HÜQUQLARIMIZ
Həmrəylik qələbə və sevincdir Tarix : 30 Aprel 2021, 13:56

May ayını çox sevərdim. Ayların ən mehribanıydı mənimçün. İl uzunu həsrət yaşadan yasəmən ətirliydi. Bəlkə də ilk günü bayramla başlayırdı ona görə? Həvəslə 1 maya, sonra 9 maya hazırlaşardıq. Hər ikisi bayram idi. 1 mayda nümayiş olardı – "parad” deyərdik. Bu günün tarixini öyrədirdilər bizə.

Çox olaylar yaşayan günü "Zəhmətkeşlərin həmrəylik günü” kimi qeyd etmək 1889 – cu ilin iyulunda II İnternosionalın Paris Konqrensində qərara alınıb. Bu 19 – cu əsrdə, xüsusən də əsrin 2 - ci yarısında bir çox Avropa ölkələrində 8 saatlıq iş günü uğruna, 15 – 16 saatlıq iş rejimi müqabilindəki az maaşa, uşaq əməyinin istismarına qarşı aparılan mübarizənin, etiraz aksiyalarının nəticəsi idi. İlk dəfə 1856 – cı ildə Avstraliyalı işçilər bir gün özlərini işdən azad edərək, "8 saatlıq iş günü” tələbiylə nümayiş keçirirlər. Nümayişin təsiri güclü olduğundan hər il nümayiş keçirmək qərarına gəlirlər və bir çox ölkə zəhmətkeşləri bu qərarla həmrəy olur. Bu həmrəylik , məndən fərqli olaraq, indi çoxlarının can atdığı Amerikaya da güclü təsir edir. Amerikanın minlərlə iştirakçısı olan etiraz nümayişləri də güclü etirazla qarşılanır. Burjuaziya güzəştə getmək istəmir. Bu mübarizədə yüzlərlə həbslər, ölümlər olur. Buna baxmayaraq 1890 – cı ildən 1 may zəhmətkeşlərin həmrəylik günü kimi bir çox ölkələrdə qeyd olunmağa başlayır. İnsanın öz hüquqlarını qoruması - dəyərini anlaması istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və muzdlu əməyə əsaslanan, bir qrup insanın varlanmasına xidmət edən kapitalizminin inkişafına da təsir edib. Necə deyərlər, zəhmətkeşlər öz bayramına min bir zəhmətlə nail olublar. Beləcə1 may"Dünya zəhmətkeşlərinin həmrəylik günü” – "Beynəlxalq Əmək Bayramı” kimi özünə tarixdə yer edib.

SSRİ – də bu gün təntənə ilə qeyd olunardı. Gözləyərdik bu günü. Səhər tezdən bəzənib – düzənib nümayişə gedərdik. Hər tərəf də bərbəzəkli. Əslində sosializmdə yaşayırdıq: nə 15 saatlıq iş günü, nə uşaq əməyinin istismarı kimi problemlər yoxdu. Ona görə də bayram havası olardı. SSRİ dağılandan sonra bizdə bu gün qeyd olunmur, ləğv olunub yəni. Yəqin daha zəhmətkeş deyilik, ya həmrəy deyilik, ya da həmrəylik lazım deyil. Bəlkə də 8 saatlıq iş günü, uşaq əməyinin istismarı heç kimi maraqlandırmır. Məndən olsa, bu bayramı xüsusi qeyd edərdik. Nə gözəl olardı: bütün insanlar zəhmətkeş və həmrəy olardı. Dünya da bayram edərdi. Əslində dünyanın 100 – dən artıq ölkəsində 1 may ictimai, 70 – dən artıq ölkəsində rəsmi bayram kimi qeyd olunur. Sosial bərabərliyə çağıran şüarlar, tələblər də, qarşıdurmalar da olur. Amma bir əsrdən çoxdu ki, bu gün qeyd olunur. Çünki Həmrəy və zəhmətkeş olmaq çox gözəldi. Gözəlliyi isə qorumaq, onun uğrunda savaşmaq lazımdı.Təəssüf ki, bunu bacarmırıq. Amma bir vaxtlar əlimizdə gül-çiçək, rəngbərəng şarlar nümayişə çıxardıq. Hamı sevinərdi. Üzlərdə təbəssüm olardı. Mən də sevinərdim hədsiz. Bəlkə əslində dünya insanlarının heç vaxt həmrəy olmadıqlarını anlamırdım. Bəlkə anlayırdım və mümkünsüz olanın bir gün də olsa mümkün olduğuna inanmaq istəyirdim? Bilmirəm, yəni xatırlamıram.

Bilirəm ki, hər şeyi vaxtında anlamaq olmur. İnsanın ağlının da, ürəyinin də, gözünün də bir pəncərəsi var elə bil. Bu pəncərələr həmişə açılmır. Bəzilərində heç açılmır. Amma o pəncərələr açıq olanda insan həyatı başqa cür görür, duyur, ağlından keçirir. Onda o həyatı çirkinləşdirən nəsnələr haqda yox, gözəlləşdirmək haqda düşünür. Bəlkə bu sıxıcı günlərin səbəbkarı Taclı virus da o pəncərələri açmaq üçün gəlib? Deyir ki, baxın, həyata - dünyanıza baxın. Bu həyatı sevdinizmi? Sizin olan dünyanı qorudunuzmu? Baxın: bir virusa qalib gəlmək üçün sizə villalar, şəxsi təyyarələr, bank hesabları lazım deyil - həmrəylik lazımdır.Ölüm heç kimin cibinə baxmır axı. Həmrəy olub bir – birinizi qorumaq lazımdır – anladınızmı? İnsanlar bir – birindən qorunaraq deyil, bir – birini qoruyaraq yaşamalıdır. Yalnız həmrəylik – birlik bizi qoruya bilər.

 

1 may zəhmətkeşlərin günüdür 


P.S. Həmrəylik bayramının sevincini xatırlasam da, yenə yaşamaq istəsəm də, mayda sevinə bilmirdim. Şuşa dərdi vardı mayın. Heç bir ayda sevinmək olmurdu. Amma indi əvəzsiz bir sevincimiz var – Qələbə sevincimiz! İllərə, aylara sığmayan bir sevinc. Həmrəyliyimizin, birliyimizin bizə yaşatdığı sevinc.
Həmrəy olaq ki, Qəlib olaq və həmişə qalib olmaq sevincini yaşayaq!

 

 



KAMALƏ ABİYEVA