BURA / ORA, QADIN / KİŞİ, GENDER
Fransa: Məişət zorakılığı və qadınların qətlə yetirilməsi əleyhinə yürüşlər keçirilib - FOTO Tarix : 24 Noyabr 2019, 22:52
Yazar : Qadinkimi.com
Fransanın onlarla şəhərində şənbə günü qadınların qətli və gender zəminində digər qətllər əleyhinə yürüşlər keçirilib.

#NousToutes (Hamımız) haştaqından istifadə edən etirazçılar rəsmi dairələri bu problemə göz yummaqda ittiham ediblər.

Bazar ertəsi günü məişət zorakılığına qarşı mübarizə tədbirlərinin açıqlanacağı gözlənilir.

Fransa, Qərbi Avropada məişət zorakılığı ilə əlaqəli baş verən qətllərin statistikasına görə ön sıralarda gedir.

Yerli medianın bildirdiyinə görə, təkcə bu il partnyorları və ya keçmiş partnyorları tərəfindən öldürülən qadınların sayı Fransada 115 nəfərə çatıb.

Bazar günü Fransada ölkə boyu 30-dək küçə yürüşü aksiyaları keçirilib.

Parisdə keçirilmiş etiraz yürüşünün iştirakçıları
 

Yürüşçülər Parisin küçələrini bənövşəyi rənglə bəzəyiblər
 

Bəzi qrupların bildirdiyinə görə, bu il partnyorları tərəfindən Fransada 137 qadın öldürülüb
 
 
Parisdə keçirilən etiraz aksiyalarının iştirakçıları yaranmış vəziyyətə görə hökümətin məsuliyyət daşıdığını bildiriblər
 
Marseille şəhərində etirazçılar ölürülən qadınların adı yazılmış plakatlarla yürüş edib

Etiraz aksiyaları Paris, Marseille və Fransanın digər şəhərlərində keçirilib.

AFP agentliyinin məlumatına görə, Fransada hər üç gündən bir indiki və ya keçmiş partnyoru tərəfindən azı bir qadın öldürülür.

Aİ-nin Eurostat agentliyinə əsasən, 2017-ci ildə Fransada partnyorları tərəfindən törədilən 123 qətl hadisəsi qeydə alınıb.

Şənbə günü yürüşləri bu məsələylə bağlı aksiyalar keçirən qrupların hökümətlə üç ay davam edən danışıqlarının sonuna təsadüf edib.

Təşkilatçıların ümid etdiyinə görə, bu danışıqlar məişət zorakılığına qarşı tədbirlərin hazırlanmasıyla yekunlaşmalıdır.

Sentyabr ayında hökumət gələn ildən etibarən 1000-dək sığınacaq və təcili yaşayış yerlərinin yaradılması və qadınların şikayətinə necə baxıldığına nəzarət edilməsi üçün 400 polis məntəqəsinin yoxlanması da daxil, bir sıra təcili tədbirlərin görüləcəyini elan edib.

Baş nazir Edouard Philippe qadınların qətlinə qarşı görülən təcili tədbirlər çərçivəsində €5 milyon məbləğində vəsaitin ayrılacağını və şikayət prosedurunun sadələşdiriləcəyini, təhdid altında olan qadınların müdafiəsinin yaxşılaşdırılacağını və partnyorlarının daha sürətlə onlardan uzaqlaşdırılacağını vəd edib.

Baş nazir məişət zorakılığına görə məhkum edilmiş və ya qeydiyyata alınmışlara nəzarət məqsədiylə elektron qolbağın taxılması ideyasını da dilə gətirib.



Mənbə: bbc.com
qadinkimi.com