SƏNƏT
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açacaq Tarix : 15 Sentyabr 2018, 12:17
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü sentyabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın "Soyqırımı tarixinin dastanı” tamaşası ilə açacaqdır. Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, 100 il əvvəl bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etdiyi günə təsədüf etdiyi üçün Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin rəhbərliyi ilə təşrif buyurmuş mötəbər qonaqlar mövsüm açılışında iştirak edəcəklər. Tamaşadan öncə professor İbrahim Öztək 100 il əvvəl bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etməsi haqqında konfrans verəcək. Sonra səhnə əsəri nümayiş oluncaq.
Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Nicat Mirzəzadə, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış edəcəklər.
Müəllif əsərdə ermənilərin qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq tutarlı və dolğun cavab verməyə çalışmışdır. Zaman axarında ermənilərin Azərbaycanlıların başlarına gətirdikləri müsibətləri, türkləri qırmaq üçün həyata keçirdikləri andiçmə mərasimləri, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər tamaşada öz əksini tapmışdır. Tamaşa  həm müəllif, həm də maraqlı rejissor yozumu, məharətli aktyor ifası ilə vəhdətdə dolğun və təsirli bir səhnə əsərinin yaranmasına səbəb olmuşdu. Ən çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında öz qoşunu ilə Azərbaycana gəlişi, Milli qəhrəmanımız Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi səhnələri və cənab Prezidentimizin o zaman dediyi "Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun”! sözlərinin səsləndirilməsi, səhnəsinin yaratdığı coşqu tamaşaçılara böyük həyəcan yaşadır.