BURA / ORA, HÜQUQLARIMIZ
İran 6 nəfərə edam hökmü verib, BMT təcili toplanır - “Hicab üsyanı” dayanmır Tarix : 24 Noyabr 2022, 09:29

İranda məhkəmə altı nəfəri ölüm cəzasına məhkum edib
İran məhkəməsi altı nəfəri ölüm cəzasına məhkum edib. Bundan daha çox insan isə təhlükə altındadır. 

Qadinkimi.com xəbər verir ki, bu barədə redaksiyamızın poçtuna Avaaz insan hüquqları müdafiə təşkilatından gələn mail-də deyilir. 

Qeyd olunur ki, Mahsa Amini adlı gənc qızın öldürülməsindən sonra İranda susmaq bilməyən üsyanlar zamanı jurnalistlər, hüquq müdafiəçiləri, universitet tələbələri, analar və məktəblilər qətlə yetirilib, həbs edilənlərin çoxu işgəncə görüb, yoxa çıxıb və ədalətsiz məhkəmələrlə üzləşib.


"Minlərlə iranlı etirazlarını davam etdirir və biz onlara dünyanın diqqətini azadlıq və ədalət uğrunda apardıqları mübarizəyə cəlb etməkdə kömək edə bilərik. Dünya hökumətlərini bu vəhşi qətllərin dayandırılmasına kömək etməyə çağırmaqla işgəncə və ölümlərlə üzüzə qalan insanları xilas edə bilərik". 


İranda indiyədək hakimiyyətin repressiyaları nəticəsində 400-ə yaxın nümayişçi öldürülüb, lakin etirazlar dayanmır. Təkcə Tehranda mindən çox məhkumluq hökmü çıxarılıb. Ölkə daxilində həbs olunan insanlara yüzlərlə hökm oxunub.


"ABŞ, AB, Böyük Britaniya və Kanada İran liderlərinə və bəzi dövlət qurumlarına insan haqlarını pozduqlarına görə sanksiyalar tətbiq edib, lakin daha çox iş görülməlidir!”  - təşkilatın məktubunda yazılıb. 


BMT-nin İnsan Haqları Şurası bu gün İrandakı etirazları müzakirə etmək üçün xüsusi iclas keçirir. Bu, İranda son repressiyalar zamanı törədilən ən ciddi insan hüquqları pozuntularının araşdırılması və aradan qaldırılması üçün müstəqil mexanizmin yaradılmasına səbəb ola bilər. 


Qeyd edək ki, Avaaz hər kəsi BMT-yə göndəriləcək petisiyaya imza atmağa çağırıb. 


Qadinkimi.com

hazırladı: Kamalə Abiyeva