İnsanın görünməyən libası
Tarix : 17 Noyabr 2025, 01:06 Bəzən insanın duruşu geyimindən daha çox danışır. Məhz bu duruş, onu hər mühitdə fərqləndirir - istər gündəlik həyatda, istərsə də ziyafətdə. Ziyafət sadəcə bir məclis deyil; o, keçmişə hörmət, bu günə sükunət və sabah üçün inamdır. Mənim niyyətim sadədir: varlığımı səssiz bir zərifliklə ifadə etmək. Çünki bəzən ən güclü ifadə, məhz bu səssiz duruşun içində gizlənir.
Həyat yalnız yaşamaq deyil - şərəflə yaşamaqdır; ləyaqətlə, vicdanla, dürüstlüklə yaşamaqdır. Bu dəyərlər bir yerdə olanda, insan sadəcə ömür sürmür - iz qoyur, yadda qalır.
Həyat illərlə üzümüzü amansızcasına dəyişir, izlər buraxır, gəncliyi səssizcə aparır. Amma əgər ruhun gözəldirsə, zaman onu soldura bilməz. İllər ötər, səhifələr çevrilər, lakin o ruh ilk bahar kimi həmişə gözəl və təravətli qalar.
Ləyaqət - insanın yüksək mənəvi keyfiyyətlərə sahib olması və bu keyfiyyətlərin dəyərini dərk edərək özünə və başqalarına hörmətlə yanaşmasıdır. Bu, vicdanla, dürüstlük və ədalətlə yaşamaq, heç bir durumda prinsiplərindən dönməmək deməkdir. Ləyaqətli insan nə varla öyünər, nə də yoxla sınar. O, sözlə deyil, davranışı ilə yüksələr, susqunluğu ilə hörmət qazanar. Ləyaqət - səssiz, lakin uca bir duruşdur; zamanın sınaqlarına qarşı dik dayanan, sarsılmaz və təvazökar bir mənəvi sütundur. İnsan həyatının ən böyük dəyəri, məhz bu sütunun varlığı ilə ölçülür.
Şərəf - insanın görünməyən libasıdır; nə zaman, nə də var-dövlət onu əvəz edə bilməz.
Pul gəlir-gedir, amma şərəf qalarsa, insanın özü qalır. Şərəfli olmaq - sadəcə doğru davranmaq deyil, doğru qalmaqdır. O, səssiz bir gücdür: səni tanıdan, səni qoruyan, səni yaşadan.
Şərəfinlə qazandığın hər şey sənindir. Pulunla aldığın hər şey isə bir gün başqasının ola bilər.
Qoy həyatın çətin anlarında sənə dayaq olan, adının yanında duran ilk söz - şərəf olsun.