Dağçılıqla nə vaxtdan məşğul olursunuz?
Üç il öncə iş yoldaşlarım Heydər zirvəsinə getmişdilər. Onların səfər təəssüratlarını eşidəndə çox həvəsləndim. İş yoldaşlarımdan biri mənə söz verdi ki, növbəti dəfə məni də özü ilə aparacaq. İş elə gətirdi ki, həmin dostum yol qəzasında dünyasını dəyişdi. Zaman keçdi, növbəti səfər vaxtı gəlib çatdı. Sözün açığı, əvvəl getmək istəmədim. Həmin dostum yadıma düşdü, özümü yaxşı hiss etmədim. Daha sonra fikrimi dəyişdim. Çünki biz vəd etmişdik. Digər dostlarıma qoşulub, Qızılqaya massivində yerləşən Heydər zirvəsinə yollandım.
Fəridəylə də həmin səfər zamanı tanış oldum. Hələ də yaxşı xatırlayıram. Möhkəm qar yağırdı. Çadırımız peşəkar dağ çadırı olmadığı üçün içərisi çox soyuq idi. Fəridə məni yeməyə dəvət etdi. Daha sonra zirvəyə doğru dırmandıq. Zirvəyə çıxmaq mənim üçün asan idi. Fəridə məndən qabaqda gedirdi. İstirahət vaxtı məndən soruşdu: Sən heç dağa dırmanmısan?
— Yox.
— Bəs hansısa klubun üzvüsən?
— Yox.
— Ümumiyyətlə, təcrübən var?
— Yox.
— Əla! Səndən çox gözəl dağçı olar.
Fəridəylə və dağlarla ilk tanışlığım belə oldu.
Dağçılıqda ən vacib təhlükəsizlik tədbiri hansıdır?
Bu, dağın növündən asılıdır. Elə dağlar var ki, marşurutu təhlükəsiz və asandır. Ancaq elələri də var ki, buz baltası olmadan çıxmaq mümkün deyil. Çünki orada səni hər an sürüşmə gözləyir. Qollarım elə də qüvvətli deyil. Ona görə də buz baltası olmadan heç bir dağa getmirəm.
Bundan başqa kəndirdən istifadə edirik. Dağçılıqda bu, sığorta adlanır. Bəzi dağlar da var ki, kaska mütləqdir. Savalan dağının xarakterini bilmədiyim üçün ora kaskasız getmişdim. Dırmanarkən bir neçə də başımı zədələdim. Elbrus dağına dırmanarkən isə krampondan (red. ayaqqabıya taxılan dəmir altlıq) istifadə etmişdim. Krampon buz və qar üzərində sürüşmənin qarşısını alır.
Fiziki hazırlığınız üçün nə edirsiniz?
Gündəlik idmanla məşğul olarkən özünüzü nəinki dağa dırmanarkən, ümumiyyətlə hər gün gümrah hiss edirsiniz. Hal-hazırda cədvəlim sıx olduğu üçün həftədə yalnız üç dəfə qaçıram. Ancaq keçən il bir gün fitneslə, digər gün isə üzgüçülüklə məşğul olurdum. Bu, həm ağciyərləriniz, həm də möhkəm əzələyə sahib olmağınız üçün faydalıdır.
Dırmandığınız ən yüksək zirvə hansıdır?
Elbrus, 5642 metr. Dağ kənardan çox rahat görünürdü. Ancaq səfərdən öncə Elbrusda dəfələrlə olan dağçı yoldaşlarımdan fiziki və psixoloji hazırlıq baxımından məsləhətlər almışdım. Onların tövsiyəsi məni bir az qorxutmuşdu. Mənə demişdilər ki, Elbrusda ölənlərin sayı Everestdə ölənlərin sayından çoxdur. Ancaq hava yaxşıdırsa, bələdçiniz təcrübəlidirsə və fiziki hazırlığınız qaydasındadırsa, rahat enib-düşəcəksiniz. Əks halda, yolu azıb, hansısa buz çatına düşə bilərsiniz. Elbrusda bir yer var, birnəfərlik yoldur. Ölüm halları ən çox burada müşahidə olunur. Necə bir təhlükəli yerə getdiyimi anlayırdım.
Zirvəyə çatdıqda özünüzü necə hiss edirdiniz?
Sonuncu saldığımız düşərgə 4800 metr yüksəkliyində yerləşirdi. Elbrus kimi hündür dağlara bir günə qalxıb enmək olmur. Bu, həm vaxt, həm də fiziki baxımdan mümkün deyil. Belə dağlar tələb edir ki, hava şəraitinə, təzyiqə uyğunlaşmaq üçün bir neçə gün dağda qalasan. Bizim isə vaxtımız çox az idi. Səfərimizin üçüncü günü dağa dırmandıq. Fikirləşirdim ki, üç günlə on gün arasında elə də böyük fərq olmaz. Ancaq dağa dırmandıqca qət edilən hər metrdə bədən oksigensiz şəraitə dözə bilmir, üsyan edirdi. O zaman başa düşdüm ki, bu, həm bədən, həm də beyin üçün ciddi zərbədir. Klimatizasiya dövrü çox vacibdir.
Əvvəl dağçı yoldaşlarım məndən irəlidə gedirdilər. Mən asta, ancaq çox yol qət edən biriyəm. Dağın bir nöqtəsinə çatanda gördüm ki, yoldaşlarımın vəziyyəti elə də yaxşı deyil. Dağa çıxmaq təkcə fiziki hazırlıq tələb etmir. Bədən təzyiqə öyrəşməyəndə qusma və şiddətli baş ağrısı başlayır. Hətta bu zaman hallüsinasiya (red. qarabasma) görənlər də olur. Məndə vəziyyət qəribə idi: hündürlüyə alışdıqca özümü yaxşı hiss edirdim. Zirvədə isə daha yaxşı idim.
Hədəflədiyiniz zirvə hansıdır?
Everest. Olduğum planetin ən hündür zirvəsinə çıxıb, o hissi yaşamaq istəyirəm. Həm də arzulayıram ki, Azərbaycan qadını o zirvəni fəth etsin.
Qadınlardan söz düşmüşkən, dağçılıqda gender balansı necə olmalıdır?
Mənə dağa kişilərlə getmək daha asandır. Təcrübəmdə qadınların olduğu qruplarla istər dağa, istərsə də yürüşə getdiyim olub. Qadınlar çox kaprizli olurlar. Dağ elə bir yoldur ki, danışmağa vaxt olmur. Dağa dırmanarkən söhbətə vaxt və enerji sərf etmək istəmirəm. Qadınlarsa, adətən bunu sevirlər. Elə yerlərə kişiylə getmək daha asandır. Səhər "dur” deyirsən, hamı durur. "Ye” deyirsən, hamı yeyir. "Get” deyirsən, hamı gedir. Qadınlarla vaxt itkisi olur. Biri saçını darıyır, biri üzünə nəsə vurur. Dağda hətta bəzənən qızlar da görmüşəm. Qadınlarla getmək mənə həddindən artıq çətindir, ona görə də bundan sonra da seçimimi kişilərlə etməyi düşünürəm.
Ancaq bunu da qeyd edim ki, qadınlar dağda çox dözümlüdürlər. Çevikdirlər, tez çıxış yolları axtarıb tapa bilirlər və bədənləri dağa daha yaxşı adaptasiya olur. Kişilər isə adətən baş ağrısında belə dayanırlar, tez vaz keçirlər.
Dağa yola düşmədən öncə qızınız Sara ilə söhbət edirsinizmi? Təhlükənin mümkünlüyünü ona necə izah edirsiniz?
Həmişə çalışıram ki, Saraya reallığı anlayacağı dildə izah edim. Hər bir anımız təhlükədən ibarətdir. Adi bir yol keçməyimiz belə böyük bir təhlükədir. Bunu ona izah etmişəm. Səfərimi kimdən gizli saxlasam da, Sarayla həmişə bölüşürəm. Ona fiziki cəhətdən hazır olduğumu, sağ-salamat geri qayıtmağa çalışacağımı və kainatın mənə kömək olacağını söyləyirəm.
Yeni başlayanlar üçün dağçılıqla bağlı üç qızıl qaydanız hansıdır?
İlk öncə, peşəkar bələdçi olmadan heç bir yerə getməyin. İkinci məsələ, təchizatlı olmaqdır. Şəhərə geyindiyin ayaqqabı ilə dağa getməməlisən. Qətiyyən! Dağ ayaqqabılarının xüsusi funksiyaları var: sürüşməyə, barmaqları donmağa qoymur. Ayaq rahat hərəkət edə bilir. Zədələnmənin qarşısını alır. Xüsusi geyimlər isə su keçirmir, sizi donmağa qoymur. Yaxşı təchizatınız yoxdursa, heç təpəyə də dırmanmayın. Son olaraq, psixoloji hazırlıq. Təcrübəmdə fiziki cəhətdən güclü insanlarla dağa dırmandığım olub. Ancaq dağın müəyyən hissəsinə çatdıqda fiziki güc sizə o qədər də lazım deyil. Dağın elə bir nöqtəsi var ki, oradan zirvəyə səni beynin, ruhun və inamın aparır.