YAZI / DÜŞÜNCƏ
Gülnara Mehdiyeva - Ölkəni gücləndirən vaginamız Tarix : 09 İyul 2018, 20:05

REAL partiyasının həmtəsisçisi Natiq Cəfərlinin ukraynalı qadınlara verdiyi tövsiyəni oxudum. "Gözəl xanımlar, doğun, artın, ölkənizə kömək olun."

 

Bu cümlə ucqar regionlardan birində yaşayan orta statistik qaynanaya aid deyildi. Politoloqun, iqtisadi ekspertin universitet çıxışından sitat idi. 

Zaldakı auditoriya da, facebook istifadəçiləri də bu gözəl məsləhəti bəh-bəhlə alqışlamışdı, hətta ukraynalı qadınlara bu prosesdə fiziki dəstək vermək istəyənlər tapılmışdı.

 

Feminizmdə mansplaining deyə bir anlayış var. Kişilərin qadınlardan daha çox bildiklərini, qadınlara yol göstərəcək qədər ağıllı olduqlarını güman etmələrini ifadə edir.

 

Təbii ki, bir kişi (elə lap qadın da) bir qadına mütləq doğmalı olduğu, nə vaxt və neçə uşaq doğacağı barədə yol göstərə bilməz. Analıq qadının taleyi deyil, müstəsna seçimidir.

 

Patriarxal cəmiyyətlərdə ana olmaq qadının vəzifə borcuna çevrilir. Uşaqsızlıq isə çatışmazlığa bərabər tutulur.

 

Nəticədə hətta yeni evlənən, maddi vəziyyəti hələ tam oturuşmayan ailələr də ilk növbədə uşaq doğmağa can atır. Əks təqdirdə isə qohum-qonşunun təzyiqləri, tənəsi ilə üzləşir. Hətta "uşağın ruzusunu Allah yetirir” kimi mifik proqnozlara inananlar da var.

 

Natiq Cəfərlinin inkişaf modelinə gəldikdə isə…

 

Müəllim Ukraynanın ən qlobal problemini (!) doğum-artmamaqda görmüşdü. O zaman az uşaq istəyən, və ya ümumiyyətlə, ana olmağı planlaşdırmayan qadınları kim olur? Vətən xaini? İnkişafı gözü götürməyən ünsür?

 

Derjava xəyalları üçün dünya əhalisinin sayını kor-koranə artırmaq əvəzinə, cənab ekspertdən ekoloji, iqtisadi və gender prizmasından daha ağlabatan təkliflər gözləyirdim. Uşaq doğmaqla bağlı tövsiyələri 18 yaşdan yuxarı hər qadın onsuz da eşidir.  

 

 


Müəllif: Gülnara Mehdiyeva
Qadinkimi.com