SƏNƏT, UŞAQ / BÖYÜK
Günümüzün uşaqları və uşaq ədəbiyyatı Tarix : 08 Aprel 2021, 02:34

Uşaqlar üçün yazmağın nə qədər çətin olduğunu sübut etməyə, görünür, xüsusi ehtiyac yoxdur. Və bunun ən  əyani göstəricisi uşaq ədəbiyyatımızın həm dünənki, həm də bugünkü problemləridir ki, hər söhbət düşəndə bitib tükənməyən müzakirələrin predmetinə çevrilir. Ancaq bəlkə də, əsl müzakirə olunmalı hadisə uşaq ədəbiyyatı yox, uşaqların özləri, onların az qala hər gün dəyişən həyata, psixoloji kataklizmlərə, dəyərlərə münasibəti, reaksiyalarıdır.

Mən keçmiş tələbəm, filologiya üzrə fəlsəfə doktoru Fidan  Nizaməddin qızının elmi araşdırmaları ilə yaxından tanış olsam da, etiraf edim ki, uşaqlar üçün yazdığı hekayələri ardıcıl şəkildə oxumadığıma görə elə bilirdim ki, bu, onun yaradıcılığında yalnız epizodik bir hadisədir. Ancaq bu günlərdə "Şərq- Qərb"in nəşr etdiyi "Uşağın duası" hekayələr toplusunu varaqladıqca inandım ki, ona ön söz yazmış ağsaqqal ədəbiyyatşünasımız Qəzənfər Paşayev tamamilə haqlıdır, Fidan uşaqların qəlbindən keçənləri bütün romantik miqyası ilə həm duya, həm də artıq  püxtələşmiş yazıçı qələmi ilə ifadə edə bilir.

"Uşaqların duası" başlıqlı müəllif qeydləri topluya daxil edilmiş iyirmi beş hekayənin  ümumi ideya- estetik ruhu barədə elə ilk baxışdan aydın təsəvvür yaradır. Və bu təsəvvür, əslində, uşaqlar üçün deyil, nə qədər uşaq səmimiyyəti ilə yoğrulsa da, nə zamansa uşaq olmuş böyüklər üçündür:

"İnanıram ki, bu gün bəşəriyyəti öz varlıqları, isti nəfəsləri, xoş arzuları ilə meridian yaradan ecazkar aləmin - uşaqların sevgi dolu duası xilas edəcək..."

Göründüyü kimi, Fidan Nizaməddin qızı günümüzün uşaq hekayələri qarşısına uşaqları əyləndirməkdən, onların dünyagörüşünü, estetik zövqlərini inkişaf etdirməkdən də yüksək tələblər qoyur: uşağı bütün mənəvi- psixoloji zənginliyi ilə  yalnız dərk etməklə kifayətlənməyib, həm də onu özünə tanıtmağın yollarını axtarmaq. Və nəticə etibarilə, uşaqları cəmiyyətin üzvi tərkib hissəsi olaraq qəbul etmək... Əks halda, onlar "Uçurum" hekayəsindəki şəkildə bu dünyada gördükləri haqsızlıqları laqeyd "valideyn"lərindən gizlətsələr də, Suriyalı həmyaşıdları kimi, o dünyada Allaha mütləq deyəcəklər...

İstər "Uçurum" da, istərsə də "Uşaq evində karantin", "Yardım", "Dalğa", "Nağıla dönən qız" hekayələrində müəllif dünyanı bürümüş karonavirus pandemiyasının uşaqların həyatına, mənəvi aləminə təsirinin ən zərif məqamlarına nüfuz edir, onların reaksiyalarını ümumiləşdirir və bəzən kifayət qədər mükəmməl aforizmlərə gəlib çıxır: "Bu gün bu epidemiyanın bitməsi üçün iki uşaq ürəkdən dua edir: həkimin və xəstənin uşağı..." Yaxud: "Evdə qal!" çağırışı uşaq evinin balaca sakinlərinin yadına ata- analarını salır... Yaxud da: atalar, analar kasıbçılıqdan, yaxud başqa bir səbəb üzündən ailəni ata bilirlər, uşaqlar isə yox...

Fidan Nizaməddin qızının hekayələrində birinci silsilə karonavirus mövzusuna aiddirsə, ikinci silsiləni "Babalı- nənəli hekayələr", üçüncüsünü isə "Qarabağ hekayələri" adlandırmaq olar.

"Sonuncu teleqram", "Babamın medalları", "Babamın gözləri", "Sehirli çörəklər","Uşağın duası" və s.  ikinci, "Ağdama gedən qatarlar", "A" hərfi", "Müdafiə günü", "Son gediş" və s. üçüncü silsilədəndir. Bu silsilələrdən kənarda qalan, müxtəlif mövzulara həsr olunmuş "Küsmək haqqım", "Niyyət", "Sonuncu dərs", "Məsum dilənçi", "Nabələd", "Kukla teatrında" və s. hekəyələrdə də müəllifin yaradıcılıq axtarışları aydın görünür.

"Babalı- nənəli hekayələr" də min illərin "baba- nəvə" yaxud "nənə- nəvə" münasibətlərinin bugünkü təzahür imkanları konkret detalları, təfərrüatları ilə təqdim olunur. Əsasında "kiçiklərə qayğı, böyüklərə ehtiram" kimi əbədi prinsiplərin dayandığı həmin münasibətlər, əlbəttə, bu gün dünənki qədər sıx deyil, yazıçının heç bir mübahisə doğurmayan müşahidələri isə göstərir ki, cəmiyyətimiz nə qədər modern əxlaqi- mənəvi təsisatların təzyiqinə məruz  qalsa da, sözügedən münasibətlərin ilahi səmimiyyətindən heç də bütünlüklə imtina etmək fikrində (və iqtidarında!) deyil.

Qarabağ mövzusu Fidan Nizaməddin qızının hekayələrində ona görə olduqca orijinal səslənir ki, müəllif otuz ilə qədər davam etmiş ağılsız işğal siyasətinin uşaqların tərcümeyi- hallarına, mənəvi aləminə, xəyallarına təsirinin dərin qatlarına enə bilmiş, kifayət qədər səciyyəvi obrazlar yaratmağa nail olmuşdur. Əbəttə, ərazi bütövlüyümüz böyük qəhrəmanlıqla təmin olunduqdan sonra da bu hekayələr tariximizin əks- sədası kimi heç zaman bədii- ictimai dəyərini itirməyəcədir.

Və əminəm ki, Fidan Nizaməddin qızının Azərbaycan uşaq ədəbiyyatındakı yaradıcılıq uğurları  nəinki təsadüfi deyil, əksinə, yeni mərhələ açacaq, yeni üslub istiqaməti müəyyənləşdirəcək qədər enerjili, miqyaslı və perspektivlidir.

 

Günümüzün uşaqları... Və uşaq hekayələri 

 



Nizami Cəfərov