BİLİM / DİN
İlqar Türkoğlu - Yad ideologiyalar: Din və qadın Tarix : 06 İyul 2018, 15:55
Yazar : Qadinkimi.com
Dəyərli dostlar, Ulusumuzun bugünədək ağrısını daşıdığı, torpaq itkilərimiz qədər ağır olan ən qanlı olaylara və problemlərə qısaca nəzər salmaq istəyirəm. Biz qadının kişi qədər, yeri gələndə ondan artıq, cəmiyyətdə oynadığı rolun əhmiyyətini gözəl dərk etsək də, onlara qarşı aparılan diskriminasiya hallarının əsas səbəblərini deməyə çəkinirik. Hər kəsə bəllidir ki, qadın azadlıqlarının məhdudlaşdırılması islam ölkələri üçün xarakterik haldır. Və bunu açıq demək lazımdır ki, qadınların hüquqlarının məhdudlaşdırılması, daha doğrusu hüquqsuzlaşdırılmasının başlıca səbəbi dindir. Bilirəm, indi "cənnət anaların ayaqları altındadır” deyə bir kəlamı xatırladanlar da olacaq. Əvvala gəlişixoş sözlərlə, kəlamlarla qadın azad olmur, hələ o "cənnətin” varlığını, yaxud yoxluğunu demirəm. Niyə əzəməti, qüdrəti, yenilməzliyi ilə seçilən türk yad ideologiyalara boyun əydi, onun əsirinə çevrildi? Əlində qılınc, at belində əri - ərəni ilə bərabər düşmənə qarşı vuruşan hər zaman ucada tutulan, qutsal türk qadınını islam at belindən endirib qara çadralara, qara hicablara soxdu, əşyalaşdırdı, hüquqsuzlaşdırdı, uşaq doğmaq, seks üçün alət elədi.

Bu gün ictimai həyatda qadınlara qarşı qısqanclıq, ərəb təfəkkürünün "mentalitet" adı ilə cəmiyyətə sırınması, sürətlə hicablaşma və qara çadralara bürünmə, gələcəyimizi qaranlıq dalana aparmaqla, qorxulu bir kabusa dönüb bizi qarabaqara izləyir. 14 mart 2018 - ci il tarixdə ərəblərin Babəki - Babək Atanı edam etməsindən 1180 il ötdü. Di gəl  türkə - ulusumuza görünməmiş soyqırım yaşadan, qız - qadınını köləyə çevirən, Babəkimi, Nəsimimi qəddarcasına edam edən ərəbə min ildi yas tutmaqda davam edir, onun ayağı dəyən yerləri ocağa, pirə çeviririk. Ərəblərin uydurduğu, farsların ustalıqla söylədiyi nağıllarda unuduruq faciələrimizi. Necə ki, Azərbaycanı 1920- ci ildə işğal eləyən, 1990 - cı ilin Qara Yanvar faciəsini, 1992- ci ildə erməni hərbi birləşmələrilə Xocalı soyqırımını yaşadan Qırmızı orduya abidə ucaltmışdıq, necə ki, dərsliklərimizdə milli dəyərlərimizi aşağılayıb, düşmənləri xilaskar obrazında təqdim etmişdik...

Qiblə gəzib, ay namazı sorulan,
Babəkindi qollarından vurulan,
Şərəfini qanla yuyub, durulan,
Çanaqqalan, Laçın, Şuşandı qiblən!  (İlqar Türkoğlu)

Bilirsinizmi türklər nədən rus imperiyasından da qəddar olan vəhşi ərəbin dinini qəbul etdi? Ərəb işğal etdiyi Azərbaycan torpaqlarında islamı qəbul etməyənlərə suya və havaya görə xərac təyin etdi, hər bir ərəb əsgəri üçün bir ailədə, qız - qadınla təmin olunmaqla, gecələmək şərti qoydu. Hər bir öldürülən ərəb əsgərinə görə cavabdeh ailədən 5 kişi, kişilərin sayı çatmadığı təqdirdə qohumlarından olmaqla 5 nəfəri öldürməklə qisas alınırdı. "Ərəb öldü, aləm öldü” məsəli də burdan qaynaqlanırdı. Şərəfsizliyə dözə bilməyənlər kütləvi şəkildə insanlığa qənim kəsilmiş bu dini, yad bir ideologiyanı qəbul etmək zorunda qaldı. Yüz minlərlə qılıncdan keçirilmiş ata və oğulların ana və bacıları qənimət kimi ərəbistan bazarlarında qul kimi satışa çıxarıldı.

Dilindən düşməyir, ərəb deyirsən,
Dağılmış qəbrinə Hələb deyirsən,
Neçə günahına "ya rəbb" deyirsən,
Boğulur yenə göz yaşında, qiblən.  (İlqar Türkoğlu)

Bəşəriyyət hər hansı bir imperiyanın işğalları zamanı yerli dinc əhali ilə belə qəddar davranış nümunəsi görməyib. Ərəb arxivlərində, ərəb mənbələrində minlərlə, milyonlarla belə tarixi faktlar var ki, oxuyub, dəhşətə gəlməmək olmur.

Ümmətində şəcərəsiz soydular,
Qardaşı qardaşla üzə qoydular.
Nəsimimi diri - diri soydular,
Tarixlərə şahid yaşındı qiblən!  (İlqar Türkoğlu)

İslamın gəlişindən, türkün məişətinə nüfuzundan sonra antik türk dəyərləri, mədəniyyətləri yağmalandı, talan edildi. Min ildi, yad ideologiyaların məngənəsində boğulan türk əxlaqının deformasiyası nəticəsində bu duruma düşdük, bölündük, parçalandıq. Yarı - yarısı, qadını əşyalaşan, hüquqsuzlaşan türk ailəsi qutsallığını itirməyə başladı.

Biri yol göstərir İrana sarı,
Birisi sür, deyir virana sarı.
Yetər ey türk, özün yaranı sarı,
Özcə əlin, özcə başındı qiblən!  (İlqar Türkoğlu)

Bütün sivilizasiyalararası zamanlarda bəşəriyyətə, İNSANLIĞA nümunə olan türkə ərəbin əxlaqı, rusun kommunizmi, batının demokratiyası gərək idimi? Türk niyə özünə dönə, özgürlüyünə, əski idrakına çata bilmir? Bu gün qadın hüquqlarının qorunması üçün müxtəlif qanunlar qəbul edilir, ayrıca təşkilat və qurumlar təsis olunur. Di gəl ki, qadınları buxovda saxlayan, onları cəhalətin girdabına sürükləyənlərə qarşı tədbir görməyin əsaslı mexanizmləri yoxdur. Bunun nəticəsidir ki, biz minlərlə beyinləri dinlə yuyulmuş gənc ailələrin sorağını Suriyadan, İraqdan alırıq. 


Ən ağrılı yerlərimizdən biri də dilimizə olan biganəlikdir. Ulusu yaşadan, ayaqda tutan onun Ana dilidir. Biz ana və bacılarımızı, qadınlarımızı gözümüz, başımız üstə tutanda əzəmətli, məğlubedilməz oluruq. Biz düşmənin ayağı dəyən yerləri ziyarətə pirə çevirməyi yox, ilk kəlməni, ilk danışığı, vətəni, ulusu sevməyi öyrədən analarımızın, qız və qadınlarımızın laylalarında, nəğmələrində, bayatılarında özümüzə tapınmalı, milli dəyərlərimizə sahiblənməliyik. 


Bu gün leksikonumuzda olan sözlərin çoxunun ərəb dilindən keçdiyini ciddi-cəhdlə sübut etməyə çalışanların niyyəti hər şeyin islamla başlandığını, hər şeyin islamla yarandığını, yalan da olsa, türkə sırımaqdır. Bütün bunlar islamdan öncəki türklərin, antik türklərin, şumerlərin tarixini, mədəniyyətlərini, antik yazılarını, kitabələrini, hətta çap hərfləri olan runik əlifbanı - runları unutdurmaq üçündür. Tarixçilər çox yaxşı bilir ki, ərəb dili dünən, srağagün, X əsrdən sonra qüreyş tayfalarının  ləhcəsində formalaşmağa başlayıb...

Öz gəmimdən pay istəyib yetirən,
Yağmalandıq özümüzü itirən,
Qanlarıyla milyon lalə bitirən,
Ana torpağındı, daşındı qiblən!  (İlqar Türkoğlu)

Hədəf, bu gün dünyaya sığmayan türkün ruhunu qurum - qruplar və çərçivələrdə boğmaq, onun bu qurumlardan kənar düşüncələrinə öz ideoloji prinsiplərini sırımaq durur. Biz hələ də bu yad ideologiyaların, yad qurum - qrupların məngənəsindən çıxmaq əvəzinə, özümüz əlavə qurumlar yaradır, qruplara bölünür, kiçik və cılız məhəlli, konyuktur maraqlarımızın təmini barədə düşünürük...


Daş kitabələrimizə, antik mədəniyyətimizə olan biganəliyimiz, sayğısızlığımız o yerlərin itirilməsinə, viranəliyinə gətirib çıxardı. Türk adının tarixdən silinməsi üçün yad ideologiyaların nağıllarında uyutdular qəlbi saf olan, insanlığı yaşadan türkü. Bu azmış kimi böldülər, parçaladılar, bir - birinə düşmən kəsdilər. 5 - 7- 10 min il yaşı olan antik türk dastanlarımızı, eposlarımızı, qəhrəmanlarımızı öyrənməyə belə yasaq qoyuldu, gizlədildi. Bu gün əsli - nəsli, şəcərəsi bəlli olmayan bəziləri qəhrəmanlıq dastanlarımızda xüsusi yeri olan, adları fəxrlə söylənilən türk xatınlarına, türk xanımlarına qarşı çirkab kompaniyası başladıb. Bu dastanları yenidən qələmə alanlar onu türk ruhundan tam fərqli bir formada, öz mənfur məqsədlərinə uyğun şəkildə təqdim edir, hətta çox yaxın tariximiz olan misilsiz qəhrəmanlıq nümunələrini belə bizə unutdurmağa çalışırlar. O yeri doldurmaq üçün ərəb millətçiliyində, ərəb  "qəhrəmanlığında"  türkü boğdular. Bilqamısdan, Dədə Qorquddan, Koroğludan, ulularımızdan, Böyük Ulusumuzdan nümunələr gətirmək, örnəklər göstərmək əvəzinə yadlara üz tutduq, istinad elədik. Nəticə, bir çox milli dəyərlərimizin yadlar tərəfindən oğurlanaraq özününküləşdirilməsi böyük bir qisminin isə məhv edilməsidir. 


Türk qadını hələ at üstündəydi,
Fərhad Şirin üçün Bisütundəydi.
İbn(ə)ləri gəlib qəddini əydi.
Yad malıydı altı yaşında qiblən!  (İ.Türkoğlu)

Bu gün respublikada fəaliyyət göstərən bütün partiya rəhbərlərinin, dövlət orqanlarında olduğu kimi, dini məsələlər üzrə müşavirləri - köməkçiləri fəaliyyət göstərir. Bu partiyaların bir qismi Azərbaycanda demokratiyanın normal olduğunu, bir qismi olmadığını, digər bir qismi isə, diktaturanın hökm sürdüyünü iddia edir. Gəlin faktlara və reallıqlara əsaslanmaqla bəzi mətləblərə nəzər salaq. Hamıya aydındır ki, partiyaların dinə qarşı bu "diqqəti" bəlli kütləni - kontingenti öz tərəfinə çəkmək məqsədindən irəli gəlir.

Böyük Atatürk din amilindən istifadəni əxlaqsız siyasət adlandırırdı. Bir neçə il öncə partiyalardan birinin dini ideoloqu olan bir saqqallının Aşuranın dövlət səviyyəsində keçirilməsini və həmin günün qeyri-iş günü hesab edilməsini ciddi - cəhdlə tələb etməsi çoxumuzun yadındadır. Nardaran hadisələrində iştirak edən dini ekstremistlərin qəhrəman kimi təqdim olunması və partiya liderləri tərəfindən açıq-aşkar himayəsi də bir faktdır. Bu da bir faktdır ki, Nardaran qarışıq Bakı kəndlərinin çoxunda qız övladlarının orta məktəbə getməsi valideynləri tərəfindən yasaq edilib. Hələ də bizə sırınmış yad ideologiyaların əsirliyindən qurtulmaq istəmir, ona boyun əyməkdə davam edirik. Ey mənim "demokratiya carçıları" na çevrilmiş qardaş və bacılarım, Siz bir müsəlman dövləti göstərin ki, orada ortabab bir demokratiya olsun?! Heç bir tərəf saxlamadan etiraf edək ki, türk dövlətləri içərisində, Türkiyədən sonra, az - çox demokratik ab - hava Azərbaycandadır. Durmadan artan məscidlərə çəkilən xərcləri uşaq bağçalarına, məktəblərə, elm ocaqlarına da sərf edib, normal düşüncəyə sahib bir cəmiyyət qurmaq olmazmı?! Avropa demokratik quruluşa, demokratik təsisatlara kilsədən uzaqlaşmaqla nail olmadımı?


Başlamışdı dərdin farsdan öncəyə,
İtkin çoxdu hələ, rusdan öncəyə,
Gedib çıxdın, yenə Qarsdan öncəyə,
Xilaskarın, həmən Paşandı, qiblən!  (İ.Türkoğlu)

Tarixə qısaca nəzər yetirsək görərik ki, bütün zamanlarda dinin hakim mövqeyə can atması fəlakətlə sonuclanıb. Çox vaxt dinin hakimiyyət uğrunda apardığı, istər aşkar, istərsə gizli fəaliyyəti amansızcasına, haqlı olaraq boğulub. Belə hallar, dövlət sisteminin zorla dəyişdirilməsi, konstitusiyaya qəsd kimi dəyərləndirilib. İranda və Əfqanıstanda cevriliş nəticəsində dinin hakimiyyəti ələ alması və həmin dövlətlərin indiki mənzərəsi hamımıza bəllidir. Düşmənlərin uğurla işləyib hazırladıqları plan yüzillərdir ki, effektli şəkildə öz əlimizlə özümüzə tətbiq edilir. Artıq on ildən çoxdur qardaş Türkiyə də sürətlə bu fəlakətə doğru gedir. İnanın "əldə quran, öndə turan" la heç bir "hücrə" belə qurmaq mümkün olmayacaq. İstiqlala nail olan gündən müxtəlif dövlətlər tərəfindən Azərbaycana ixrac edilən dini ekstremizmin qarşısı hələ ki, dövlətimiz tərəfindən qətiyyətlə alınır. Gəlin bəzi partiyaların, qrupların, firqələrin korporativ, konyuktur maraqlarının obyektinə, insanlığa qənim kəsilmiş başkəsmək, boyunvurmaq, darağacı qurmaq kimi qanunlarla yaşayan, cənnət - cəhənnəm, süd gölləri, 72 huri - mələk nağılları ilə başını aldadan cəmiyyətə çevrilməyək. Cəmiyyətin cahilləşməsi torpaq itkilərimizdən də fəlakətlidir... Məişətinə zorla sırınan ərəb ideologiyası türkü bir-birinə qənim kəsdi. Ərəb "nağılında” əşyalaşdırılmış türk qadını nə zaman azad və özgür olacaqsa, türk kişisi də, cəmiyyət də AZAD olacaq.

Şanlı keçmişinlə, özünlə öyün,
Qoy çalınsın ”Cəngi” üstə toy - düyün.
Bayrağını hər gün öpüb qoyduğun,
Gözlərinin üstə qaşındı qiblən!  (İlqar Türkoğlu)