndi, təranə kimi uçmaq istədi…Bu anlarda elə bil ona qiymətli hədiyyə bağışladılar, şirin və həvəsli hövsələylə onu açmağa çalışırdı.

-İlahə, başa düşürəm, çox yaxşı anlayıram səni.

-Sağ olun. Bilmək istəyirəm, o necədi, ümid varmı?

-Bəs özün niyə gedib soruşmursan?

-Necə gedim axı? Anası məni istəmir…bilirsiz…istəmir məni. Oğluna öz qardaşı qızını gözaltı eləmişdi, o da özgəsinə quşulub qaçdı…Amma biz biri-birimizi sevirik… vallah, ürəyimə damıb ki, məni görsə…

Yenə baxışlar səssiz-səssiz toqquşdu. Araya dərin sükut çökmüşdü, heç kim onu pozmaq istəmirdi. Fəridə nə düşündüsə, gülümsəyərək iti addımlarla qıza yaxınlaşdı, qətiyyətli səslə dedi:

-Sabah özüm səni aparacam. Gələrsən mənimlə?

-Gələrəm…

·

Bayramın birinci günü səhər həkimlə İlahə həyətə girəndə Məsmə üz-gözünü turşudub ərinə dedi:

-Bu niyə gəlib?

-Gəlib gəlib də, özümüzünküdü…qovmayacaqsan ki?!

 

Qazi onları görən kimi yerindən sıçradı, gözlərini xeyli ovuşdurdu. Elə bil başında qəflətən ildırım çaxdı, canı gizildədi, damarlarından cərəyan keçdi, gözlərindən qığılcımlar çıxdı.

- Gör kim gəlib?! – həkim gülümsədi.

- İlham, məni tanıdın? - İlahə maskasını çıxarıb Fəridədən qabaq irəli yeridi, oğlanın qarşısındakı kətilin tuşunda durdu.

Qazi gözlərini qıza zilləmişdi; o baxışlar yavaş-yavaş alovlanırdı, yumşalırdı, əriyirdi; qız mavi don geyinmişdi, uzun qara saçlarını məktəbli kimi iki yerdən hörükləmişdi. Hörüklərin ucuna ağ lent vurmuşdu, əlində köhnə məktəbli çantası vardı, elə bil indicə dərsdən çıxmışdı. O, çantasını aça-aça həyəcanla:

- Bax gör sənə nə gətirmişəm?!- deyə çantanın içindəkiləri bir-bir çıxarıb kətilin üstünə düzdü: qıraqları bənövşəyi güllərlə naxışlanmış süd rəngli kəlağayı, çəhrayı gün eynəyi, üstündə "Baxçasaray” yazılmış turk ətiri, şəkil düzmək üçün rəngli, balaca albom, əl boyda kağızda yazılmış məktub, bir də ağ mirvari dənələrinin səf-səf düzüldüyü yalançı boyunbağı…

Oğlan həyəcanlandı.

-İlahə!

Qız onun əlindən tutub sıxdı.

-Nə yaxşı tanıdın!

-Səni unutmaq olar?

- İlk sevginin yaddaşı güclü olur...

- İlk və son sevginin…- oğlan dərhal düzəliş elədi.

- De görüm, əsgərliyə gedəndə məktəb kitabxanasında mənə nə demişdin?

- Söz... demişdim... Sözüm sözdü...

Qız yan-yörəsinə məhəl qoymadan oğlana sarıldı, onun göz yaşları oğlanın boynunu isladırdı.

-Mənim sevimli qazim! Yadına düşürmü hər şey?

Oğlanın bütün vücudu əsirdi, az öncə başında çaxan ildırımlar elə bil yox oldu, indi beyin hüceyrələrinə sanki narın-narın yağış çisəyirdi. O qızın belindən bərk-bərk yapışmışdı, buraxmaq istəmirdi.

-Hər şey yadıma düşür: son zəngdə bu mavi donu geymişdin, sənə bağışladığım bu şeylər də yadıma düşür. Nə yaxşı saxlamısan! Aman Allah, xatırladım: məktəbə getməyimiz, qartopu oynamağımız, evinizin arxasındakı palıdlıq, əsgər getməyim, müharibə, sənə yazdığım məktub, dostlarım, Şuşa yolu... Aman Allah! Sən yenə əvvəlki kimi sevimlisən!

-Sən də!

Qız göz yaşları içində gülürdü. Şəhərli həkimin halı qarmağa ilişən balığın qopub təzədən suya düşməsinə bənzədi; o, ayaqları ucunda sakitcə və arxayın-arxayın otaqdan çıxdı. Pəncərə şüşələrini ilk yaz yağışı döyəcləyirdi.

 

 

 


Kamran Nəzirli

Bakı, 28 mart 2021-ci il