YAZI / DÜŞÜNCƏ
Göz gördüyündən Tarix : 03 Mart 2026, 17:26

Dostluq üç almadı…


Ağlımız kəsənnən Qədir babanın bir öyüdü qulağımızdan asıldı: "Oğul, cəhd elə bu dünyada dost qazan. Hər şey gəldi-gedərdi. Bu dünyadan qazancın dost olar”.


Sora dönüb öyüd elədi ki, dost yüz isə azdı, düşmən bir isə çoxdu. Dostluq üç almadı, gah ikisi səndə , biri məndə, gah da ikisi məndə, biri səndə.

Biz də ağlımız kəsənnən soruşardıq: "A baba, kimə dost desən doğru olar?

Bu söz tutardı kişini. Aranı dağ elərdi, dağı aran. Qayıdardı ki, dost bir lal quyudu, sirrini de, kimsə bilməsin. Dost bir axar sudu - gözü daim dumduru. Dost bir dağdı arxanda, yıxılsan dayaq olar. Müxtəsəri, " Həqiqi dost yad olmaz, görməsə yüz il səni”.

Baba öyüdü çin olsun deyin çoxuna ürək qızdırıb dost deyərdim, könül açardım. Bu dost deyilənin sayı-sanbalıynan öyünərdim. Di gəl bu və’dələr Qədir babanın bir öyüdü də qanadlanardı: Sirri hər dosta demə, dostun da bir dostu var.

Qayıdıb fikrin dübarə belə ismarlayardı:

"Könül dostu ya bir ola, ya iki”.


Uşaq idik hər nədən şadlanardıq. O vaxt sevincimiz bir dəstə novryzgülüydü, bir tutam yarpız idi, bir topa kəkotuydu, turşəng, quzuqulağıydı.

Talada rastımıza çıxan moruqdu bizim şadlığımız o vaxtlar. Əliflayla qarının atlını atdan salan fəsəlisinin ətriydi bizim bir el dolusu öyündüyümüz. Yay uzunu sərgidamlara döşənən alma, ərik qurusuydu bizim yuxumuzu bala döndərən.


Biz onda özümüzkü-özgə bilməzdik. Qonşumuz Mina xalanın saldığı bir yorğana beş uşaq bükülüb yatardıq. Nənəmin bükdüyü bir yağ dürməyini beş yerə bölüb yeyərdik.


Bizim dərdimiz qumral toğlunun örüşdən qayıtmaması olardı. Beş dost tərəfdən dağları dolanardıq, yol ötəni əyləyib ümidli-pənahlı xəbər alardıq: "Gördün? Görmədim!” O axşam İsaq-Musaq quşuna dönərdik. Axırda nə çarə Qurd ağzı bağlayıb qayıdardıq. Həmin gecə yuxumuza ağzı qara qurd gələrdi, o qumral toğlu gələrdi. O gecə sabahacan yata bilməzdik, qulaqlarımız səsdə qalardı, elə bilərdik hardasa qumral toğlu mələyir.

Bir gün dostum Temirin şələsini su aparanda, əlimiz heç nəyə çatmadı. Beş dost sıralanıb ağladıq. O uzaqlıqda yoldan, Temir o ağırlıqda şələni çiynində gətirmişdi. İndi o şələni su aparırdı.


Bir dəfə ayağımı daş çapanda Temir köynəyinin qolunu çəkib cırdı, ayağımı sarıdı. Mən bilirdim, bu Temirin təkcə köynəyi idi, di gəl əsirgəmədi. O vaxt sular; otlar, güllər, çiçəklər, dönməz dəbərməz dağlar da gördü ki, Temir əsirgəmədi.

Biz də Temirin su aparan şələsindən ötrü özümüzü selin ağzına atırdıq, odun içindən keçirdik, özümüzü əsirgəmirdik.


Bir gün uşaqlıq elə biləsən Temirin su aparan şələsinəcə qoşulub getdi. İllər ötdükcə boyumuz, soyumuz artdı. Qədir baba deyir, qırışmal, boyunuz artdı, torpaqdan da aralandınız. Soralar bizə bəlli oldu ki, dostluq başqa şey imiş. Sən demə o vaxtlar dostluq deyilən şeyi bir şələ odun bilib bir dəstə çiçək sanıb yaşamışıq. Biz o dostluq deyilən o ulu qüdrəti bir dürməyi beş yerə bölüb yeyəndə, bir yorğana beşimiz bükülüb yatanda, Temirin şələsi dalısınca hönkürüb ağlayanda, Temir köynəyini cırıb mənim yaramı bağlayanda… heç vaxt, heç vaxt tanımamışıq, bilməmişik. Nədən ki, çaylar ömrü uzunu bir axdığı yerdə, durnalar qatarlandığı göylər altında bu çayları, bu qatar durnaları görə-görə, tanıya-tanıya biz böyüdük, biz ayrıldıq.

Biz ayrılanda Umleyla qarının təndiri xəbər tutdu, fəsəlisi küt getdi, sərgi damlarında alma-ərik qurusunu qurd-quş yedi, Pəri nənəmin yağdürməyi gözləyə-gözləyə beş yerə çatladı.


 

***


 

Əziz bayram günlərində Qədir babanı ağaclarnan danışan görürdük. Ulu olmuş deyirdi: ağaclar danışır, bala.

Maraq bizi götürürdü. A baba, bir danış görək.

- Ağac özgə yanında dinməz, - deyərdi.

Məəttəl qalardıq. Xəlvəti göz yetirib qulaq verərdik. Şər qarışanda gələrdi ərik ağacının yovuqluğuna. Deyərdi: "ay ərik, nəvəm dil açır, ey… Sən də çiçəkləsənə! Baxardıq ki, bu axşam ‘düyməli tumurcuqlar səhəri eyzən narıncı çiçəkdi. İnanırdıq ki, ağaclar danışır.

O ili gilas bar vermədi. Qədir babam da bunu dərd elədi. Səhər-axşam gilasnan nəsə danışardı. Axırda bel götürüb ötən il əkdiyi gavalını kökləyib çıxardı: - Gilas küsüb, - dedi, - ta qədimnən gavalını görməyə gözü yoxdu gilasın. Gətirib yaxın əkmişəm deyin, gilas bu il bar vermədi. Nə vaxt idi dinmirdi, axır ki, bu axşam dərdini danışdı.

Baxardıq ki, yengi ili gilas bar deyib bağırdı.


 

***


 

Qədir baba ağaclara dost deyirdi. Qış bərk gələndə köhnə sırınmasını əncirə geyindirərdi. Nar kollarını ləmbəylə basdırardı. Gecənin ayazında çıxıb niyaran-niyaran bağa enərdi. Bir hovurdan dönərdi: "hələ ki, tablayırlar, - deyərdi, - bildirki gülöyşə lap məni arxayın elədi. Ərik kimi şax durub, dözür…”

Babam ağaclarla danışırdı, dibini belləyirdi, suyunu verirdi, qol-budağını təmizləyirdi. Cırlaşanına peyvəndindən calaq vururdu. Soyuğa tabsız olanlarını daldada əkirdi, küsəyənini bağın görkəminə çəkirdi ki, şellənsin, barını bol eləsin.


 

Ulu olmuşun fikrinə görə dost-simsar o kəsdi ki, dindirməmiş dərdini anlayır, istəməmiş diləyini hasil eləyir, bahar-yaz olub yollarında çiçəkləyir. Dağlar kimi dönməz olur, arxa çevirmir. Onçu da dağlar deyəndə, o ceyranlı düzü deyəndə, o at bağrı çatladan Taxtalar mülkünün adı çəkiləndə Qədir baba quş olub çırpınır. Hanı mənim atım, hanı cavanlığım! - deyir. Darıxır o dönməz, dəyişməz tanrı misallı yerlərdən, yurdlardan ötrü. O yerlər ki, indinin indisinəcən Qədirin ləpirinə qıymayıb. Qırx ildən o yana Qədir deyib saralan, bir kimsənin dəryaz işlətmədiyi biçənəklər ulu olmuşun xətrində bir unudulmaz dostdu, simsardı.


Qədir baba deyərdi, oğul, çalış bu dünyada dost qazan. Qalan hər şey gəldi-gedərdi.

 


 

"Novruz töhfələri" kitabından

Müəlliflər: Ağalar Mirzə, İntiqam Mehdiyev

Sayt üçün hazırladı: Günel Dəniz