Baxımlı, geyim - keçimli cavan xanım çiyələk satan nənəyə yaxınlaşdı:
- Bunun vedrəsi neçəyədi?
Çiyələk satan nənə təbəssümlə
- 120 qriven.- dedi
- 120 qriven bahadı. 100 qrivenə versən alaram.
- Nəyə imkanınız çatırsa, o qiymətə alın. Bu pul yaşamağım üçün yetərlidir.- nənə mehribancasına cavab verdi.
Cavan xanım qələbəsindən razı duyğuyla 100 qriven verib çiyələyi götürdü. Öz bahalı maşınına oturub rəfiqəsiylə görüşəcəyi gözəl bir restorana getdi. Onlar özlərinə yemək sifariş etdilər, şəkil çəkdirdilər, söhbətləşdilər. Bir – neçə saat vaxt keçirdilər. Sifariş etdikləri yeməklərin bir hissəsi elə masada qaldı. Nəhayət hesabı ödəmək zamanı çatdı. Xanımların hesabı 1300 qriven idi. Onlar 1500 qriven ödəyib, pulun qalığını almadan restorandan çıxdılar.
Bu olay hansısa iş adamına, bahalı restoran sahibinə adi görünə bilər. Amma öz həyətini becərməklə əldə etdiyi məhsulunu satan biri üçün haqsızlıq olacaq. Bir- neçə sotluq sahədə il boyu torpaqla əlləşən, məhsul yetişdirən, sonra öz zəhmətinin bəhrəsini satmaq üçün onu bazara daşıyan adamın istədiyi məbləği vermirik çox zaman. Bu onun bu pula ehtiyacı olduğunu hiss etdirməklə güclü görünmək arzusudurmu ? Həqiqətdə məhsulunu satan nənənin 20 qrivenə ehtiyacı var, amma restoran sahibinin yoxdur. Niyə imkansıza deyil, imkanlıya güzəşt edirik? Niyə belə edirik ?
Atam kasıb adamların satdıqları məhsulları baha qiymətə alardı.
Əslində aldıqlarına ehtiyacı da yox idi. Bir dəfə ondan soruşdum:
- Sən bunu nədən edirsən?
- Oğul, bu qürura bürünmüş xeyriyyəçilikdir. Bu adamlar öz zəhmətiylə pul qazanır. Mən özümün və onların qüruruna toxunmadan onlara yardım edirəm.Biz bir – birimizə hörmət etməyi, bir – birimizin ləyaqətini qorumağı bacarmalıyıq.
P.S.: Yazını bəyəndiyim üçün tərcümə etdim. Çoxumuz belə edirik. Bəzən 1 kq alma və ya xiyarın qiymətini baha hesab edir, deyinir, narazı qalırıq. Amma təkcə toylarımızda, ya başqa səbəblə getdiyimiz zaman restoran sahiblərinə bağışladığımız pullar haqda düşünmürük. Cibimizə girmələrinə susuruq. Əslində ləyaqətimizi qorumuruq. Ləyaqətimizi qoruyaq!
Çevirdi: Kamalə Abiyeva
Qadinkimi.com