Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət dilədi, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlətimizin başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirdi.
Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. "Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”,- deyən dövlətimizin başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirdi, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu dedi. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırdı. Keçən il prezident seçildikdən sonra ilk Fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlətimizin başçısı bu Fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirdi, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını dedi. Dövlətimizin başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirdi.
Sonra dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etdi.
Daha sonra şəhid anası İbadət Əliyeva, şəhid atası Şirvan Nüsrətov, şəhid həyat yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi Sevinc Quluzadə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlətimizin başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğuladı. Bildirdi ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını dedi, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirdi. Dövlətimizin başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğuladı. "Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, - deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.
president.az