Hamı ondan danışır, hamı ondan yazır, tanıyan da, tanımayan da...
İyulun 14-də cəbhənin Tovuz rayonu istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan generaldan...
O general ki, öz əməlləri ilə əsgərlərinin könlündə taxt qurub...
Şəhid general-mayor Polad Həşimov...
Qarabağ müharibəsi başlayandan döyüş şəraitində şəhid olan ilk general... Döyüş zamanı müdafiənin ön xəttində olan Polad Həşimov sübut etdi ki, Azərbaycan ordusunda generallar da əsgərlərlə yanaşı döyüşür.
Əslən Qəbələnin Vəndam kəndindən olan general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, hərbi akademiyanı isə Türkiyədə oxuyub.
Keçmiş əsgərləri onunla bağlı öz xatirələrini bölüşüblər. Modern.az saytı həmin xatirələrdən bəzilərini oxuculara təqdim edir:
Ramil Cabbarov:
General-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu ilə, danışığı ilə, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandir idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik.
Tabura gələndə "ÖNCƏ VƏTƏN!" kəlməsini elə içdən söyləmişdi ki, indiyə qədər səsli xatırlayıram.
Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!
Nicat Həşimzadə:
Yatmağa yerimiz yox idi. Daha doğrusu bərbad halda idi. Göy rəngli palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.
Bizim komandirimiz Polad Həşimov şücaətinə görə (vacib postu azad etmişdi) ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı.
Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda, o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin vaxt polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir.
Seymur Kazımov:
General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı.
Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.
2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.
Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın...
2018-ci ildə Talışdakı "Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə bu adı veriblər.
Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general-mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!
Ramazan Səmədov:
2010-2011-ci illərdə komandirim olmuş Polad Həşimovun xatirəsinə…
Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.
Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.
Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.
Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində gullə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad güllə keçirməz…
İyun ayında Aztv məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu eləyəsi deyiləm. Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi. Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəm ha, cünkü buna ehtiyacınız yoxdu. Güldü, dedi ki, düz eləyirsən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.
Qayıdandan sonra Briqada düzülüşü idi. Minlərlə əsgərin qabağında məni çağırdı, dedi ki doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.
Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi. Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalamayaraq əlavə elədi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu…
İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.
Rza Rzayev:
2011-12 ci ildə N saylı hərbi hissədə əsgərlik xidmətinə yollandım.
Bizim xidmət elədiyimiz hərbi hissə düşmənlə məsafə baxımından o qədər də uzaq deyildi.
Artıq xidmət olaraq altı ayı başa vururduq.
Bir gün növbətçi hissənin əsgəri "Ali təhsillilər, plasda düzül" çağrışını elan etdi.
Dərhal bütün ali təhsilli olan əsgərlər öz yerlərini tuttular.
Az keçmədi ki, yerişi, duruşu və əsl zabit ciddiyyəti ilə bütün əsgərlərin həqiqi sevgisini qazanmış Komandir önümüzdə dayandı.
Bir-bir əsgərlərdən hansı universiteti bitirdiyilə maraqlanırdı. Əsgərlərdən bəziləri Briqadada manqa komandiri (çavuş) qalmalı idi.
Sıra mənə çatdığı zaman hansı universiteti bitirdiyimi soruşdu, mən də Baki İslam Universitetini bitirdiyimi söylədiyim. Bir neçə saniyə gözlərimin içinə baxaraq sükut etdi.
Daha sonra "Sən də qal, bizim din xadimlərinə də ehtiyacımız var" dedi...
Allah ruhunu şad, Cənnətdə məqamını uca eləsin Generalım!
Biz inanırıq ki, bu millətin vicdanlı, vətəninə, bayrağına bağlı əsl qəhrəman oğulları hələ də var. Onlar bu qanın intiqamını çox ağır alacaqlar.
Vüqar Ədilov:
Əsgərliyimin ilk günləri Ramazan ayına təsadüf etmişdi. 2 gün idi ki gizlincə oruc tuturdum. Namaz qılmağıma icazə alsam da, oruc tutmağıma icazə almağa çəkinmişdim, düşünürdüm ki, icazə verməzlər.
2-ci günün axşamı təcili olaraq şəxsi heyəti düzdülər. Bölük komandirimiz içəri girdi və soruşdu: "İçərinizdə neçə nəfər oruc tutur?".
Heç kim dillənmədi. Əslində məndən başqa oruc tutan yox idi. Yanımdaki əsgər yoldaşım dedi "niyə səsini çıxarmırsan?”. Xahiş etdim ki, deməsin. O da yazığı gəlmişdi, nə idisə, dedi "yoldaş kapitan, Ədilov orucludur”.
Komandir məni çıxardı ön cərgəyə, fikirləşdim indi dişinin dibindən çıxanı deyəcək. Amma əksi oldu. Tağım komandirlərinə tapşırıq verdi ki, oruc tutan əsgərlər bütün xidmətlərdən ayrılsın.
Təsəvvür edin Ramazan ayı boyunca rahat şəkildə orucumu tutub, namazımı qıldım.
Azərbaycan Ordusunda neçə belə hərbi hissə var???
Bəli, Cənab Şəhid Polad Həşimovun hərbi hissəsində xidmət etdiyim müddətcə əksər namaz vaxtlarım şəxsi heyətin düzülüş vaxtı ilə üst-üstə düşürdü. Ancaq heç vaxt buna görə mənə heç bir söz deyilməyib. Sözümün canı, Cənab Şəhidin rəhbərlik etdiyi hərbi hissədə bütünlüklə mənəvi ruh yüksəkliyi hökm sürürdü. Allah məqamını uca etsin.
A. Qorxmaz.
qadinkimi.com