Elə bilirik unutduq, amma xeyr, əzizim, bəzi şeylər unudulmur, unudulmur; üstü qaysaq bağlamış yara kimi, yenidən qanaması an məsələsi; tanış bir görüntü, qırıq bir söz, ilıq bir təbəssüm, oynaq bir musiqi, tərbiyəsiz bir külək, şıltaq bir yağış, doğma bir qoxu... onu yenidən elə canlı xatırladır ki, sanki elə bu gün, bu gün baş verib.
Hə, lap elə bil bu gündü, bu gün, başımda bit olmadığı üçün əməllicə küsmüşdüm taleyimdən, dəqiq xatırlamıram, bəlkə bir küncə qısılıb ağlamışdım da. Zarafat deyil axı, o qədər növbə gözləyəndən sonra, həvəslə və həyəcanla uzanıb, başını ananın dizinə yaslayırsan, o da qımışıb, - qoy bacın gəlsin, - deyə ayırır səni mehriban dizlərindən: ay, oğlum, ay balam, sənin başında bit olmur axı...
İndisə məni düşündürən başqa şeydi: axı, ilin-günün bu vaxtı birdən-birə hardan gəldi, necə gəldi ağlıma bu xatirə? Olmuya başıma bit düşüb...? Ehh, əzizim, anamın əlləri yoxsa rədd olsun bit də, birə də... elə kürə də!
Hamısı əlahəzrət yaddaşımızın oyunlarıdı, yaddaşımızın; məsələ bu ki, bizim yaddaşımız assossiativdi. Bizi bir-birimizdən uzaqlaşdıran da, vuruşduran da, döyüşdürən də, adətən elə budur. Məsələn, səhər tezdən dilimə hansı mahnı düşsə yaxşıdı: "anam sənə qurban, ay sarı köynək!" Bir saatdı dayanmadan zümzümə edirəm və elə bir saatdı da düşünürəm, axı bu mahnı necə oldu, hardan gəlib siqaret giləsi kimi dürtüldü dodaqlarımın arasına? Bəlkə, pəncərədən baxıb hansısa ağacın başında sarı yarpaq görmüşəm? Bəlkə atdığım dərmanların rənginin hoqqasıdı? Bəlkə elədi, bəlkə belədi... Bu nə oyundu axı, mən hara, "sarı köynək" hara? Bilmirəm, tapa bilmirəm, amma əminəm, bunu da o düzüb qoşub - assossiativ yaddaşım:
Nəsə görüb, nəyisə xatırlayıb.
Ağıllı telefonlarda da var belə funksiya, məsələn, "alma" yazmaq istəyirsən, "al" yazan kimi assossiativ yaddaş dərhal "Allah" sözünü təklif edir: nədir, nədir, bu iki sözün ilk iki hərfi bənzərdir. Tutalım, Mamed adlı bir nəfər haçansa səni bərk incidib, indi Həsən adlı biri sənə yaxınlaşmaq istəyir, nədənsə qıcıq olursan, istəmirsən, qovursan onu, sadəcə buna görə ki, yazıq Həsən zahirən Mamedə oxşayır. Talesizliyə bax də! Məsələ bu ki, alt-şüurun bu tip oyunlarından çox az insanın xəbəri var. Həsən əsla pis oğlan deyil, yox, onun bəxti bunda gətirməyib ki, üzü, gözü, saçı... Mamedi xatırladır. Şəxsən məndən səbəbsiz narahat olan bir xeyli insanı bu yolla anlayır, bu tezislə başa düşürəm: problem məndə deyil, adamın assossiativ yaddaşındadı.
Nəsə görüb, nəyisə, başqa bir şeyi xatırlamaqdı - assosiativ yaddaş, özü də bəzən o iki şey arasında yerlə göy qədər uzaqlıq olar, məsələn, alma hara, Allah hara? Lakin edər bunu yaddaşımız və bizi salar bəlaya. Olsun ki, bu dünyadakı hər şey, hər şey Allahı xatırladır, fəqət "alma almaya bənzəyər”, əzizim, Allaha deyil.
Doğulan gündən formalaşmağa başlayar assossiativ yaddaşımız, elə bil, yeni ağıllı telefon almışıq, hər yazılan kəlməni, hər xatirəni, hər simanı bir-bir yaddaşına həkk edər beynimiz, amma icrada ağıllı telefonlar kimi, ağlımız da bəzən qatar-qarışdırar, oxşadar, bənzədər, xəta edər: Allahı axtararıq, alça təklif edər. Alçanı yeyib, Allaha ağız büzərik, elə bilərik, Allahdı turş olan.
Dayan, əzizim, dayan, tapdım, səhərki bit-birəli xatirəmin qaynağını tapdım. Hə, hə, o videorolik, o lənətəgəlmiş videorolik və bir ananın xərçəngə tutulmuş oğlu haqda dediyi o dəhşətli cümlə:
Bu gün artıq saçlarını da kəsdilər...
İlqar Kamil
Qadinkimi.com