GENDER
“Gender bərabərliyi və media” mövzusunda dəyirmi masa keçirilib Tarix : 05 Oktyabr 2018, 01:02
Yazar : Qadinkimi.com
Zoltan Hernyes: "Media demokratik cəmiyyətdə mühüm rol oynayır” 

Avropa Şurası (AŞ) Bakı Ofisinin Azərbaycanda reallaşdırdığı Gender Bərabərliyi və Media Azadlığı layihəsi çərçivəsində bu gün "Gender bərabərliyi və Media” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə Bakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes açaraq bildirib ki, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının yenilənmiş versiyasının gender bərabərliyi baxımından qiymətləndirilməsi 2018-ci ilin mayında Avropa Şurası tərəfindən sifariş edilib. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının iki versiyasının mövcud olduğu nəzərə alınaraq hər iki versiya ekspert rəyi üçün göndərilib. Səfir medianın demokratik cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. Deyib ki, medianın müstəqilliyi önəmli olsa da media işçiləri qadın və kişilərin obrazını qərəzsiz, stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidirlər.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov rəhbərlik etdiyi qurumun növbəti iclasında "Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları”na əlavə etmək üçün hazırlanan "Ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipi”nin müzakirə edilərək qəbul olunacağını vurğulayıb. O, Avropa Şurası ilə birlikdə həyata keçirilən layihələrdən də söhbət açıb: "Avropa Şurası Azərbaycanda fəaliyyətə başlayandan jurnalistlərin peşəkarlığının artırılması, söz və mətbuat azadlığı məsələsi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir. Eyni zamanda bu istiqamətdə kitablar çap olunub. Son olaraq jurnalistlər üçün 4 dərslik kitabı da çap olunub. Bu layihə çox aktual məsələdir. Qeyd edim ki, bu əlavə kifayət qədər uğurlu əlavədir. Düşünürəm ki, məhz bu dəyişiklikdən sonra qanunvericilikdə də bu dəyişikliklərin edilməsinin vaxtı çatıb. Parlamentin növbəti iclaslarında həmin sənədlərə gender məsələsinin də əlavə edilməsi ilə bağlı təkliflə çıxış edəcəm”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, uzun müddətdir Azərbaycan insan hüquqlarının müdafiəsi baxımından Avropa Şurası ilə bir sıra mühüm layihələri həyata keçirir: "Zaman-zaman müxtəlif layihələr ilə bağlı birgə işlər görmüşük və çox dəyərli nəticələr əldə etmişik. Bu layihə də görülən işlərin məntiqi davamıdır. Layihə əsasən insan hüquqları ilə bağlıdır. Burada həm gender bərabərliyi həm də bunun mediada təmin olunması prinsipi öz əksini tapıb. Layihər çərçivəsində regionlarda görüşlər keçirmişik. "Jurnalistlərin peşə davranış qaydaları”na edilən 4-cü prinsip dəyişikliklərinə baxdıqda bunların hamısı bu gün cəmiyyətiizdə reallıqda baş verən hadisələrdən doğduğunu deyə bilərik. 4-cü prinsip peşəkar səviyyədə 4 istiqamətdə dəyərləndirilib. Burada həmçinin mediada rəhbər vəzifələrdə də gender balansının qorunması ilə bağlı da prinsiplər var. İnanıram ki, bu davranış qaydalarının təsdiqi insan hüquqlarına daha da diqqətli ynaşılmasına da gətirib çıxaracaq”.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli XXI əsrdə gender balans məsələsinin dünyanın əsas mövzularından biri olaraq qaldığını xatırladıb. Deyib ki, gender təkcə mənəviyyat, mədəni məsələ deyil, həmçinin müəyyən sosial iqtisadi anlam daşıyan anlayışdır: "BMT hər il gender məsələsi sahəsində müəyyən hesabatlar hazırlayır. Təqribi fikir bundan ibarətdir ki, gender balansı tam təmin olunarsa dünyada ümumdaxili məhsulun təxminən 5,5 trilyon dəyərində inkişaf etdirmək mümkündür. Lakin aparılan statistiklar göstərir ki, XXI əsrdə yaşamğımıza baxmayaraq, dünyada gender bərabərliyinin təmin olunması sahəsində irəliləyişlər deyil, müəyyən qədər geriləmələr müşahidə olunur. Bu geriləməni durdurumaq üçün müəyyən tədbirlər həyata keçirilməlidir”.

Dəyirmi Masada Bakı Dövlət Universitetinin (BDU) müəllimi Sevinc Əliyeva, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, media eksperti Ələsgər Məmmədli, "Azadinform” İnformasiya Agentliyinin beş redaktoru Niyaz Niftiyev, Əməkdar jurnalist Azər Həsrət, Avropa Şurasının "Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova və başqaları da çıxış edərək, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydaları”nın gender bərabərliyi perspektivindən yenilənmiş versiyası barədə fikirlərini bildiriblər.

Xatırladaq ki, Avropa Şurası 1 mart 2018-ci il tarixdən etibarən "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinə başlayıb. Layihənin əsas məqsədi Azərbaycanda mediada və media vasitəsilə gender bərabərliyinin təşviq etməkdir. Layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları” gender bərabərliyi perspektivində nəzərdən keçirilib. Qaydalara əlavə etmək üçün "Ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipi”nin mətni hazırlanıb. Mətnə əsasən, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Eləcə də, prinsipdə gender stereotiplərinin təbliğ edilməməsi, gender-əsaslı zorakılıq hallarının mediada həssaslıqla işıqlandırılması, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanların təmin olunması öz əksinin tapır. 

Rufik İSMAYILOV
 
Mənbə: kaspi.az