SEVGİ
Gözəl xatırlanan sevgi heç zaman bitmir - Nigar Adil yazır Tarix : 03 Noyabr 2019, 20:40
Yazar : Qadinkimi.com
Dərslərdə professor Aydın Dadaşovla bir çox məsələlərdə həmişə mübahisəmiz olurdu. İki inadkar, tərs adamın mübahisəsi 90 dəqiqədən çox zaman alırdı və biz hələ də öz aramızda "razılığa" gələ bilmirdik. Mübahisəmizin ardı Elmlər Akademiyasının parkında davam edirdi. Burada da heç bir razılıq əldə edə bilməyəndə, "müəllim, mən öz fikrimdə qalmaq şərti ilə getməliyəm" deyirdim. O isə cavabında gülümsəyərək "çox tərs qızsan, amma bu mübahisələr bizi dost edəcək", deyirdi.

Bu sözləri ondan ilk dəfə 2004-cü ildə eşitmişdim. Amma qulaqardına vurmuşdum. 2014- cü ildə onunla yenidən qarşılaşdıq. Bu dəfə artıq o mənim müəllimim, elmi rəhbərim idi və bu dəfə ondan qaçış yox idi. Dərslərin birində yenə də bu fikrini təkrarladı. Qrupdakı qızlar etiraz etdi. O yenə də israrla öz fikrini söyləyir, həyatından misallar göstərirdi. Sonda isə "bu sözlərimi yadınızda saxlayın. Sizə xoş söz deyən oğlanlara aldanıb, özünüzü bədbəxt eləməyin" - deyib, mübahisəni yekunlaşdırırdı.

A. Dadaşov hər zaman iddia edirdi ki, iki sevgili bir-birinə canım-gözüm deyirsə, mübahisələr zamanı bir-birlərinə kobud sözlər demirlərsə onların sevgiləri yalandı, inanmayın və ən çox da qızlar, onların sevgilərinə həsədlə baxmayın: "İnsan kobud sözləri elə sevdiyinə deyər", deyirdi.

Ötən gün türk saytlarında eynilə Aydın müəllimin dediyi fikiri təsdiq edən yazı oxudum. Demək ki, böyük sevgilər, müasir dillə desək, sözdəki şiddətdədir. Əgər, mübahisə zamanı qarşı tərəf sizə sözdə şiddət göstərirsə, aşağılayırsa demək ki, sizi sevirmiş...  Mən isə hər zaman müəllimlə sözdə şiddət göstərənin yox, o şiddəti bütün ağrıları ilə qəbul edən, travmasını yaşayan və qarşı tərəfin bircə "bağışla, əsəbi idim" sözü ilə hər şeyi unudan qadın və ya kişinin sevgisinin böyüklüyünə, gücünə inandığımı bildirirdim. Hardasa, mənə də haqq verirdi. O da etiraf edirdi ki, sevdiyinin təhqir və söyüşünü qəbul etmək asan deyil. Onun üçün bu çətin məqamı qəbul edən qadın və ya kişi artıq nirvanaya qovuşub.

Bu gün sosial şəbəkələrdə başlanan və sosial şəbəkələrdə bitən münasibətlər tərəfləri canlı ünsiyyətdən, problemin danışılaraq həll edilməsindən uzaq tutur. Mübahisə zamanı bir-birlərinə yazılan mesajları çox zaman heç kim oxumur. Hər kəs öz eqosunu tatmin etmək üçün illa öz bildiyi həqiqəti qarşı tərəfə diqtə edir və özünü haqlı göstərməyə çalışır. Və qarşısındakı insanın  fikirlərinə əhəmiyyət vermədən öz təhqirinə "sığınıb" gücünü nümayiş etdirir. Beləliklə, insan sevdiyini ən çox ayrılan zaman tanıyır. Nədənsə, normal, mədəni insan və dost kimi ayrılma üsulu bir çoxunun ağlına gəlmir. Sanki kim daha çox və ağır söyüş, təhqirdən istifadə edərsə, o zaman o daha çox sevirmiş kimi görünür. Bu cür ayrılma üsulunu təkcə kitabdan, filmdən xəbərsiz gənclər seçmir. Təəssüf ki, bu üsuldan daha çox oxuyan, yazan, film izləyib özlərini inkişaf etdirmək istəyənlər istifadə edir.

Çox zaman televiziyalarda, mətbuatda "Qocaman ailə sirrləri", "50 il birgə yaşamağın sirri" kimi başlıqlar gözlərimizə dürtülür. Deyim ki, iki insanın bir-birinə xəyanət etmədən, mübahisəsiz, ən azı ömründə 3 dəfə ayılmağı düşünmədən birgə yaşaması mənə səmimi gəlmir. Və 50 il bir insanla yaşamaq əslində yaşamaq deyil, ömürünü və qarşısındakı insanı ən yumşaq halda yolaverməkdir. Və bir çox ailələrin uzunömürlülüyü yalnız sənəd üzərində davam edir. Şərt neçə il birgə yaşamaq deyil də, yaşadığın birgə ömrü necə yaşamaqdır. O insanı itirəndə, ondan ayrılanda yaşanılanları necə xatırlamaqdır. Gözəl xatırlanan sevgi heç zaman bitmir və bitməyəcək də. 50-70 il yaşayacaq. Amma nifrətlə, kinlə, qəzəblə xatırlanan sevgi elə başlandığı gündən etibarən bitib. Sadəcə tərəflər bu birgəliyi sənəd üzərində davam etdirirlər.


Heç vaxt "bitdi" deməkdən qorxmayın. İstər sevdiyiniz insana, istər güvənib zərbə aldığınız dostunuza, rəfiqənizə. Bu gün üzülərək bitirdiyiniz hər hansı münasibət üçün gələcəkdə bəlkə də  ən böyük təşəkkürü özünüzə edəcəksiniz.

Sizi sizdən başqa heç kim sevib, dəyər verməyəcək. Özünüzü sevin...
 

Nigar Adil
Mənbə: olaylar.az
Qadinkimi.com