YAZI / DÜŞÜNCƏ
İntihar- anladı ki, bu dünyada ona yer yoxdur Tarix : 25 İyun 2020, 03:50

VİRUSUN İNTİHARI


Koronavirus son günlər çox kədərli və qanıqara idi. Hara gedirdisə, özü haqqında heç yaxşı sözlər eşitmirdi. Qarğış, ah -nalə o qədər çoxalmışdı ki, yapışdığı yerdən tərpənmək istəmirdi artıq. Axı, başqa canlılar kimi o da əbədi ömür sürməyəcəkdi. Dünyaya gələndə yaşamaq üçün sevinmişdi. Kimlərinsə canını alacağı, xəstələndirəcəyi heç ağlının ucundan da keçməmişdi. Dünyaya gəlişini bəyan etmək üçün hara gəldi uçur, hara gəldi qonurdu.

Mən də varam, aranıza qatılmaq istəyirəm,-deyə o biri viruslara xəbər verməyə başladı. Amma nə sirr idisə, viruslar onu görən kimi uzaqlaşıb, yox olmağa çalışırdılar. Çox təəccübləndi və insanlara üz tutdu.Yaşamaq istəyirdi. Hiss etmədən artıb çoxalmağa başladı. Lakin nələrsə, tərsinə gedirdi. Kimə yaxınlaşırdısa, həmin insanın halının dəyişdiyini, pis olduğunu görürdü. Nəmli, həyəcanlı gözlər, deyilən qarğışlar onu təntitmişdi. Anladı ki, bu dünyada ona yer yoxdur. Ancaq,o heç kimə zərər vermək istəmirdi, sadəcə hamıı kimi yaşamaq istəyirdi. İndisə doğulduğuna peşiman olmuşdu.


Ona ən çox təsir edən qaragöz bir qızın hıçqıra-hıçqıra "ana, ölmə, məni yalnız qoyub getmə",- deyə fəryad etməsi oldu.

Qızcığaza yaxınlaşıb başını sığallamaq istədi. Ancaq birdən yadına düşdü ki, onu da xəstələndirə bilər. Tez fikrindən daşındı. İlk dəfə özündən zəhləsi getdi.Başını yaxınlıqdakı sabun qabına, su çəlləyinə vurdu, canı ağrıdı. Qadının can verərək, boğularaq necə öldüyünün şahidi olmuşdu, nəinki şahidi, bir başa səbəbkarı olmuşdu. Qızcığaza qoşularaq, hönkür-hönkür ağladı. Onu kimlərsə qatilə çevirmişdilər.


Çoxlu müşahidələr apararaq, aydınlaşdırdı ki, insanlar onu məhv etmək üçün səfərbərliyə keçiblər. Amma, bacarmırlar, çünki o adamları görsə də , adamlar onu görmürdü.
Çox düşündü. Anladı ki, ona heç yerdə rahatlıq yoxdur. Bir kimsənin üzünü güldürmədiyi bu həyatdan çıxıb getmək qərarına gəldi. İntihar etməkdən savayı yolu qalmamışdı.

Yüksəkliklərə qalxdı. Buludlara çökdü. Yağış damlalarında iri okeanlara qərq oldu, torpağın altına gömüldü.Torpağın üzü soyuq olur,axı.

 

Nazilə Gültac

 

qadinkimi.com