BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
İranda etirazlar: "Səsimizi kəsməsək, bizə təcavüz edəcəklərini dedilər" Tarix : 06 Oktyabr 2022, 00:55
Yazar : Qadinkimi.com

"Məni yerə uzandırdılar və bir polis ayaqqabısı ilə kürəyimdən basdı. Qarnımı təpiklədi, sonra əllərimi bağladı, məni qollarımdan tutub qaldırdı və bir avtobusun içinə atdı.” 



Ötən həftə İranın paytaxtı Tehranda polis tərəfindən saxlanılan 51 yaşlı Məryəm hüquq mühafizə orqanlarının onu necə həbs etdikləri barədə danışır.



Əxlaq polisi tərəfindən baş örtüyü ilə bağlı qanunların pozulması iddiası ilə sentyabrın 13-də saxladığı 22 yaşlı Mahsa Amininin üç gün sonra vəfat etməsi İranda etirazlara səbəb olub. 



Polis Əmininin saxlanan zaman təbii səbəblərdən öldüyünü israrla bildirsə də, ailəsi Məhsanın bir polis tərəfindən dəyənəklə döyüldüyünü və başının polis maşınına vurulduğunu iddia edir. 

Əslində qadınların baş örtüyü ilə bağlı qaydalara qarşı başlayan aksiya qısa müddətdə İslam respublikası və rejim əleyhinə nümayişlərə çevrildi. 

80-dən çox şəhər və regionda toqquşmalar yaşandı.

"Qəddar" həbslər

 


Ölkədə internetlə bağlı problemlər yaşansa da, İranda hüquq mühafizə orqanlarının həbs etdiyi etirazçıların görüntüləri sosial mediada yayılmağa davam etdi.

 


Əsl adını açıqlamadığınız Məryəm bildirib ki, "vəziyyət o videolarda gördüklərinizdən daha pisdir".

 

"Komandirlərdən birinin polislərə qəddar olma əmrini verdiyini eşitdim. Qadın polislər də ən azı bu qədər qəddarlıq edirlər. Biri mənə sillə vurub, İsrail agenti və fahişə olduğumu deyib", - o qeyd edib.

 

BBC yayılan videolarda hüquq mühafizə orqanlarının yüksək rütbəli şəxslərinin "etirazçılara rəhm etməmək və onlara atəş açma" əmri verdiyini görüb.

 

BBC-nin təsdiqlədiyi video görüntülərdə polislərin aksiyaçılara aktiv patronlarla atəş açdığı və əllərinə keçən insanları həbs etdikləri görünür.

 

Nümayişlərdə ölənlərin sayı hər gün daha da artarkən, rəsmilər etirazların başladığı vaxtdan bugünədək həbs edilən şəxslərin sayını açıqlamayıb. Lakin Mazandaran əyalətinin prokuroru etirazların ilk 10 günündə ən azı 450 aksiya iştirakçısının həbs edildiyini bildirib.

 

İnsan haqları təşkilatlarının açıqlamalarına görə isə ölkədə minlərlə etirazçı saxlanılıb.

 

İranın böyük şəhərlərinin birindən olan Sam bir polisi itələyib qaçmağa çalışarkən daha sonra ikinci və üçüncü polis əməkdaşlarının ona hücum etdiyini deyib. O, bir neçə saniyə sonra isə 15-ə yaxın polis əməkdaşının onu "qəddarlıqla döyüdyünü" vurğulayıb.

 

"Qanın dadını ağzımda və şok tapançasının zərbəsini isə bədənimdə hiss edirəm. Məni yerə uzadıb, qollarımı arxadan, ayaqlarımı da ayaqqabımın ipləri ilə bağladılar. Mühafizə orqanlarının əməkdaşlarından biri sol gözümə təpiklə vurdu və məni də saxladıqları digər etirazçıların yanına apardılar", - Sam əlavə edib.

"Qorxusuz" gənc qızlar


Prezident İbrahim Rəisi hazırda ölkənin 31 regionuna yayılan etirazların "qərarlı şəkildə yatırılacağını" bildirib.

 


Nümayişçilərin çoxu Rəisini 1980-ci illərdə siyasi məhbusların kütləvi edamlarındakı rolu ilə xatırlayır.

 

Sam deyir ki, onu və digər tutduqları etirazçıları avtobusta bir-birilərinin üstündə yerə uzatdılar və bir saat yarım o formada saxladılar.

 

"Rəisinin siyasi məhbusların edamındakı rolunu düşünürdüm və polislərə yaşıl işıq yandırdığından bir an məni də edam edəcəklərini düşündüm", - Sam qeyd edib.

 

İran prezidentinin toqquşmalar zamanı etirazçıların edam edilməsi barədə əmr verdiyinə dair heç bir sübut yoxdur.

 

Lakin Məryəm və saxlanılan digər aksiya iştirakçıları İslam İnqılabı Keşikçilərinə məxsus bazaya aparılan zaman avtobusda etirazlar başlayıb.

 

"Avtobusda mənimlə birlikdə başqa qızlar da var idi və çox gənc idilər. Onların cəsarətlərini görən zaman özümə təsəlli verdim. Mənə də kömək etməyə başladılar. Qışqıraraq, hüquq mühafizə orqanlarının əməkdaşlarını ələ salırdılar. Heç nədən qorxmurdular", - Məryəm deyib.

 

BBC-nin araşdırdığı bir çox foto və videoda Tehranın şimalında yerləşən və haqqında pis danışılan Evin həbsxanasının qarşısında uzun növbələr görünür. Həbs edilən etirazçıların ailələri, itkin və ya saxlananların yaxınları məlumat almaq üçün orada gözləyirlər.

 


Ailələrdən biri BBC-yə verdiyi açıqlamada bildirib ki, rəsmilər onlara ailə üzvlərindən kiminsə saxlanılması ilə bağlı ictimaiyyətə məlumat verməməyi, əks təqdirdə həbsdə olan yaxınlarının "vəziyyətinin pisləşəcəyi" ilə təhdid edilib.

 

Bununla belə, saxlanılanların hamısı heç də saxlanma kameralarına aparılmır. Onların çoxu polis şöbələrində, ya da İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus heç kəsin bilmədiyi yerlərdə saxlanılır.

 

Məryəmin sözlərinə görə, onlar saxlanıldıqdan sonra polis şöbəsinə aparılıblar.

 

"Onlar şöbəyə gətirdikləri bu qədər insanla nə edəcəklərini bilmirdilər. Mən də daxil olmaqla, ən azı 60 qadını kiçik bir otağa doldurdular. Bir-birimizə bitişik dayanırdıq, otura və ya hərəkət edə bilmirdik", - o bildirib.

 

"Tualetə getməyə icazə vermədilər və dedilər ki, acsanız öz nəcisinizi yeyərsiniz. Təxminən bir gün keçdikdən sonra qışqırmağa başladıq və etiraz etdik. Sakit durmasaq, bizi zorlayacaqları ilə təhdid etdilər", - Məryəm əlavə edib.

 

Gənc etirazçılar "əhval-ruhiyyəni yüksək saxlayır”



İranın cənubundakı şəhərlərin birində həbs edilən qadın aksiyaçılardan biri deyib ki, hüquq mühafizə orqanlarının qadın əməkdaşları da məhkumları zorlayacaqları ilə təhdid edib.

 


Feriştahın (şərti ad-red.) sözlərinə görə, saxlanma kamerasında onları qeydə alan məmur ondan adını soruşub və ona "fahişə" deyib.

 

"Mən bununla bağlı şikayət etmək istəyəndə, mənə dedi ki, davam etsən iş yoldaşlarından (kişi nəzarətçilər) birini mənim üstümə göndərəcək", Feriştah bildirib.

 

Tehrandakı ən böyük saxlanma kamerasına salınan Behzad da "kiçik bir otaqda 80 nəfərdən çox olduqlarını və ağrılardan güclü stress keçirdiklərini" qeyd edib.

 

"Mobil telefonlarımızı bizdən aldılar və etirazlarla bağlı hər hansı xəbər paylaşdığımızı yoxlamaq üçün şəkillərimizə, video və mesajlarımıza baxdılar. Paylaşdığımız halda işimizə əlavə edirdilər. Növbəti gün bir hakim gəldi və bizimlə görüşdü. Daha sonra üstümüzdəki ittihamları qaldırdılar və gənclərin çoxunu sərbəst buraxdılar", - o əlavə edib.

 

Behzadın sözlərin görə, onunla birlikdə saxlanılanların hər 10 nəfərdən birini azad etdilər, yerdə qalanlar isə şərti olaraq azadlığa buraxıldı.

 

Tehranda iki gün ərzində həbsdə qalan bir etirazçı isə bildirib ki, saxlanan gənclər polislərin onlara qarşı düşmən mövqe sərgiləməsinə baxmayaraq, onlar "əhval-ruhiyyələrini yüksək tutmağa çalışırdılar".

 

"Yaşı 25-dən aşağı olan etirazçılarla eyni kamerada idim. Bəzilərinin yaşı çox az idi. Bəzilərinin üzündə qan var idi, amma gülümsəyir, söhbət edir və zarafatlaşırdılar. Biri də məndəm gülümsəməyimi istədi və haqlı olduğumuz üçün qalib olduğumuzu dedi", - o qeyd edib.

Mənbə: bbc.com

 

Qadinkimi.com