Gözümü açandan ailədə, qohum-əqrəbada qadınların bütün günü "sil-süpür” işləriylə uğraşdığının şahidi olmuşam. İllərdi ana və bacılarımız "Amandı, birdən evə kimsə gələr” deyibən, hər səhər yuxudan oyanan kimi ev işlərinə başlayırlar, ta ki gözlərinə yuxu gedincəyə qədər… Hər şeyin tərtəmiz olduğuna əmin olana qədər didinirlər, bir də baxırlar ki, artıq günəş batıb, qaş qaralıb, yatmaq vaxtıdı. Hətta yatağa uzandıqda belə, ertəsi günün işlərini beyinlərində çək-çevir edirlər.
Günün ən azı on beş saatını hər şeyin ideal görünməsinə sərf edən həmin qadınlarımız üstəlik, çox ciddi-cəhdlə bu ənənəni qız-gəlinlərinə də ötürməyə çalışır. Mənsə, elə uşaq yaşlarından anlayırdım ki, həyat heç də yığışdırdıqlarımız deyil, tökə bildiklərimizdi… Nəhayətində, heç kimin bizə gəlib elədiyi də yox; hamı çöldə öz həyatını yaşayır. Qısacası, əziz ana və bacılar, "nümunəvi evdar qadın" olduğunuzu göstərmək üçün uğrunda əldən ayaqdan getdiyiniz o "kimsə”lər hamısı öz işləri ilə məşğuldur, hamısı öz keyfində - gəzirlər, dincəlirlər, işləyərkən belə əylənirlər və həyatdan həzz alırlar.
İnsanlara sizin bütün günü evdə nə etdiyiniz maraqlı deyil. Onları daha çox sizin duyğu və düşüncələriniz, yaşama qatdıqlarınız və ya daxili dünyanızdan çevrəyə yansıtdıqlarınız maraqlandırır. Ayrıca, özünüzü, evinizin vəziyyətini kiməsə izah etmək məcburiyyətində də deyilsiz. Bunu hələ də kəşf etməmisizsə, xahiş edirəm, qulaq verin; Eviniz dağınıq olsa da olar, əsas odur həyatınız dağınıq olmasın. Məişət mövzularından aralanın…
Həyat çox qısadı, dadını çıxarın və elə edin ki, mətbəx rəfindəki qab-qazanınız həyatınızdan daha parlaq olmasın…Tozları isə yalnız lazım gəldikdə təmizləyin. Onun yerinə yaradıcılığa vaxt ayırın, nəsə toxuyun, tikin, düzəldin və ya bir rəsm çəkin, şeir yazın.
Özünüzdən geriyə xoş xatirələr qoyun, dostları ziyarət edin, onlarla birgə sevdiyiniz filmləri izləyin, oyunlar oynayın, əylənin, gəzintilərə çıxın…Ruhunuza rahatlıq bəxş edən nə varsa onu edin; küçədən keçən pişiyi sığallayın, itlərlə oynayın, quşları yemləyin, özünüzdən kiçiklərlə mətbəxə girin, nəsə dadlı bir şey bişirin, bişirdiklərinizdən qonum-qonşuya pay aparın. Həyətiniz və ya bağınız varsa bir ağac əkin, əgər şəraitiniz yoxdursa balkonunuzda belə kiçik dibçəklərdə bitkilər, meyvə və tərəvəzlər yetişdirə bilərsiz.
Bu siyahını əslində çox uzatmaq olar.
Yay aylarında məzuniyyət vaxtını çimərlikdə günəş vannası qəbul edərək keçirə bilərsiz.
Tez-tez açıq havada olun, dəniz kənarında, parkda, meşədə gəzişin. Dağlara çıxın, sevdiyiniz yerləri ziyarət edin, küçələri gəzin, insanlara nəzər salın, yeni təəssüratlar əldə etməyə çalışın. Uşaqlarla oynayın, musiqi dinləyin, kitab oxuyun, özünü inkişaf etdirəcək işlərlə maraqlanın, uzun sözün qısası, həyatdan həzz almaq üçün özünüzə boş zaman hədiyyə edin.
Tanrının bizə bəxş etdiyi bütün özəllikləri və gözəllikləri zamanında görək, duyaq, anlayaq…
Unutmayaq ki, bəzi şeyləri nə qədər ki, gəncik, sağlamıq elə indi etməliyik. Yaş öz sözünü dedikdən sonra, yetkinlik dövründə yuxarıda saydıqlarımın bir çoxunu etmək artıq o qədər də asan olmayacaq.
Tozları isə yalnız lazım gəldikdə təmizləyin... Çünki həyat evin içində yox, çölündə davam edir. Və həyatımızdan axan bu gün bir də heç vaxt geri qayıtmayacaq!
Mən, sən, biz…hamımız bir gün bu həyatdan köçüb gedəcəyik… hamımız bir gün nə vaxtsa toz olacağıq… Və inanın mənə, heç kim sizin evdə nə qədər əlinizdə "şvabra” və "cır-cındır”la o baş - bu başa qaçdığınızı və ya nə qədər hamam-tualet ovuşdurduğunuzu xatırlamayacaq. İnsanlar ancaq üzünüzdəki xoş təbəssümü, gözlərinizin içindəki parıltını, onlara bağışladığınız o sevinci, dostluğu, sevgini, fədakarlıqları, yaşatdığınız səmimi, mehriban duyğuları və həyatın sizə öyrətdikləri ilə onların da həyatına anlamlı toxunuşlar etmənizi, qısacası, onlara qatdıqlarınızı xatırlayacaqlar...
Və sonda bunu da yaddaşımızın bir küncündə saxlayaq: önəmli olan evdəki tozları deyil, könül tozunu vaxtında silib təmizləməkdir. Könlünüz hər zaman püri-pak olsun!
Günel Dəniz (Qadinkimi üçün)
qadinkimi.com