Müxtəlif araşdırmalara görə, bu asılılıq xüsusilə gənclər, universitet tələbələri və işsizlər arasında daha çox yayılır. Xüsusilə gənclərin sərbəst həyata atıldıqları ilk dövrlərdə bu cür oyunlara aludə olması hər mənada inkişaflarının qarşısını alır.
Bu tipli onlayn oyunlara aludə olan gənclərin bəzilərinin oyunlarla bağlı rəylərini öyrənməyə çalışdıq. Onlardan biri kitab pulunu, digəri təhsil ödənişini, bir başqası da aylıq dolanışığını bu cür onlayn oyunlara yatırdığını etiraf etdi. Bu gənclər biri beş etməyə çalışıb əllərində-ovuclarında olanı da itirmişdilər. Amma bu tipli oyunların pul tələsi olduğunu bilə-bilə yenə də pul itirməyə davam edirlər. "Niyə", sualına verdikləri cavablar isə bir-birinə çox bənzəyir: "Qazananlar var", "Bəxtin gətirəndə itirdiyini artıqlamasıyla geri ala bilirsən", "Hər dəfə indiyəcən oyuna qoyduğum pulu qazanmağa çalışıram".
Qazananlar kimlərdir?
Bu cür onlayn qumar oyunlarını reklam edən şəxslər əsasən, "Baxın, bu maşını bu oyunu oynayaraq qazandım, siz də oynayın, siz də qazanın", - tipli cümlələrlə insanları bir xəyala inandırırlar. Bundan əlavə, qazanmaq üçün bu tipli oyunlara daha çox pul yatırmaq lazım gəlir. Bəzən bir, yaxud bir neçə dəfə bu yolla qazanc əldə etmək insanda daima qazanacağına, yaxud bir gün yenə qazanacağına olan inamı artırır. Təbii ki, bu da daha böyük itkilərlə nəticələnir: pul, əsəb, etibar, iradə, iş, ailə.
Onlayn qumar asılılığı psixoloji problemdir
Onlayn qumar asılılığı internet üzərindən oynanılan hər hansı bir qumar oyununa olan asılılıq kimi xarakterizə edilərək psixoloji pozğunluq növü hesab olunur. Bu komplusiv davranış pozğunluğu özünə qapanan insanların ailə həyatına, iş performansına və maddi vəziyyətinə mənfi təsir göstərir.
Onlayn qumar asılılığı son vaxtlar ümumi problem kimi dəyərləndirilsə də, yuxarıda qeyd olunduğu kimi, əslində asılı olan şəxslərin həyatını məhv edən psixoloji problemdir. Buna görə də onlayn qumar asılılığı olan insanların daha çox diqqətə və psixoloji müdaxiləyə ehtiyacları yaranır.
Onlayn qumar asılılığı olan insanların düşdükləri psixoloji durumu ümumilikdə aşağıdakı kimi xarakterizə etmək mümkündür.
Qumardan başqa fəaliyyətlərə marağın itməsi
Birincisi, onlayn qumar asılılığının xüsusiyyətlərindən biri, digər maraqlarla yanaşı, qurbanın gündəlik işlərini icra etməsinə də mane olmasıdır. Bu şəxslər qumar oynamaq xatirinə önəmli fəaliyyətlərdən imtina edir, yeganə maraqları belə oyunlarda itirdiklərini bir sonrakı oyunda artıqlamasıyla geri qazanmaq olur.
Ruh halında dəyişikliklər
Qumar oyunlarının başqa bir xarakteristik xüsusiyyəti qurbanın oyunlardan əldə etdiyi nəticəyə bağlı olaraq ruh halının dəyişməsidir. Xüsusilə daha az oynamağa çalışmaq, yaxud oynamaq üçün fürsət tapa bilməmək onlarda əsəbilik və narahatlıq hissi yaradır.
Qumar alışqanlığını gizlətmək ehtiyacı
Heç kim mühakimə olunmağı sevmir. Qumar aludəçiləri də davamlı şəkildə pul itirdiklərini, qumar ucbatından zərərdə olduqlarını, özlərində qumar oyunlarına qarşı asılılıq yarandığını daima gizlətməyə çalışırlar. Reallıqlarla üzləşmək onları qəzəbləndirib qorxutduğu üçün adətən özlərinə və başqalarına yalan danışmaq məcburiyyəti hiss edirlər.
Reallıq hissinin itməsi
Onlayn qumar asılılığının həm də qurbanların reallığı dərk etmə tərzində problemər yaratdığı müşahidə olunur. Onlar onlayn oyun ətrafında yaratdıqları reallıqla mövcud reallıq arasında uyğunsuzluqlar yaşamağa başlayırlar. Məsələn, çox vaxt zaman və ya pulun real dəyəri haqqında anlayışlarını itirirlər.
Qumara çıxış yolu kimi baxmaq
Eyni şəkildə, qurbanlar reallıqdan və onlayn qumar asılılığının danılmaz mənfi nəticələrindən qaçmaq üçün yenə qumardan istifadə edirlər. Bir növ qumarın səbəb olduğu problemlərindən qaçıb yenə qumar növünə meyl göstərirlər.
Onlayn qumarın iş, təhsil və emosional vəziyyətə təsiri
Onlayn qumar asılılığı oyunçuların həyatının müəyyən əsas sahələrinə - onların sosial mühitinə və işdəki performansına da təsirsiz ötüşmür. Onlar kifayət qədər istirahət etmədikləri üçün bu hətta sağlamlığa da ciddi təsir edə bilər. Həm də bu asılılıq onların düşüncələrini zəbt edir. Oynamadıqları zaman belə, diqqətləri oyunda qalır, fikirləri ancaq oyunlardakı həmlələr və oyunun son nəticələrində olur. Yaxud da onlayn qumarda itirdiklərini başqalarından necə gizlədəcəkləri üzərində düşünməyə vaxt sərf edirlər.
Maddi itkilər
Onlayn qumar asılılığı bundan əziyyət çəkənləri ciddi maddi itkilərə məruz qoyur. Bu, tez-tez borca düşmək, ödənilməyən borclar, gəlirlərini düzgün idarə edə bilməmək kimi hallarla müşahidə olunur və sonda insan həyatın bütün sahələrində dalana dirənir.
Problemi inkar etmək
Problemlərimizi dərk etmək və qəbul etmək onların həlli istiqamətində atacağımız ilk addımdır. Belə vəziyyətlər üçün isə əsas xarakterik olan problemin inkar olunması və ya o qədər də ciddi problem kimi qəbul edilməməsidir. Bu cür oyunları oynayan şəxslər vəziyyətə nəzarət etdikləri halda oyunların nəticəsini proqnozlaşdıra biləcəklərinə və ya pul itkisini gələcək qələbələrdə kompensasiya edə biləcəklərinə inanırlar.
Özünənəzarətin itirilməsi
Onlayn qumar oyunlarından asılı olan insanların gəldikləri son nəticə hər zaman özlərinə nəzarəti itirdiklərinin fərqinə varmaq olur. Onların bu asılılıqdan qurtulmaq üçün kömək axtarmaq cəhdləri yalnız özünü idarə etmək itkisini hiss etdiklərində başlayır.
Onlayn qumar asılılığının müalicəsi
Onlayn qumarın təkcə iradə, nəfs problemi yox, ümumilikdə xüsusi bir psixoloji problem olduğunu əvvəldə qeyd etmişdik. Bu isə o deməkdir ki, müalicə yolu ilə bu asılılıqdan xilas olmaq mümkündür.
Ondan xilas olmaq üçün birinci növbədə peşəkardan yardım almaq lazımdır. Çünki psixoloji dəstək bu davranışlarla əlaqəli səbəblərin müəyyən edilməsi və onların müalicəsində effektiv strategiyaların yaradılması üçün çox vacibdir. Müalicə prosesinin ilkin mərhələsində yarana biləcək narahatlıq, qəzəb, məyusluq və qorxu hisslərini idarə etmək üçün xəstəyə terapevtik yardım lazımdır.
Bütün hallarda bu asılılıqdan qurtulmaq səbr, təmkin və özünə qarşı böyük məsuliyyət hissi tələb edir.
Natəvan Abdulla