YAZI / DÜŞÜNCƏ
İNSANIN XASİYYƏTİ TALEYİNƏ ÇEVRİLƏ BİLƏR… Tarix : 23 Dekabr 2019, 14:20
Yazar : Qadinkimi.com
Özünü layiq görmənin günahsızlıq halı
 
Yaşadığımız həyatın özümüzə yaraşan, uyğun olan bir düzəni olur. Həqiqətə oxşayanı yox, həqiqətin özü olur. Cənnət - özünü cənnətə layiq görmə günahsızlıq halıdı insanın. Ora düşmək üçün cəhd etməyə ehtiyac varmı? İnsanın özünü özündən yaxşı tanıyan varmı?! Uşaqlıqdan kiçik səhvlər belə etməyə imkan verilməyən, hər şeydən qorunan, bəzən də lağa qoyulan özgüvəni əskik, utanc hissi güclü, özünü təsdiq edə bilməmək qorxusu və inamsız duyğuyla böyüyən insanlar kompleksləri ilə çətin, mənən əziyyətli ömür sürürlər. Onların psixi inkişafı, ozünü təsdiqi güvənc hissi üçün mühitin əsas amilə çevrilməsilə mümkündür. Yaşam boyu bir çox problemlərlə qarşılaşırıq. Artıq dövr, zaman göstərir ki, əhəmiyyətsiz görünən problemlərin yükünü fikirlərdən atmaq, komplekssiz, sevinc dolu ömür haqqında düşünmək, həyatın gözləntisiz çətinliklərini əsəbsiz, olduğu kimi qəbul edərək həlli yolunu nizama salmağa çalışmaq lazımdı. Mənfi emosiyalar azad edilir, müsbət olanlara çevrilir və bununla da insanın ruh halı dəyişir, ömürlərdən ömrünə rəng qatılır.

Səmamda buludlar dolaşır, axın-axın gəlir, ruhu sərinlədən yağış, leysan-tufan gətirmək üçün yox, həyata sevinc qatır, xəfif, insanın qəlbini riqqətə gətirən, titrədən hisslər oyadır, torpaq qoxusu, ona bağlılıq aşılayır, bizi bizə sevdirir. Xarakterimiz də həyatımızı müəyyənləşdirir. Adi insan ömrü - rahat, hüzur dolu yaşam arzularkən bəxtinə bir gün sevinc, bir gün qəm düşür. Həyat uğrunda mübarizədə özümüzə haqq qazandırmaq üçün "taleyin hökmüdü” - deyib təsəlli tapırıq. Şüuraltında isə yığılıb qalan, real olmayan arzuların xiffətini bir ömür çəkirik. Pessimistlər, mayası bədbin düşüncələrilə kədərə gömülür, qüssələnir, xəstələnir, tez qocalırlar. Realist insanlar həqiqətin bir üzü olduğu fikri ilə razılaşmır, öz həqiqətləri ilə başqalarını müqayisə etmir, hamını olduğu kimi qəbul edirlər. Optimistlər isə nikbin nəzərləri ilə özlərinin və ətrafında olanların ömrünü gülüstana çevirmək iqtidarına malik olurlar. Bu xüsusiyyətlərin hər birini qismən də olsa, özündə yaşadanlar üçün bu təzadlarla dolu həyatımızda ömür sürmək nisbətən asandı. Arabir xatırlayaq ki, həyat müvəqqətidir. İndi, seçim bizim: Kədərlənməyə dəyməz, deyilmi?!

İnsanın xasiyyəti taleyinə çevrilə bilər… Yaşadığı mühit hisslərinə həlledici təsir edər. Bu təsirin izi hər kəsdə müxtəlif cür təzahür edir və insanın həyat tərzi, dünyagörüşü, əhval-ruhiyyəsilə bağlı olur. Ümumiyyətlə, əhval-ruhiyyə mürəkkəb mexanizmdi, insanın əsəb sistemi ilə bağlıdı. İnamsızlıq, laqeydlik, biganəlik, etinasızlıq əhvalı pozur, fəaliyyətinə sarsıdıcı zərbə vurur, gücsüz, aciz bir varlığa çevrilir insan. Diqqət, qayğı isə motivasiya verir, yaxşı əhval-ruhiyyə yaradır, mənəvi gümrahlıq, nikbinlik, ruh yüksəkliyinə, inama səbəb olur, insanı yaşamağa, yaratmağa, gözəllikdən - həyatdan zövq almağa ruhlandırır. Xoş abu - havadan hüzur çökər ömrünə, ruhuna. Ruhuna çökən bu həzinlik sakit, səssiz gəlişiylə bayram ovqatı, sevinci yaşadar insana. Səssizliyə ehtiyac duyaraq səs-küylə dolu həyat yaşayırıq. Tam səssizliyə düşəndə də "səssizlikdən qulaq batır”- söyləyirik, nələr hiss edirik?
Şəhərin narahat ritmi, tıxaclarda olan səs-küy, yüksək siqnal səsləri, hündürdən danışan adamların tonlu dialoqları, mobil telefonlarımıza gələn bildiriş mesajları və bunların əksi olan səssizlik.

Səssizlik nədir, heç düsündünüzmü? Gəlişi bilinməz səssizlik daxili hayqırtısıyla çökər ömrümüzə. Bu elə bir şeydir ki, istəməklə, arzulamaqla gəlməz insana. gəlsə də, ruhun həzinliyinə xələl gətirmədən xəfifləşər insan, rahatlıq gətirər ömrünə. Səssizliyin gəlişini duyan yerinə başqa nəsə qoya da bilməz. Gedişini isə duyar, səbəbini arayar. Yük götürmə qədəri sevincini ötəndə kədər gətirər ömrünə, çəkilər çəkilən üzüntülər. Hər şeyi yoluna qoymaq üçün öz ətrafına dönüb baxmaq rahatladar, əlacı olar insanın. Bəzən də içimizdə səssizlik yaradarıq, bu boşluğu doldurmaq üçün. 
 
 


Yeganə İskəndərova
qadinkimi.com