Axşam yeməyindən sonra bol köpüklü qəhvəmi hazırlayıb, evimin kitab oxumaq üçün olan küncünə çəkildim. Dünən "Qadınca addımlar” proqramının qonağı Antalya Qadın Dayanışma Mərkəzinin könüllüləri idi. Dilək Eldəniz və Kamilə Yılmaz. Tanış olduq, proqram öncəsi qadına və mərkəzə dair söhbət etdik. Gözəl bir proqram oldu. Mövzu qadın olunca zatən özümü unuduram. Sonra proqramda danışdıqlarımı yayımı izləyərkən xatırlayıram. Kamilə Yılmaz könüllü olmaqla bərabər, həm də bir yazıçıdır. Bəli, qadın yazıçı. Mənə kitabını hədiyyə etdi. Kitab hədiyyəsinə necə sevindiyimi məni tanıyanlar bilir. Bu axşam da hədiyyə kitabımı oxumağı hədəflədim. Fəqət, başlanğıcda ilk hekayəni oxuyub bitirincə içimdə bir sükut baş qaldırdı. Gerisini oxuya bilmədim. Niyəmi? Kamilə xanım ilk hekayəsinin adını kitaba verib – "Bənövşəyi Jaketli Qadın” (mor cepkenli kadın)
Hekayəni oxuyub bitirdim və əlimdə olmadan kitabı bağladım. Mənə çox təsir etdi. Rəsmən məni əsir aldı hekayə. Yoldaşım yanımda televizora baxırdı. Ondan soruşdum: "Sən, bənövşəyi jaketli qadın hekayəsini bilirsənmi?” Üzümə baxdı, xatırlamağa çalışdı, yox dedi. Telefonumun ekran kilidini açdım. Hekayənin dərinliyinə varmaq istəyirdim. "Google”da "bənövşəyi jaketli qadın” yazdım. Oxumağa başladım. Kitabdakı kimi yazılmışdı...
"Yörüklər (köçəri həyat tərzi yaşayan türkmənlər) qızını evləndirərkən cehiz sandığına bir bənövşəyi jaket qoyarmış. Bu jaket mütləq olmalı imiş. Əgər qadın evləndikdən sonra həyat yoldaşından zorakılıq, şiddət, qaba davranış görərsə, bənövşəyi jaketini geyinər, yola çıxarmış. Və bənövşəyi jaketli qadını görən hər kəs onun şiddətə məruz qaldığını anlayarmış. O "ərə” hamı arxasını çevirər, kimsə üzünə baxmazmış. Adamın insan içində yeri olmaz, kimsə salamını almazmış. Və ən önəmlisi, o ailəyə bir daha o kənddən kimsə qız verməzmiş”
Kamilə Yılmaz "Bənövşəyi Jaketli Qadın” kitabında bir çox hekayələr toplayıb. İlk səhifədəki bu hekayə digərlərini oxumağımı əngəllədi və bu köşə yazısı doğuldu. Yazmasam yata bilməzdim bu gecə. Evlənən və sevildiyini zənn edən Zeynəbin eşqdən gözləri kor olmuş. Nənəsinin ona naxışlı işləmələrlə tikdiyi "bənövşəyi jaket”ə gülər, evləndiyi adamın əsla ona əl qaldırmayacağına inanardı. Lakin nənəsi Zeynəbin nişanlısına güvənmədiyindən tezliklə bu jaketi tikib bitirmək istəyirdi. Nərgiz müəllim obrazı isə Zeynəbə "qadın haqları”nı izah edən bir kitabça gətirmiş, bənövşəyi jaketin arasına qoysun deyə nənəsinə vermişdi. Zeynəb röya kimi bir həyat arzu edərkən, evləndikdən bir müddət sonra evləndiyi adamın əsl üzünü görməyə başlayır. Onu qısıtlayan, sərhədlər yaradan, öz istəklərini və kriteriyalarını söyləyib, şərtlər qoyan adam Zeynəbin sevdiyi insan deyildi sanki. Zeynəb bu şərtlərə etiraz etdikdə isə ağzının üstünə bir şillənin partlaması ilə silkələnər. Və həmən cehiz sandığını açar, bənövşəyi jaketini alarkən arasından yerə düşən kitabçanın üstündə "haqqlarımız var” yazıldığını görür. Bənövşəyi jaketi geyinib yola çıxar, onu görən kimsəyə fikir vermədən Günəş təpəsinə çıxar. Doğmaqda olan günəşlə üzbəüz dayanıb, qollarını iki yana açar. Bu təpə kəndin hər yerindən göründüyü üçün bütün kəndlilər oradakı bənövşəyi jaketli qadını görər və zorakılığa məruz qaldığını anlayar.
"Bu toplumda qadın cinayətlərinə son! deməyin yolu bənövşəyi jaket geyməkdənmi keçər" deyə düşündüm. Nə edək, biz də bənövşəyi jaketlərimizi geyib meydanlara çıxaq ki, şiddət görüdüyümüzü, hətta öldürülmək təhlükəsində olduğumuzu bu ölkəyə, bu topluma göstərək? Elina Hacıyeva, Güleda Cankel, Özgecan Aslan, Nərmin Quliyeva, Əminə Bulut, Ceren Özdemir – bu qadınlar ərləri və ya keçmiş ərləri, sevgililəri və ya keçmiş sevgililəri, tanıdıqları və ya tanımadıqları "kişilər” tərəfindən həyatlarına son verilmiş insanlar. Bənövşəyi jaketi şiddət, ölüm, təhdid, taciz, təcavüz hiss edilən hər durumdamı geyinsək, deyirəm. Cehiz sandığından əlavə, həm də çantamızdamı daşısaq, məsələn yolda birinin sözlü tacizinə məruz qalınca həmən çıxarıb geyinsək və toplumda ətrafdakı insanların reaksiyasına, linçinəmi məruz qoysaq sizi?! Nə edək, necə edək? Yoxsa hər bir pis hərəkətiniz üçün fərqli rənglərdə jaketlərmi tiksək? Məsələn təhdid edilən qadın boz, təcavüz edilən tünd çəhrayı, təcavüz riski yaşayan qırmızı və.s şəklindəmi anlatsaq? Özümüzü necə müdafiə edək, necə normal, qorxusuz, sərbəst yaşayaq sizin olduğunuz bu dünyada? Hər an öldürülmək, hər an taciz edilmək, sözlü, psixoloji, ekonomik şiddətə məruz qalmaq məcburiyyətində deyilik, amma sizin pis əməllərinizin qarşısını ala bilmirik. Daha nə edək?
Bütün qadınlara səslənirəm: Çıxarın bənövşəyi jaketləri cehiz sandıqlarından!
Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya
qadinkimi.com