YAZI / DÜŞÜNCƏ
HƏR ŞEY "PAYTAXT"DAN BAŞLADI Tarix : 18 Noyabr 2019, 14:26
Yazar : Qadinkimi.com
... Hər şey "paytaxt"dan başladı - "paytaxt" ("stoliçniy") salatından. Biz onun hazırlanma qaydasını tələbə olarkən şəhərdə öyrəndik. Özəl günlərin birində hazırlayıb süfrəyə qoyduq.

Nənələrimiz bəyənmədi bu "qarışıq-bulaşıq" təamı. Biz onlara geridəqalmış kimi baxdıq, onlar bizə yolunu azmış kimi... Biz israr etdik, onlar narazı qaldı... Beləliklə, aramıza çat düşdü. Süfrədən başlayan bu ayrılıq həyatımızın hər sahəsinə yansıdı. "Axı, biz nə yeyiriksə, oyuq". Gülməyə başladıq toyda yalnız parça-bozbaş və dovğa verənlərə. "Zövqsüzdü" dedik iynəylə şişirdilmiş toyuqların gombul-gombul budlarından soyutma verməyənlərə. Sonra süfrəmizə "stoliçniy" ilə birgə bir düjün soyuq təamlar ayaq açdı. Kəmiyyət artdıqca keyfiyyət azalmağa başladı... Süfrədəki xaos mənəviyyata hopdu, "biz nə yeyiriksə, oyuq" axı...

Yeni nəsil köhnə nəsli monotonluqda qınadı, köhnə nəsil yeni nəsli özünə sayğısızlıqda... Yenilik adına başqa millətlərin süfrəsindən qalma təamlar yeridildi zehinlərə... Mənəviyyatda da aşınma, zəhərlənmə, dadsızlaşma, inamsızlıq, kəmiyyətin keyfiyyəti üstələməsi baş verdi... Sonra ucuz seriallar ayaq açdı, meydan suladı telekanallarda. Hətta "stoliçniy" salatı qəbul etməyən nənələr belə serial qəhrəmanının sağ qalması üçün seyidlərə, ağalara nəzirlər dedilər... Ölənlərin ruhuna ehtiram, dirilərə inam azaldı. Qonşu kəndlərdə rəhmətə gedənlər üçün bir həftə radio-televizorlarını açmayan insanlar indi öz yaxınlarının yasından belə tələm-tələsik qaçıb sevimli seriallarına çatırdılar. Sonra xaricə axın başladı. Bizdən xaricə oğullarımız - gücümüz - qüdrətimiz getdi, xaricdən bizə qarışıq, mənşəyi bilinməyən təamlar gəldi. Bağı-bostanı tək becərə bilməyən qalanlar məcbur qalıb bu yad təamlara alışdılar - ağızların dadı qaçdı... Köçəri quşa dönən balaların bəziləri tabutda döndü geri. Qazanca gedən oğulların nəşini gətirmək üçün yeganə gəlir mənbəyi mal - qoyunlar. hətta ata ocağı evlər satıldı. Dul qalmış gəlinlər, yiyəsiz qalmış qızlar serialların qarşısında təzə yeriş, təzə davranış, təzə danışıq, təzə əxlaq öyrəndilər. Ailənin müqəddəslik sehri sındı, körpələr yetim qaldılar. Kişilər qorumadıqları qadınları öldürdülər "namussuzdu" damğasıyla, həbsə girdilər - əsl namusları olan qız balaları kimsəsiz qaldı, namussuz kişilərin nəfsinə tuş oldular... Öz gözlərində tiri görmədən başqasının gözündə tük axtaranlar sürətlə ədalətsizləşdilər, toplumlar mənlərə çevrildi. Böyük səadət kiçik parçalara bölündü. Uca - uca imarətlər, hündür - hündür hasarlar tikildi. Səadət adına tikilən bu saraylar əslində, havasızlaşdı, zindana döndü. Yalnız mənlərin səadəti uzun sürmədi. Kiçik çaylar böyük dəryalarda qorunar, əsl səadət böyüklüyün damlası, zərrəsi olmaqdı.

Böyük imarətlər sınaq şüşəsinə döndü. Kapitalizm öz sehirli çubuğu ilə irimiqyaslı təmərküzləşmə və monopoliyalar oluşdurdu. Payların qeyri-bərabər bölünməsi fərdlər arasındakı bağlılığı qırdı, uçurumlar yaratdı. Bu uçurumlara, boşluqlara yad nəfəslər soxuldu, bu çatlarda bəd niyyətlərin təməli qoyuldu. İmarətləri qoruyan hasarlar sərhədləri qoruya bilmədi. Torpaqlar itirildi.
Hər şey "paytaxtdan" başladı - "paytaxt" salatından. "Axı, biz hər nə yeyiriksə, oyuq"...
          

Xatirə Rəhimbəyli, pedaqoq, şair
525 – ci qəzet
 

qadinkimi.com