Onu tanıyanda heç bir yazısını oxumamışdım. Sadəcə həmişə tələsən, işgüzar, nəsə etməyə can atan, hökmən yenilik etmək istəyən bir görkəmi vardı mənimçün. Və sadəcə bilirdim ki, maraqlı yazılar yazır. Özü də maraq oyadır insanda. Sonra maraqlı yazılarını oxudum: onun istedadlı olduğunu gördüm. Onun haqqında söz demək keçdi ürəyimdən.
Necə yazmağa başlayıb? Nə vaxt yazmağa başlayıb? Bəlkə"Mən necə yaşamağa başladım" deyəndə. "Başımın üstündə göy, ayağımın altında torpaq, içimdə arzular elə peşəkarcasına sərilmişdi ki... "Bəlkə bunu hiss edəndə, anlayanda. "19 yaşında atamı itirdim və onun əvəzinə kişi olmağa başladım"Bəlkə onda - dünyaya böyük kişi gözü ilə baxmağa başlayanda? Düşünərsiz ki, kişi olmaq üçün 19 yaş az deyil. Amma ətrafında olanları,qalanları duymaq üçün elə də çox deyil. Amma 35 cümlədən ibarət kiçik hekayədə səkkiz insan həyatını məharətlə vermək üçün də çox deyil. Bu "Belə"di. Bütün bunları - səkkiz nəfərin həyatını doqquzuncu - baş qəhrəman rəssam kimi yaradıb bircə tabloda. "Belə"-də. Əslində mən də dəqiq deyə bilmərəm: necə və nə vaxt yazmağa başlayıb. Bəlkə heç kəs deyə bilməz, heç özü də. Amma anlayır Alik yaşadığını, yaşayanları, yaşamayanları. Anlayır ki,
"Ümiddi insan yaşayan evlər. Harda insan nəfəsi varsa, ordan ümid qoxusu gəlir."
Həyatı, ölümü, sevgini, sevinci, günahı, daha nələri...anlayır özü kimi - gözəl anlayır. Onun hekayələri həcmcə kiçikdi. Amma elə "kiçik"diki, böyük insan faciəsini göstərə bilir: "Ev və qadın", "Jaket", "Həyat fraqmentləri", "Günahkar" və s.
"Küçəyə baxan dəmir barmaqlıqlar o qədər yuxarıda idi ki, azadlığı görmək mümkün deyildi.. Adamların arasında qaldı, bir az da kiçildi. Kiçildi və yanından yüzlərcə o cür gözəl və əxlaqsız qadınlar keçdi. Bayaq yatağında olduğu qadın yanından ötən yadların sayı qədər yadlaşdı. "Təbiiki qadın əxlaqsızlığından danışmır Alik. Adamın adamlar arasında kiçilməyindən, yəni bir-birimizi önəmsəmədiyimizdən, yadlaşmağımızdan, bəzən əxlaqsızlığa gözəl don geyindirməyimizdən, bəzən də əksinə, gözəlliyə dəyər verməməyimizdən, onu çirkaba bulaşdırmaq həvəsindən söz açır. Və "Günahkar"da məhv olan insan cəmiyyətindən, insanların-adamların günahından danışır": - Onu şəhərdən qovun, əxlaqsızdır. Bir gün hamını yoldan çıxaracaq.
Amma kim idi o? Heç kim bilmirdi... Hamı bir-birinə nifrətlə baxır, hamı həmin əxlaqsızı bir-birinin içində, bir-birinin gözlərində görürdü". Məncə özümüzə baxmağa, özümüzü görməyə yetərli bir çağırışdı. Burda bu gəncə-bu yaradıcı gəncə təşəkkür etməyə bilmirəm. Ən azından bir nəfərin bunu anladığına əminlik yaratdığı üçün. "Gəncliyin üsyanı" şeirində hamıya ünvanladığı misralar da bu əminliyin davamıdı:
Nə çox kiçik, nə çox böyük...
İnsan boydaca olaq, İNSAN boyda.
Əslində biz elə insan boyda olmalıyıq-sadəcə insan olmalıyıq. Alikin dediyi kimi" içimizdə ölüb qalan doğmalıq" olduqca "üzümüzdə kədər, içimizdə qorxu" olacaq. Heç kim qarşısındakının, yanından ötüb keçənin onu öldürməyəcəyinə inanmayacaq. Və hamımız günahkar olacağıq. Hamımız. ADNA terrorunun qurbanlarına yazdığı "Sabah olmayacaq" yazısında olduğu kimi "günahsız görünsək də:
"İnsanların günahları biz onları günahlandırdığımız ölçüdədi.
...Bu gün hamı günahsız görünürdü.
O inandı. İnandı ki, bu gün hamı günahsızdı, hamı tərtəmizdi, hamı məsumdu..."
İnandı və sabah olmadı... Yəqin insanlara günahsız olmağı arzulayır Alik.
Və bunu anlasaydıq bir gündə bu qədər gənc bir terrorun qurbanı olmazdı...Müharibələrə, dini cəkişmələrə "Dur" deyə bilərdik. Çünki Alikin "Həyat fraqmentləri"ndəki kimi "Analar yazıqdılar. Ölənlərin də, öldürənlərin də anası yazıqdı". Hər gün bir-birimizi məhv etməzdik. Və"QADIN VƏ S" şeirində dediyi kimi bir sual dayanmazdı qarşımızda:.
Bütün dustaqların bir mövzusu var
Yeni həyata necə başlamaq
Harada kiminlə...
Və özümüzü bu doğma torpaqda, bu doğma şəhərdə "Yad ŞƏHƏRDƏ" sanmazdıq. Və ağrılı bir ehtiyac yaşamazdıq:
Elə doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən .
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən.
Və sən bu doğmalığı - bu doğma adamı gözləyirsən əmin olduğun, içinə çəkmək istədiyin doğmalığı "günlər uzanır və heç kəs gəlmir, sən bir-bir ölürsən.
Gözləmək ümiddi sonucda: nə fərqi nəyi, kimi gözləyirsən. Yəni səni yadlıqdan qurtaracaq bu nəsə-bu kimsə. Gözləyirsən bir-bir ölməyəsən deyə.
Alik bu ölümdənmi qorumaq istəyir bizi-insanları? Yəqin ki, elədi. Düzdü onun yazılarında, şeirlərində anlamadığım fikirlər də olur. Amma indi özünü dahi hesab edib də heç kimi bəyənməyən elə cavan yazarlarımız var ki, ümumiyyətlə nə, niyə və kim üçün yazdıqlarını müəyyən etmək olmur. Özləri demiş: "hamı üçün yazmırlar" və yəqin ki, kim üçün yazdıqlarını özləri bilirlər. Alik isə sadəcə yazır, çalışır, vuruşur, bizimçün yazır. "Qaraçı qadının günəşi"ndə qaraçı qadının "GÜNƏŞ mənimdi" ifadəsiylə deyir ki, hər birimizin içində bir günəş var- o bizimdi, hamımızındı - onu itirməyək.
- Mən yeni kinoyam davamım ümidsiz,
sonu kədərli- amma möhtəşəm.
Ümidsizdimi hər şey. Təbii sonu Ölümə bağlanan həyat kədərlidi- amma yaşaya bilsən Möhtəşəmdi. Sevilən, ən əsası seçilən imza olmaq ədəbiyyatda yaşaya bilməkdi elə. Hamı üçün sonu ölümdü həyatın, amma hamı üçün möhtəşəm olmur həyat. Alikə sadəcə bunu arzulayıram: Mən yeni kinoyam...amma möhtəşəm.
Və bir də...Bir də sonda bu misraları xatırladım: Tarixi eşələdim, mən yox idim. Xəritəyə baxdım, tapammadım...
Düşündüm. Düşündürdü yəni; illərdi ah-of elədiyimiz, arzuladığımız Bütöv Azərbaycanımı tapa bilməyib, bizimi, ya özünümü? İstənilən halda düşünməyə dəyər.
Hamımıza tarixdə qalmaq, xəritədə tapılmaq arzusu ilə...
Kamalə ABİYEVA
qadinkimi.com