Kabinetlərinizdə bayraq asıb qanun pozmamısız? - Vüsalə Ağabəyli yazır Tarix : 28 Noyabr 2020, 16:41
BDU öz yalnış qərarını ört-basdır etmək məqsədilə, hadisəyə fərqli donlar geyindirməyə başlayıb. Bir 18 yaşlı uşağa qarşı təşkilatlanıb bu cür hərəkətə keçmək ayıb deyil? O uşaq səhvini boynuna aldı, sizlərə isə çətin gəlir səhvinizi boynunuza almaq? VERDİYİNİZ QƏRAR YANLIŞDIR!!! Uşağın etdiyi səhvin özündən də böyük səhvdir!

Deyilsiz təhsil işçiləri, pedaqoq! Özünüzə haqq qazandırmaq üçün uşağın hərəkətini öz hərəkətinizlə müqayisə edəcək qədər cılızsınız. Bugün gənclər Pərvizin müdafiəsinə qalxmaq üçün eyni trendə qoşulublar. Bunun da günahkarı sizlərsiniz, onların hamısını sizlər uçuruma sürükləyirsiniz! Hansı burulğana atırsız bu gəncləri?

Bir azdan yazacaqsız ki, Pərviz əslində erməni kəşfiyyatçısı imiş, vətən xaini imiş, anasını erməni, atasını casus da çıxaracaqsınız. Əslində, dövlət əhəmiyyətli bir addım atmış kimi yanlışınıza don geyindirirsiz. Bəsdirin, bu sovetdənqalma oyunlarınızı tərgidin, ya da işləməyin. Səs toplamalar, öz ətrafınıza əqidədaşlar ordusu düzəldib müdafiə mexanizmi qurmalar. Kimə qarşı savaş açmısız, 18 yaşlı tələbəyə? 

Xırda bir hadisəni böyütməkdənsə, bircə kəlmə deyə bilərdiz ki, "bəli, Pərviz, səhv etmisən, üzrxahlığını qəbul edirik, çünki biz elm adamlarıyıq, pedaqoqlarıq, professorlarıq, sən uşaqsan biz böyüyük, eyni səhvi edə bilmərik, təhsilini davam et, gözümüz üzərində olacaq” vəssalam. Bununla da bitərdi, nə sosial şəbəkələrdə müzakirə olunardı, nə də nüfuzunuz əskilərdi. 

Sizlər otaqlarınızda, kabinetlərinizdə dövlət bayrağını qoyub heçmi qanun pozuntusu etməmisiz?! Qanun pozuntusu haa, səhv yox! Bəs dövlət bayrağı başınızın üstündə olmağına baxmayaraq etdiyiniz hərəkətlər bayrağa, millətə, atributlara hörmətsizlik deyil?!

Müharibə şəraitində tədris prosesinə hələ yalnız 20 gün qoşulan tələbəyə bu 20 gün ərzində dövlət bayrağının dəyərini kifayət qədər aşılaya bilməyən də sizlərdir, metodika, pedaqoqika, psixologiyadan xəbərsiz olanlar da. Tələbələr arasına xain və satqınlıq toxumu səpəcək qədər də adisiniz. Tələbənin səs yazıları yayılıb, bəs sizin? Sizin heçmi yekəxana danışıqlarınız yoxdur?

Səhvinizi etiraf edəcək qədər böyük olun! Vəzifənizin, peşənizin, elmi adlarınızın çəkisini azaltmayın!

 
Vüsalə Ağabəyli - pedaqoq, dosent, filologiya üzrə fəlsəfə doktoru 
qainkimi.com