Bu gün Azərbaycanda sevgililər günüdür. Mən bu günü sevmirəm. Sevgiyə aiddir deyə yox, bir neçə səbəbi var. Mən o vaxt ANS ÇM-də işləyəndə 30 iyunda bu günün qəhrəmanları İlham və Fərizənin analarını efirə dəvət edirdilər, onlar danışıb ağlayırdı, mən də dəqiqələri sayırdım ki, efir tez bitsin, çünki bilmirdim nə danışım. Nə isə.
Təəssüf ki, millət olaraq bədbəxtik. Sevdiyi insanla birlikdə yaşayan, sevdiyi işlə məşğul olan çox az adam var. Uşaqların çoxu yerini bərkitmək üçün, boşanmaya gedən ailə dağılmasın deyə, 2-3 qızım var, mütləq oğlum olsun deyə dünyaya gəlir. Dünyaya gəlir və sevgisiz böyüyür.
Səhər instagramda bir hekayə paylaşmışdım, 94 yaşlı bir baba atasının bir yerdə olmağa imkan vermədiyi sevgilisi ilə qocalar evində görüşüb, 77 ildən sonra evləniblər. Hamı "aww, eşqə bax” deyir. Amma mən itirilən sevgisiz 77 il, övladının xoşbəxt olmadığını görə-görə dirəşən və öz mənasız prinsipləri ilə başqasının həyatına müdaxilə edən ata, zəif və sevgisinin arxasında dura bilməyən oğul və bunların heç biri ilə tək mübarizə apara bilməyən boynubükük qız görürəm. Azərbaycanda hər addımbaşı belə ailələr, belə hekayələr doludur.
Heç kimə icazə verməyin ki, sevginizi əlinizdən alsın. 1 il xoşbəxt yaşayacaqsınızsa, o bir il üçün mübarizə aparın. Çünki elə insanlar var, ömrü boyu heç 1 gün belə xoşbəxt olmayıb. Həyat çox qısadır. Özünüz üçün yaşayın, qonşu, qohum, ata, ana, övlad üçün yox, özünüz üçün. Ki, sabah kimisə günahlandırıb, sənə görə deyib, başına vurmayasınız.
Bir dəfə xəbər oxuyurdum, Qaxda bir qızı telefonla danışanda ildırım vurmuşdu. Xəbərin altında yazmışdılar ki, əcəb olub, allah bilir kiminlə danışırmış. İntihar edən, təcavüzə uğrayan, şiddət görən, başı kəsilən insanlar haqqında yaxşı olub, yəqin açıq geyinmişdi, yəqin xəyanət edibmiş, yəqin sərxoş imiş və s. şərhlər verirlər. İnsanlarımız çox bədbəxtdir. İçləri nifrətlə doludur, gəzib, zəhərlərini tökməyə yer axtarırlar. Ətrafımız doludur potensial qatillərlə. Heç kim bir-birinin uğuruna sevinmir, hər yerdə paxıllıq, qınamaq, tənqid.
Deməyim odur ki, bu qədər sevgisiz millətə ildə 2 sevgililər günü fazla bence.
Mehriban Həsənova
qadinkimi.com