Səhər avtobusa minəndə gördüm, bir qadın bütün pəncərələri açır, başqa biri də sərçəni teyləyir ki, bayıra çıxsın. Ha çalışırlar, sərçəyə pəncərəni açdıqlarını "başa sala” bilmirlər. Quş özünü ora-bura çırpmaqdan yorulub əldən düşdü. Qanadları titrədi. Qadınlar da yoruldular. Birtəhər quşu qapıya tərəf qovdular. Bu anda içəri bir kişi xeylağı daxil oldu, vəziyyəti anladığından əlini atıb quşu tutdu və çölə buraxdı. Məmnun göründü, mənalı baxışları ilə kişilərin qadınlardan güclü olduğunu nümayiş etdirmək istədi. Həyatda da qadınla kişinin işi belədir: qadınlar çalışırlar, zəhmət çəkirlər, kişilər yalnız bir işlə məşğul olurlar, hər şeyi qadın hazırlayandan sonra asanına gəlib çatır və öz adlarına çıxırlar. Nəticədə onların iş uğurları artır. Qadınlar isə fonda qalırlar. Adı da olur, kişi qadından üstündür.
Həmişə düşünmüşəm ki, qadın da, kişi də insan olduğu halda niyə qadınlar kişilərdən qorxurlar, kişilər onlara qarşı niyə amansız olurlar? Hekayələrimdə bu iki cinsi bir-birindən perikdirən məqamları göstərməyə çalışıram. Kişi obrazlarını qadına kömək edən kimi yaradıram. Bunu ən çox "İnsanlığın hekayəsi” ilə "Həkimlərin əyri xətti”ndə qabarıq göstərmişəm. İstəyirəm, qadınlar kişilərdən qorxmasınlar, tək qaldıqları vaxtda kişilər onlara qarşılıq gözləmədən yaxşılıq etsinlər. Təəssüf ki, qadına hörmət etməyin vacibliyindən danışan kişi də əlinə fürsət düşəndə əsl üzünü göstərir. Kişi qadının saflığına qıymayıb ondan uzaq durmağı bacarmalıdır.
Qadınlara haqları olan hüquq verilsə, hər şey qaydasına düşər. Sərf etdikləri fiziki əməyə görə onlara pul ödəmək yox, dəyər vermək lazımdır. Səhər yuxudan oyanan kimi hərə bir yandan üstünə gəlib xidmət gözləməkdənsə, görüləcək işlərdə kömək etsələr, yaxşıdır. Biş-düş, yır-yığış, gətir-götür işlərindən özünə vaxt ayıra bilmədiyinə görə "qaraçıya oxşayırsan” demək ədəbsizlik, nankorluqdur. Nəsil-nəcabətinə qulluq etdirib, ixtiyarı onlara verib öz övladlarına isə ananı dayə kimi təqdim etməyi ən yüksək məbləğlə də qadına unutdurmaq olmaz. Bacarmadığı hər hansı iş üçün qadını pərt eləməsinlər. Nəyisə unudanda təhqir etməkdənsə, gərgin işlərinin çoxluğuna yozsunlar. Adamların yanında sözü ötən olduğunu göstərmək üçün çığırıb-bağırıb təhqir etməsinlər. Xoş sözü əsirgəməsinlər. Azərbaycan qadınlarını xoşbəxt etməyə nə var? Çox şey istəmirlər ki. Adi nəzakət qaydalarına riayət edilsə, qadının heysiyyətinə toxunulmasa, maaş söhbətinə ehtiyac olmaz.
Ən əsas da... qayınatalarını söyməsinlər!
Qadının valideynlərini təhqir etmək öz valideyninə hörmətsizlik deməkdir.
Təsirli videoya baxdım. Quşa lazım olan hər şey – göy çəmənlik, durna gözü kimi dumduru bulaq-filan var. Onu isə qəfəsə salıb seyrə çıxarıblar. Bu mənzərədən məmnun olacağını düşünürlər. Yanaşma eynən bəzilərinin qadın xoşbəxtliyi anlayışına bənzəyir. Ev-eşik, çörək, su verəni var, şəraiti gözəl, daha nə lazımdır? Mənəvi tərəfi nəzərə almırlar.
Allahın dəlisi də qadının üstünə qışqırır, onu döyməyə cəhd edir. Kənardan kişi xeylağı: – Sakit ol, – deyə qışqıranda qorxusundan: – Baş üstə, – deyib sakitləşir.
Bəzi möminlər də qarışqanı əzmirlər... qadını tapdalayıb keçirlər. Fiziki cəhətdən kişi qadından güclüdür, elə? Bəs niyə qrip olanda qırx dərəcə hərarətlə qadın ev işlərini görür, xəstələrin qeydinə qalır, kişi isə şivən salır?
Pərvanə Bayramqızı, yazıçı
qadinkimi.az