Cina Meycors İngiltərədə yaşayır. 2 qız anasıdır. O, böyük qızının 18 yaşına maraqlı hədiyyə hazırlayıb. Bu ananın öz qızına ürəyindən keçən, həyat təcrübəsinə əsaslanan məsləhətləridir. Ana hesab edir ki, bunlar qızına kömək edəcək, onun vaxtını – ömrünü əbəs yerə xərcləməsinin qarşıısını ala biləcək. Bu məsləhətlərin oxucularımız üçün də maraqlı olacağını düşünürük:
1. İlk növbədə özünü sev. Öz dəyərini bil.
2. Orta məktəb həyatın reallıqlarından uzaqdır. Bunu unutma.
3. Həyatın boyu fərqli insanlarla tanış olacaqsan. Məqsədsiz, yüngül həyat tərzinə meylli insanlarla rastlaşacaqsan. Oz qiymətini bil və onlardan, xüsusən də yüngül əxlaqlı qızlardan uzaq ol.
4. Dost deyə biləcəyin birini tapmısansa, harda olmağından asılı olmayaraq onu itirmə.
5. Əşyalar səni xoşbəxt etməyəcək.
6. Heç kimi mühakimə etmə, amma mühakimə oluna biləcəyinə də hazır ol. Bu səni qorxutmasın.
7. Birinci yalanının bəhanələrinə inandığın adamdan ikinci yalandan sonra uzaq dur.
8. Hər problem həyatın sonu deyil.
9. Nə uğruna savaşacağını dəqiqləşdir, hər şey üçün savaşmaq gərəksizdir.
10. Özünü başqalarıyla müqayisə etmə. Onlar heç vaxt sən olmayacaq.
11. Kiməsə aşiq olacaqsan. Nə qədər sevməyindən asılı olmadan özünə hörməti itirmə.
12. Susma. Sənin öz səsin var. Sadəcə harda və nə danışacağına diqqət et.
13. "Yox” deməyi öyrən. Lazım gələndə bunu bacarmalısan.
14. Hər kəs həyat hekayəsini özü yazır. Çalış bütün səhifələrdə xoş hadisələr olsun.
15. Heç bir kişini axtarma. O özü səni tapmalıdır.
16. Komplimentləri doğru dəyərləndir, onlara inamsız yanaşma.
17. Həmişə dürüst ol.
18. Təklikdən qorxma. Özün kimi qalaraq xoşbəxt ol.
19. Hiss etdiklərini bölüşməkdən çəkinmə.
20. Mübahisə etmək olar. Sənə aid olmayan məsələlərdə yox.
21. Əlinə düşən kitabları oxu. Bilik – gücdür.
22. Əgər tanış olduğun oğlan mütaliə etmirsə, dərhal ondan uzaqlaş.
23. Sən mülkiyyət deyilsən.
24. Özünü müdafiə etməyi öyrən. Bunu bacarmalısan!
25. Uğursuzluqdan qorxma. Uğursuzluq öyrədir.
26. Sosial şəbəkədə paylaşım edəndə düşün ki, bunu qəzetin birinci səhifəsində çap etdirmisən. Çünki sən peşman olub onu pozsan da artıq gec olacaq.
27. Başqalarına kömək et. Bu xoşbəxtlik hissi yaradır.
28. Nəzakətli ol, təşəkkür etməyi unutma.
29. Hissiyatına güvən.
30. Xoşrəftar, mehriban ol.
31. Sənin davranışların sözlərindən önəmlidir. Səni davranışların təqdim edir.
32. Hisslərini gizlətmə, onları çatdırmağa çalış.
33. Hər şeydə gözəllik axtar.
34. Səni sevən insanlarla ünsiyyəti itirmə.
35. Özünə güvən. Özünə güvənənlər cəlbedicidir.
36. Ehtiyacın olduqda ağla. Göz yaşları da güc verir.
37. Şənlənməyi də unutma. Gülüş ürəyin dərmanıdır.
38. Musiqi?Əlbəttə yaxşıdır. Rəqs et.
39. Sözlərlə ehtiyatlı davran. Sözlər həm körpü salır, həm də onları dağıda bilir.
40. Ev – yaşadığın yer deyil, sevildiyin yerdir.
41. Üzr istəmək acizlik deyil.
42. İşləməkdən qorxma. İşlə. Həmişə özünü təmin etməyi bacar.
43. Bilirəm ki, arada məndən zəhlən gedir, amma analar həmişə sevir.
44. Unutma, analar sevməkdən vaz keçmir.
45. Mən həmişə səni dinləməyə hazıram.
46. Sən gözəlsən, güclüsən, daha çox şeyə nail ola bilərsən. Heç kimin bu duyğuna xələl gətirməsinə imkan vermə.
47. Güvənmədiyin birinə zaman xərcləmə.
48. Əslində ömür bu gündür. Sən dünəni dəyişdirə, sabahı nəzarətdə saxlaya bilməzsən. Sənin olan bu gündür. Sadəcə xoşbəxt olmağa çalış.
Çevirdi: KAMALƏ ABİYEVA
qadinkimi.com