YAZI / DÜŞÜNCƏ
Yazıçı İkinci Mahmudu itirdik... - Anım Tarix : 10 İyul 2019, 14:20
Yazar : Qadinkimi.com
Bugünlərdə çox cavan yaşında qəfil dünyasını dəyişən istedadlı yazıçımız İkinci Mahmudun ölümü onu tanıyanları və ümumən ədəbi mühitimizi dərindən ağrıdan bir itki oldu. 

İkinci Mahmudun erkən vəfatı ilə bağlı onlarla insan öz kədərini, sonsuz təəssüfünü statuslara, irili-xırdalı yazılara çevirərək sosial şəbəkədə bölüşdü. 

Həmin yazılardan seçmələri oxuculara təqdim edir, istedadlı yazarımız İkinci Mahmudu bir daha ehtiramla anaraq, Tanrıdan ona rəhmət diləyirik. 

Rəşad Məcid:

- 7-8 il öncə yazmışdım: "Bu feysbukun mənə tanıtdığı ən istedadlı adam Mahmud Ağakişioğludur". Onda hələ İkinci Mahmud deyildi. Hekayələrini çox bəyənirdim. "525"də çap etmişdik. Özüylə cəmi bir-iki dəfə çay içsək də, doğma bilirdim onu. Hərdən yazışırdıq. Maraqlı, istedadlı, səviyyəli gənc idi. Ona ümidim çox idi. Gələcəyinə, böyük yazıçı olacağına inanırdım. Heyif!

Bədbinləşdim. Zərdüştdə, Mövludda sarsılmışdım. İndi də quyunun dibinə düşdüm...

Ruhu şad olsun! 

Yusif Rzayev:

- Şəxsən tanımırdıq bir-birimizi. Feysbukda dost idik. Rəşad Məcid danışmışdı haqqında. Dostluğu da mən göndərmişdim.

Statuslarını oxuyurdum. Son dəfə Feysbukdakı ümumi dostlardan birinin statusuna yazdığı şərhi oxumuşdum.

Əziz, doğma, yaxşı düşünən biri olduğunu bildiyim (lap üzünü görmədiyim adam olsa belə) adamı itirəndə nədənsə həmişə Əli Kərimin bir misrası yadıma düşür: "Nə xoşbəxt imişəm bir zaman, Allah..." İkinci Mahmudun ölüm xəbəri də belə oldu.

Niyə belə olur, axı?

Bəlkə də, dünyadan cavan getmək daha yaxşıdır. Ən azından, belə xəbərləri eşidib, ona dözmək əzabını yaşamamaq üçün... 

Mirmehdi Ağaoğlu:

- Hardasa 15 gün əvvəl "Gənclik Mol"un metro tərəfdəki girişindən keçirdim. Kimsə qoluma toxundu. Dönüb baxdım ki, Mahmuddur. Yoldaşı, uşağı yanında idi. Ponçik satılan yerin qabağında dayanmışdılar. Deyəsən, qızına nəsə alırdı. Hal-əhval tutduq. Ailəsiylə olduğuna görə, vaxtını çox almaq istəmədim. Dedim bu yaxında görüşək, dedi hə, abi, görüşərik. Sağollaşdıq. Sən demə, vidalaşırmışıq.

... bir daha heç zaman, heç bir yerdə görüşməyəcəyik. Əminəm. Yuxular istisnadır. Nə vaxt öləcəyimi də bilmirəm. Həyat o qədər amansız olub ki, Mahmud, bunu sən də sübut elədin. Ölüm ətrafımızda fır-fır fırlanır. Adam xəyallar qurmaq istəmir. Ancaq bil ki, ölən günə qədər xatirən qəlbimdə yaşayacaq. Mövludun xatirəsi kimi.

Qoy o gülüşlərin xatirələrimizə hər zaman işıq tutsun, əziz dost!

Çox ağır itki oldu. Sıralarımızdan getdi, ürəyimizin bir parçasını aldı apardı Mahmud. Gərək belə olmayaydı. Ruhun şad olsun, qardaş! Rahat uyu!.. 

Aysel Əlizadə:

- ... Mahmud xarakterli adam idi. Bircə dəfə yalaxalıq etməzdi işinin xətrinə. Əsl yazıçı, aydın idi. Son vaxtlar yazdığı statuslarda tükənmişliyi sezilirdi, əziyyət çəkdiyi bilinirdi. Depressiv olurdu, ruhdan düşürdü, "əşşi" edirdi bəzən hamımızın lazımsız fədakarlığına, danışırdıq, plan qururduq, "kimsə bizə rahat olacaq deməyib" təsəllisi verirdik bir-birimizə və yenidən qaza gəlib yaşamağa (?) davam edirdik. Qızıldan, almazdan qiymətli dostumu, kolleqamı itirmişəm...

Hansı ağrıkəsici kömək edər, sizcə?

Barmağımı kəsib qanımla yazsam, içim soyuyarmı? Soyumaz! Pulla, vəzifə və imkanlarla özünə dost tutanlar üçün heç vaxt belə yanan olmayacaq. Qazancı budur Mahmud kimi adamların...  

Sahilə İbrahimova:

- Əksər xəstəliklər stresdən yaranır. Bununla bağlı yazım da var. Ölkə stress içindədi, insanlar ruhən əziyyət çəkir. Xəstəxanalar ağzına kimi doludur. Bunun qarşısını almaq üçün bacardıqca pozitiv olaq. Xüsusilə sosial şəbəkələrdə yersiz, yalançı ağlaşanlaradır sözüm. Neqativ və pozitiv enerji keçicidi. Öz neqativinizlə yükləməyin insanları. Bədbəxtlik epidemiyası yaratmayın. Hamının çətinliyi var. Dərdi bir az abırlı çəkin. Əhvalınız pisdisə həmən başqalarının da qanını pessimist fikirlərinizlə qaraltmayın. Tezliklə kefiniz açılacaq. Yox, ürəyiniz davamlı olaraq sıxılırsa, bunu fb-a yazmayın, psixoterapevtə gedin, antidepressant için və s.

Xəbər saytlarının redaktorları, əziz jurnalist dostlarım, xahiş edirəm, neqativ xəbərlərlə ehtiyatlı olun. Paylaşanda qeyd verin - depressiv, aşırı həssas adamlar baxmasa yaxşıdı və s.

İkinci Mahmudun qəfil ölümü hamımızı sarsıtdı. İşıqlı biri kimi qalacaq xatirimdə. Yazışmalarımıza baxdım. Son dəfə Maykl Ceksonun "The Earth" mahnısını göndərib. Həmin gün oğlum doğulub deyə cavab yaza bilməmişəm.

Mahmud, daha səninlə eyni dünyada, eyni yerdə yaşamırıq. Bilmirəm hara və niyə belə tez getdin. Arzulayıram, ümid edirəm doğmaların, sevimli qızın və oğlun uzun, xoşbəxt ömür yaşayar, ruhun onların səadətinə sevinər. 

İlhamiyyə Rza:

- İkinci Mahmud, ikinci Mövlud... Hər ikisi qəfil gedişləriylə sarsıtdı...

Bu yaşda da adam ölər? Bəs, arzuların, bəs uşaqların? Çox acı xəbər oldu. Xəbər lenti qan ağlayır. Sarsılıb hamı... Nur içində yat! 

Aybəniz Haşımova:

- Heç bir gəncin ölüm xəbərini eşitmək istəmirəm artıq, yetər... Məndə daha can qalmadı... Bu nə həyatdı axı, bir də dünyaya gəlmək şansım olsa, qətiyyən gəlməyəcəm, qətiyyən!

Allah sənə rəhmət eləsin, İkinci Mahmud!

Allah qalanlara kömək olsun! 

Şəhriyar del Gerani: 

- "Bir pişiyim də yox qucaqlayası,
qucağım sinəmdə bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
Hamı salamatdı, hamı yaxşıdı..."

Sanki bu bəndin qaramat lənətinə tuş gəlmişəm, Allah hər il arzuma çatdırır. Sən canın, bizim nəslin ölüm yaşına baxın da. Mövlud elə, Mahmud belə... Adam hər an öz növbəsini gözləyir - Yaa zəlzələdən, yaa vəlvələdən...

Ruhun şad olsun, gözəl Mahmud! Mən sənin ölümünü duyurdum. Tamamilə duyurdum... 

Elnaz Eyvaz:

- Dostlarımızı ürəyimizin hansı küncündə gizlədək ki, əcəl gəlib tapmasın, Tanrım?

Mövludun qırxından gələndə dedi, "sizi qonaq gözləyirəm, yığışın gəlin". Biz getmədik...Mahmud getdi... 

Aqşin Evrən:

- Ağstafa-Qazaxa gedirik, dostlarımız İkinci Mahmudla Mövlud Mövludun görüşünə. 7 il əvvəl bu gün elə bu saatlarda Qazaxa hərbi xidmətə gedirdim. Mövlud yazmışdı ki, hərbi hissəniz bizim evə yaxındır, nə lazımdır, de gətirsinlər. Çox acı bir reallıq var: onları bir də heç vaxt görməyəcəyik. Rahat uyusunlar.

... İkinci Mahmudla yazışmalarımızı oxuyub gülürdüm bayaq. Anidən həqiqət - onun yoxluğu yadıma düşdü, qəribə bir gizilti keçdi canımdan. Faciə həm də adamın deyib-güldüyü dostlarının həyatdan getməsidir. Çox çətindir. Adamın dili gəlmir deməyə, amma elə bil, nəslimizin yarpaq tökümü başlayıb. 

Hikmət Nazim:

- İkinci Mahmudu dəfn elədik.

Onu qəbrə qoyanda ağlımdan keçən bu idi: sabah mən də öləcəm. Hansısa dostumdan gec də dünyadan köçə bilərəm, tez də... Amma bu, mütləq olacaq. Bugünə qədər çox adamın xətrinə dəymişəm. İncitdiyim, küsdürdüyüm hər kəsdən üzr istəyirəm. 

Şəhla Aslan:

- Mahmudun ölümünü eşidəndən səhhətimdə ciddi problem yaranıb. Dəhşətli mənəvi və fiziki ağrı hiss edirəm. Axı cavan bir adam niyə infarktdan ölməlidir? Bəs, Mahmudun ömrünə qənim kəsilən nə oldu: işsizlik, maddi sıxıntı, ya başqa səbəb? Bilmirəm! Dəqiq bildiyim bir şey var: ətrafımda məhz bu sıxıntılarla yaşayan çox gənc dost var. Elə qorxuram ki!.. Axı, indi yaradıcı adamlar çox asan ölürlər! İnsafsızcasına! Elə İkinci Mahmud kimi.

... Feysbuk profilində bir problem yaranmışdı. Bildiyim bir-iki həll yolu göstərdim, tətbiq etdi, düzəldi profili. Zarafatlaşdıq. Dedi, "Markı da allada bildik ha". Dedim, "əlbir olarsan bir Mahmud ilə, alladarsan Markı bir yalan ilə!"

Sonra dedi, "mən oldum sənə borcu. Borclu da borclunun sağlığını istər". Yarızarafat, yarıciddi dedim ki, gün o gün olsun, Laçında, Şuşada bu "borcu" qaytarasan. Güldü, dedi, "mütləq qaytaracağam!"

İndi, az da olsa, Laçının, Şuşanın qayıtmağına ümid var. Amma İkinci Mahmud heç ümid yolu qoymadı ki!

Kənan Yusif:

- Kitab təqdimatına getmişdim İkinci Mahmudun. Çox xoş qarşılamışdı. Sonralar da çox danışdıq, görüş təyin elədik, amma görüşmədik ki, görüşmədik. Bir çoxlarından fərqli olaraq, hətta zəif işlərdə də müsbət bir şey tapıb, ən azı, həvəsləndirməyi vardı. Hər gün statuslarına baxdığım, nələrsə öyrəndiyim, virtual da olsa müzakirəsi maraqlı olan, həyat dolu, aydın adam idi. Bu qədər gənc yaşında ölümü pis təsir elədi. Ruhu şad olsun! 

Kəramət Böyükçöl:

- Ağstafada - Mahmudgildəyəm. Bir azdan dəfn olunacaq... Hamı ağlayıb qurtarıb. İndi susublar. Susmaq da deyil, yayın istisində camaat donub qalıb. Heç kimin bir-birinə deməyə sözü yoxdur. Gələn adamlar ağzın açıb heç bir-birinə salam da vermir... :( 

Elmin Nuri:

- İkinci Mahmudun vəfatı həqiqətən də bizim ədəbi nəsil üçün böyük itkidir... Fərqli bir yanaşma idi Mahmud.... Rəhmətlik Mövlud da, o da, deyərdim ki, bir yazar kimi, bəlkə də, özlərinin tam dəyərini ala bilmədilər. Çox istedadlı idilər...

Mahmudun necə orijinal, praqmatik, insan ruhunun xırdalığını bilməsi təəssüf ki, daha çox onun yaxın dostları və sosial şəbəkə izləyicilərinə məlum oldu. Artıq durmaq olmaz! Allah rəhmət eləsin! Gəlin, Mahmudu bundan sonra biz yaşadaq. İlk təklif məndən:

Təcili şəkildə İkinci Mahmudun Feysbuk profili və səhifəsindəki statusları bir araya cəmlənib, kiçik kitabça şəklində buraxmaq lazımdır! Mənim vaxtım çox azdır, kim imkan edə bilərsə, bunu etsin, mümkünsə...

O statuslar orijinal yanaşmasına görə hekayələrdən geri qalmır!
 
 
Mənbə: 525.az
Qadinkimi.com