SEVGİ
İkinci Mahmud yazır: Sevgililər günündə “səni sevirəm” sözünə görə bıçaqlanmaq … Tarix : 30 İyun 2019, 09:06
Yazar : Qadinkimi.com
"Tez-tez soruşurlar ki, əsl kişilər hara yoxa çıxdı? Cavab verirəm: əsl kişilər əsl qadınların yanına getdilər.” (C. Stetheym, Hollivud aktyoru)

 
Sevməyi yadırğamış bir cəmiyyət sevgililər gününü qeyd edir, necə də kədərlidir! Hər şeydən tez bezən adamam, ona görə də bütün işlərim ala-yarımçıqdı. Bir də görürsən, həvəslə başladığım bir işi axıra çathaçatda yarımçıq qoyub keçirəm başqa birinə, onu da yarımçıq qoyub keçirəm başqasına... Deməyim o ki, mənə çox da bel bağlamayın, heç bu yazını da sona çatdıracağıma söz vermirəm. Küçə ilə gedəndə yol darıxdıcı olmasın deyə sağa-sola baxır, maraqlı nəsə axtarıram. Ən çox da yolboyu düzülən dükanların, kafe-retoranların adını, reklam lövhələrini, təklif olunan xidmətlər haqqında elanları oxumağı çox sevirəm.

Elə maraqlı adlara rast gəlirəm ki, adamın lap tükü biz-biz olur. Bir də görürsən, zırıltı bir şadlıq sarayı tikib adını qoyublar "Kolizey”. Kolizey ha! Yaxud tez-tez təklif olunan xidmətlərin arasında belə bir qəribə xidmətə rast gəlirəm: "Servis xidmətləri”. Ha fikirləşirəm, bir yana çıxa bilmirəm, "servis” ingilscə elə "xidmət” deməkdisə, əcəba, bu elanda nədən söhbət gedir? Bir də onda ayılıram ki, burnum dirənib işiq dirəyinə, kor dəyirman kimi yerimdə addımlayıram, yoldan keçənlər qolumdan tutub dartışdırırlar: "A bala, min fikir bir dərdi ödəmir, çox dərinə getmə!” Nə isə… Bu söhbətdən bezdim, keçək başqasına.

Təxminən iki ay öncə yenə yolun kənarındakı reklam lövhələrini oxuya-oxuya İncəsənət Universiteti tərəfdən üzüyuxarı- Cavid parkına doğru gedirdim. Qabağıma maraqlı bir lövhə çıxdı, reklam banerləri üçün nəzərdə tutulmuş böyük bir lövhədə yazılmışdı: "Aynur, səni sevirəm. Mənə ərə gələrsən?” Bir az aşağıda iki dənə qırmızı ürək şəkli çəkib, ürəyin də birinə ox sancmışdılar. Hələ ordan bir-iki damcı da qan süzülmüşdü aşağı. Görünür, Aynur xanım hər gün o yolla gedib-gəlirmiş, sevgilisi də ona belə bir evlilik təklifi etmək qərarına gəlib. Gözəl! Əla! Bəyənilsin! Amma bu, nəyəsə görə mənə bir az qəribə göründü. Doğrudanmı, Azərbaycan cəmiyyətində "evlənmə təklifi” məsələsi aktualdı? Məncə, yox. Necə yəni, evlənmə təklifi?! Başqa cür də ola bilər ki?! Fikrimcə, həmin igid türk seriallarının romantik qəhrəmanlarını təqlid etməyə çalışıb. Tərsliyə bax ki, türk cəmiyyətinin özündə də belə bir dəyər mövcud deyil, onlar da avropalıları təqlid edirlər. Nə isə... Bu söhbətdən də bezdim, keçək başqasına. Bizə sevməyi öyrətməyiblər.

"Sevmək” sözündə qorxmuşuq həmişə. Sözdəki gözəlliyə bax, İlahi: "sevmək”, "sevgili”, "sevişmək”. Fikir vermişəm, oğlanlar sevdikləri qız haqqında danışanda "sevirəm” sözündən istifadə etməyə çəkinirlər nəyəsə görə, bunu "istəyirəm”lə əvəz edirlər çox vaxt. Hələ bir qayıdıb soruşanlar da olur: "Fikrin ciddidir?” Nə axmaq sualdi: "Fikrin ciddidir?” Bir neçə il bundan əvvəl türkiyəli sosioloqlar maraqlı bir araşdırma aparmışdılar. Bir qrup tədqiqatçı Anadolunu kəndbəkənd gəzərək qadınlar arasında sorğu keçirmişdi. Onlar kənd qadınlarına bağlı zərf paylamış və xahiş etmişdilər ki, kənddə ən yaraşıqlı hesab etdikləri kişinin adını həmin kağıza yazsınlar.

Sorğu anomin aparılırdı, hansı qadının hansı kişinin adını yazdığının gizli qalacağı barədə təminat verilirdi. Nəticə dəhşətli idi: sorğuda iştirak edən qadınların 94 %-i kəndəki ən varlı kişinin adını yazmışdı. Bu bəsit araşdırma türk, daha geniş mənada Şərq qadınının pula, hakimiyyətə olan münasibətini daha aydın ifadə edir. Burda var-dövlətə, hakimiyyətə olan hərislik, könüllü şəkildə ram olma alışqanlığı estetika anlayışını üstələyir, daha doğrusu bu anlayışı məhv edir.

Mən o qadınların səmimiyyətinə inanıram, məncə onlar, doğrudan da, yaraşıqlı hesab etdikləri kişilərin adını yazmışdılar. Və bu daha acınacaqlıdır! Bizdə ailələr qarşılıqlı sevgiyə və hörmətə əsaslanmır, ailə məsələsinə biz al-verçi təfəkkürü ilə yanaşırıq. Şəhər oğlanları kənd qızı axtarırlar, kənd qızları şəhər oğlanı.
Yaxşı olar ki, oğlan imkanlı ailədən olsun, yaxşı işi olsun, mütləq evi, hər cür şəraiti olsun. Bəs o evi birlikdə qurmaq? Bu haqda heç düşündünüzmü, qızlar? Kişilərimizin isə istəyi bəsit və bayağı: onlar sadəcə yemək bişirməyi və paltar yumağı bacaran, doğa bilən maşın axtarırlar, vəssalam.

Bir dostum evlənmək istəyirdi, evdə söz düşəndə anasına demişdi ki, gedin, qız tapın, evlənim. Sual verdim ki, əgər sevdiyin yoxdursa, niyə evlənirsən, səni məcbur edən yoxdu axı? Mənə verdiyi cavaba baxın: "Öz paltarımı özüm yumaqdan bezmişəm”. Universitetdə bir müəllimimiz var idi, yaşı 40-ı haqlasa da, evlənməmişdi. Bir dəfə uşaqlar sual vermişdilər ki, müəllim niyə evlənmirsiz? Demişdi, bir şeyin ki, qiyməti "6 şirvan” olsun, niyə evlənim axı?! Sevməyi yadırğamış bir cəmiyyət Sevgililər gününü qeyd edir. İşə bax ki, bizim ildə iki sevgilər günümüz var: 14 Fevral və 30 İyun. Bu iki tarix haqqında uzun-uzadı danışmaq istəmirəm, onsuz da mətbuatda gen-bol informasiyalar gedəcək. 30 iyun 20 Yanvar şəhidləri İlham və Fərizənin evləndikləri gündür. Kədərli əhvalatdır. Əgər bu hadisəni əsl sevgi əhvalatı saymaq olarsa, qoy olsun.

Amma mənə elə gəlir ki, 30 İyunu "Sevgililər günü” kimi qeyd etmək istəyimiz bu kədərli əhvalatın verdiyi mesajdan daha çox, "Bizim niyə ayrıca sevgililər günümüz yoxdur?!” hikkəsindən doğur. Getdikcə dünyadan uzaqlaşırıq, özümüzə qapanırıq. Anlayışların əvvəlinə "milli” sifəti artırıb lovğalanırıq: "Bundan bizdə də var!” "Milli Hidro-meteorologiya bürosu”, "Milli Onkologiya Mərkəzi” və s. Nə isə... Bu söhbətdən də bezdim, keçək başqasına.

Qəribə bir cinayət faktını xatırlayıram. Hadisə bir neçə il öncə Bakıda, özü də Sevgililər günündə baş vermişdi. Bir yeniyetmə başqa bir həmyaşıdını küçənin ortasında bıçaqlayıb qanına-qəltan etmişdi. Müstəntiqin "Cinayəti nə səbəbdən törətdin?” sualına isə belə cavab vermişdi: "Oğraş bacıma demişdi ki, səni sevirəm.” Sonra da tez-tələsik, növbəti sual gözləmədən qətiyyətlə əlavə etmişdi: "Peşiman deyiləm!”

Təsəvvür etməyə çalışın, "Səni sevirəm!” sözünə görə. "Sənə nifrət edirəm!” yox ha, "Səni sevirəm!” Bundan gözəl nə söz ola bilər axı: "Səni sevirəm!” Nə isə... Bu söhbətdən də bezdim, keçək başqasına.     

30 iyun tarixi mənim üçün də əlamətdar gündür, mən bu tarixdə evlənmişəm. Yox, daha bu söhbətdən bezmək olmaz, özümü zibilə salmaq istəmirəm! Ona görə də yazını burdaca bitirib gedirəm, sevgiylə qalın!


Qadinkimi.com