YAZI / DÜŞÜNCƏ
HAMIMIZ YENİDƏN DOĞULMALIYIQ - SEVİL ÜLVİ Tarix : 26 Dekabr 2019, 13:34

HAMIMIZ YENİDƏN DOĞULMALIYIQ! Sonra bir daha... bir daha da doğulmalıyıq...


Həyat yaşamaqdır. O sadəcə var olmaq deyil, bir prosesdir. Həyata çatmağın onu yaşamaqdan, onunla axmaq və daşmaqdan, onunla yıxılıb - qalxmaqdan, onunla kiçilib - böyüməkdən başqa bir yolu yoxdur. Əgər hər hansı bir fəlsəfənin, texnologiyanın içərisində həyatın mənasını axtarırsansa, əmin ol ki, həm həyatını, həm də onun mənasını qaçıracaqsan. Həyat və zaman... 


Heç biri səni hardasa gözləmir, o daxilində baş verir. Onları gələcəkdə gözləmə. Onlar indi burda, bu dəqiqədədir - nəfəs alış-verişində, qanında dövr edir, ürəyində döyünür. Zaman elə həyatın özüdür, geri dönməmək şərtilə gedir. Mənim üçün sabah yox - bu gün, bu gün, bu gün... 


Yaxşı baxsaq, sabahlara saxladıqlarımızın içərisində o qədər yaşanmamış, məhv olmuş arzular, istəklər var kı... Onlara vaxtında sahib çıxmalıyıq. Zaman bizi gözləmir. Həyat bir beşik , zaman isə onun ipidir-demişlər. O ipi əlinizdə saxlayib durmayın, hərdən besiyi yırğalayın...


Uzun yaşamaq deyil, düzgün yaşamaq üçün çalışmalıyıq. Təkcə qəlblərin qırılmağının qarşısını ala bilsək, sınıq ürəklər olmasa, insan övladı boş yerə yaşamadığının fərqində olacaq. Yaşamağın qayəsi xoşa gəlməyən nəsnələrdən qaçmaq deyil, xoşa gəlməyən nəsnələrə qalib gəlməkdir. Hamımız yenidən doğulmalıyıq! Sonra bir daha... bir daha da doğulmalıyıq... Düzgün yaşamağı öyrənənə qədər bu dünyaya yenidən gəlməliyik, yenidən...

 

 


Sevil Ülvi

qadinkimi.com