İrəvan Dövlət Teatrı "Xocalıya ədalət" şüarı ilə qastrol səfərinə gedir Tarix : 01 Fevral 2019, 17:35


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 2 fevral 2019-cu il tarixində yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş "Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərində qastrol səfərində olacaq. 
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O bildirib ki, tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

 

Rollarda Əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Şəbnəm Cabrayılova, Gültac Əsgərova, Müdvər Nemətova, Səmayə İsmayılova, Elnarə Heydərova, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Natiq Həziyev, Əmrulla Nurullayev, Arzuman Tanrıverdiyev və Rövşən Cəfərov çıxış edəcəklər.
Xocalı soyqırımından 26 ildən çox bir zaman keçməsinə baxmayaraq xalqımız bu faciənin ağrısını, dəhşətlərini hələ də yaşamaqdadır. Xocalıda baş verənlər istər təsviri sənət, istər poeziya, istərsə də nəsr əsərlərimizdə geniş işıqlandırılıb. "Ölüm həsrəti” tamaşasında isə müəllifin baş verənlərə orijinal münasibəti özünü göstərir. Əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli bir süjet xətti var. Tamaşa başlayan andan hər bir izləyici özünü baş verən hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir izləyici o hissə köklənir. Bu, həm müəllifin, həm də rejissorun böyük uğurudur. Belə səhnə əsərləri tariximizin unudulmamasına, gənclərin xalqımızın başına gətirilən müsibətlərdən xəbər tutmasına və insanlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına böyük inam hissi yaradır.