SEVGİ
Firuz Mustafa - Sevgi (2-ci hissə) Tarix : 09 May 2020, 23:33
Yazar : Qadinkimi.com

(esse)


2-ci hissə


Sevgi insanı insan edir. Bəlkə elə əməkdən də öncə!

Sevgi insanı insan edir. Bəlkə elə həyatdan da öncə!


İnsan öz sevgisi ilə özü-özünü kəşf edir, özü-özünü yaradır,tərbiyə edir və nəhayət, özündə özünü tapır. Lakin əsl məhəbbət həm də odur ki, insan özündə özünü unudur, özü ilə başqa bir vücudda vəhdət tapır. Hegelin dediyi kimi: "Sevginin əsl mahiyyəti özünü dərk etmədən uzaqlaşmada, özünü başqa bir məndə unutmaqdadır; lakin bu yoxolma və unutmada ilk dəfə özünü tapma, özünü tabe etmə mövcuddur”.


Feyerbax belə hesab edirdi ki, sevmək hələ sevənin xoşbəxtliyi deyildir. Başqasını xoşbəxt etmədən özün xoşbəxt ola bilməzsən. Biz başqasını nə qədər çox xoşbəxt edirdiksə, özümüz də o qədər xoşbəxt oluruq.


Zaman keçdikcə insanların dünyaya, tarixə, özünə münasibəti də dəyişir. Dünən yaxşı kimi qələmə verilən, bu gün kəskin tənqid atəşinə məruz qalır. Lakin sevgiyə klassik münasibət öz "mühafizəkarlığını” qoruyub saxlayır. İqtisadi səfalət qasırğaları dünyanı ağzına alır, insan öz fiziki yaşarılığını mühafizə etmək üçün kirpiyi ilə od götürür. Fəqət sevgi öz ilkinliyini, öz munisliyini saxlayır.


İnsan mənəviyyatına bəzən bir qara qəpik qiymət qoyulmur, "məhəbbət” adı altında "diplomatik oyunlar” gedir... Lakin sevgi yaşayır.

Əsl insan, ideal insan, insan idealı – sevən insandır.


İnsanın sevgiyə dönük çıxması – özünün özündən uzaqlaşması deməkdir. Sevgisizlik – absurddur. Sevgi – həyatın mənbəyidir. Lakin cəmiyyət öz "həyat mənbəyinin” daimi mövcudluğu üçün qayğı göstərirmi? Fromm yazır ki, cəmiyyətdə az qala hamı "sevmək arzusu ilə” yaşayır. Lakin pul qazanmağa, hakimiyyətə, kefə-damağa daha çox vaxt gedir. Yəni adamlar var-dövlət əldə etməyin yeni-yeni yollarını, "elmini” öyrənir. Amma sevmək sənətini öyrənmək üçün heç bir təşəbbüs göstərilmir. Elə bu sənət sirlərinə vaqif olmamaqdandır ki, tərəflər arasında (qadın və kişi) çox vaxt uçurum yaranır.

Fromm belə hesab edir ki, sevgi – istirahət yeri deyil, birgə əmək, əbədi mübarizə deməkdir. Sevmək – daim təzələnmək, təmizlənmək deməkdir. Sevgi – özünü zənginləşdirmək deməkdir.


Hər bir fərdin özünəməxsus temperamenti var – bu keyfiyyəti insana təbiət verib. Lakin xarakteri insan özü qazanır. İnsan öz-özünü təkmilləşdirir. İnsan özü-özmü "qurur”, "yaradır”. İnsanın formalaşmasında onun "hissi” əlamətləri intəhasız rol oynayır. Bu cəhətdən insanın sevgisi istisna təşkil etmir. Sevgi üçün, sevmək üçün mütləq, konkret "elmi metod” yoxdur. Hərə bir cür sevir. Lakin əsl məhəbbət hamıya eyni dərəcədə təsir göstərir: sevən adam təmizlənir, saflaşır, yüksəlir.


Bütün insanların ürəyində sevgi üçün zəmin, sevmək üçün imkan mövcuddur. Lakin heç də bütün hallarda imkan gerçəkliyə çevrilmir. İmkanın gerçəkliyə çevrilməsində mühitin, tərbiyənin rolu böyükdür. Və əlbəttə, bu sahədə yenə ən böyük vəzifə subyektin – şəxsiyyətin üzərinə düşür... Harın tərbiyə görmüş adamın təkcə bədənini yox, ruhunu da piy qatı örtür. Bu cür şəxslər çox halda az qala hər şeyə qarşı laqeyd, biganə bir mövqedə dayanırlar: Viktor Hüqo öz mülahizələrində necə də haqlı idi; "İsti yataq insan ürəyini daşa çevirmək gücünə qadirdir”.

Ürəklərin "daşa çevrilməsi” insani idealların (ülgülərin) çoxuna nöqtə qoyur.


Sevgi və nifrət – insan ürəyinin iki sirli, möcüzəli, təzadlı qütbüdür. Ürəkdən nifrət edən adam ürəkdən sevə bilər. Eyni vaxtda həm sevmək, həm də nifrət etmək olar.


Sevmək – risk etmək deməkdir. Özünün bütün ülviliyi, gözəlliyi, ilahiliyi ilə yanaşı, sevgi həm də - faciəvilikdir. Ancaq yaşadan, insanı ucaldan faciəvilikdir. Elə bu cəhətinə görə o, əsrlər boyu neçə-neçə bədii əsərin dramatik fabulasına çevrilib. Bir çox filosoflar sevgi anlayışına daha geniş rakurs və tələblər (əgər belə demək mümkünsə) səviyyəsindən yanaşmışlar. L.Feyerbax deyirdi ki, sevgi – zəkanın və təbiətin universal qanunudur. M.Girşveld isə sevginin qüdrətinə inam (və qiymət vermək) baxımından daha da irəli gedərək göstərirdi ki, məhəbbətin nəfəsi dünya xaosunu nizama salır, disharmaniyanı hormoniyaya çevirir. Belə mütəfəkkirlər insanın sevgisini insanın fövqündə təsəvvür edirdilər.


Min illərdir ki, "sevgi varmı?” – sualı ətrafında adi təsəvvür və elmi-fəlsəfi düşüncə səviyyəsində mübahisələr gedir. Biz həmin mübahisələrə bir-iki kəlmə ilə cavab vermək və ya "hə”, "yox” nidaları ilə təkzib-təsdiq tonunda münasibət bildirmək iddiasından uzağıq. Fəqət bir məsələ aydındır ki, "sevgi varmı?” – sualı "həqiqət varmı?”, "vicdan varmı?”, "nifrət varmı?”, "xoşbəxtlik varmı?”, "iztirab varmı?” suallarının ekvivalenti kimi səslənir. Rus fizioliqu Pavlov yazırdı ki, mən insan beynində dəfələrlə cərrahiyyə əməliyyatı aparmışam və orada ağıl deyilən şeyə rast gəlməmişəm. Təbii ki, insan ürəyində "axtarış” aparanlardan heç biri orada məhəbbət adlı şeyə - maddi predmetə təsadüf etməyib.


İki nəhəng filosofun baxışında sevgiyə münasibət müxtəlif bucaqlar altında acıqlanıb; Hegelə görə, sevmək – özünü unutmaqdır. Sevirsənsə - artıq başqasına çevrilirsən. Sevgidə "mən” arxa plana keçir – onu başqası əvəz edir.


Fromma görə, özünü sevməyən başqasını qətiyyən sevə bilməz. Hər şey "mən”dən başlayır. "Mən” yoxsa, "o” da yoxdur.

Paradoksdurmu?


Bizcə, yox. Hər iki filosof özlüyündə haqlıdır. Hegelə görə, sevən adam özünü başqasında tapır (və ya itirir). Fromma görə, sevən sevdiyini özündə itirir (və ya tapır). Haradasa mahiyyət eynidir. Hər iki baxış eqoizmdən uzaqdır.

Sevən adam dünyanı parlaq rənglərdə görür. Lakin bu parıltı bəzən sevənlərin gözünü tutur. Elə buna görədir ki, deyirlər; sevənin gözü kor olur. Və burdaca xatırladaq ki, sevgi insan həyatını heç də bütün hallarda sakit məcraya yönəltmir, əksinə, dramatizmlə dolu bir aləmə sövq edir.


L.Tolstoyun da əsl sevgi ilə bağlı mülahizələri müəyyən mənada Hegelin fikirləri ilə üst-üstə düşür; o mənada ki, böyük yazıçı sevgini – özünüunutma, özünüqurban kimi qiymətləndirirdi. Tolstoya görə, sevgi ya var, ya da tamamilə yoxdur – burada tərəddüdə yer yoxdur. O ki, qaldı sevmək üçün konkret (əlverişli) məkan və zamana – Tolstoyun fikri qətidir: "Gələcəkdə sevgi olmur; sevgi – bu, yalnız indiki halda olan fəaliyyətdir. İndiki halda sevgini hiss etməyən adamın sevgisi olmur”.


İnsan hissi, insan ürəyi heç bir sədd, heç bir hüdud tanımır. "Ağıllı” ürək bütün qanunlardan yüksəkdə durur. "Xüsusi”, "əlahiddə” adamlar üçün ayrıca qanunlar verilmir. Qanunlarda bir ümumilik var. Lakin ürəklər, hisslər "ümumi” kateqoriyasına tabe olmur. Hər ürəyin öz xüsusi "qanunu” olur. Sevən adam üçün belə hər bir cəmiyyətin müəyyən qanununun müəyyən cinayət məcəlləsini tətbiq etmək olar. Sevgi qanuna tabe olmursa, deməli, ona ziddir. Qanuna ziddirsə, deməli, orada asanlıqla "cinayət tərkibi” axtarıb tapmaq mümkündür.


Elə müəyyən "qanunlar” çərçıvəsindən yanaşmağın nəticəsidir ki, müəyyən bir mərhələdə mənəviyyatın özündə də "sinfilik prinsipi” axtarışları olmuşdur. Az qala "proletar” məhəbbəti qarşılaşdırılmış, təbii ki, bizdə birinciyə üstünlük verilmişdir. Bu, "qarşıdurma” tərəfdarları qətiyyən hesaba almamışlar ki, insan ruhu və insan qəlbi hər bir "qanun” və "sinfilik” kateqoriyasından yüksəkdə durur: sevən adam öz sinfi mənsubiyyətindən, ictimai mövqeyindən belə qat-qat yuxardadır. Qanun intizama dəvət edir; lakin insan həyatı üçün şaqqraq, hamar yol yoxdur. Cəmiyyət həyatı müəyyən qanun və qanunauyğunluqlara tabedir; lakin insan həyatı gözlənilməz dönümlərdə, dramatik vəziyyətlərlə zəngindir. Cəmiyyət müəyyən proqnoz və planlarla hərəkət edə bilər; lakin insan ömrü bütün proqnozları rədd edir. Eləcə də insan sevgisi.


Cəmiyyət qanunları sakit, təmkinli addımlarla müşayət oluna bilər. Sevgi – mübarizə deməkdir, ona sakitlik yoxdur. Elmi-texniki tərəqqi (ETT) əsrində yaşayan, sevən insanın üzərinə böyük vəzifə düşür.


Qəribə paradoksla üz-üzə dayanmışıq; bir tərəfdən ETT-nin inkişafından eyforiya vəziyyətinə düşür, hayıl-mayıl oluruq, digər tərəfdən düçar olduğumuz fəlakətlərin çoxu üçün elmi, texnikanı yamanlayırıq. Bir yandan xoşbəxtliyimizin açarını texnikanın inkişafında görür, digər tərəfdən bədbəxtliyimizin baisi kimi onu yamanlayırıq. Elə isə hansı məqamda haqlıyıq?


...Texnika insanın cəmiyyət qarşısında məsuliyyətini az qala sıfıra endirir. İstehsalçı məhsulun mahiyyəti ilə maraqlanmır. Çaylara, okeanlara axıdılan çirkab, zəhər "məhsuldar qüvvəni” – insanı narahat etmir. Bir düyməni basmaqla bir şəhərin altını üstünə çevirən hərbçi adi texniki proqramı yerinə yetirir. Və bu vurhavur, qovhaqov tufanında insan özünü ya texnikanın əlavəsinə - onun bir boltuna, bir vintinə çevirir, ya da texnikanı özünün əlavəsinə döndərir. Belə bir məqamda "sevən aşiqi” "texniki adam” – robot əvəz edir. Sevgi sanki arxa plana çəkilir. Dükan-bazarlar süni "sevgi obyektləri” ilə dolur. Kişilər mağazalardan "qadın” seçir. Qadınların kişiyə ehtiyacı azalır... Rədd olsun "sevgi” anlayışı! ETT əsri məhəbbəti qəbul etmir! Biz Romeo, Məcnun sevgisi olmasa da ötüşə bilərik!


Eşqin gətirdiyi əzab heç kəsi xoşbəxtliyə ürcah etməyib. Biznes, pul, şöhrət olan yerdə nə eşqbazlıq?..


"Texniki adam” sevgini qəbul etmir. Belə yerdə vaxtilə məşhur Uotergeyt "işinin” təşkilatçısı, R.Niksonun prezidentliyinə qarşı kəskin çıxış etmiş, hələ uşaqlıqdan özünə ideal qəhrəman Hitleri seçmiş Hordon Liddi və onun "İradə” adı altında nəşr olunmuş əsəri – avtobioqrafiyası yada düşür. Liddi bütün ömrü boyu öz daxili hisslərinə qarşı vuruşmuş, həya, vicdan anlayışını qəbul etməmiş, özünü hissiz, duyğusuz maşına çevirməyə çalışmışdır. Onun üçün insan öldürmək – çəkiclə dəmiri əzmək kimi şeydir. "Mən maşına çevrilməliyəm!” – budur Liddinin "idealı”. Onun tez-tez təkrarladığı tezis, qərar: "Mən maşınam, maşınam, maşınam hiss etmirəm nə ağrı, nə yorğunluq!” Lap mahnıya bənzəyir. Sən demə, insanın öz daxilində özünü öldürməyə cəhd göstərməsi də ilham və zövq mənbəyinə çevrilə bilərmiş!


Sevgidən könüllü imtina etmək – özündə özünü qətlə yetirməkdir. Sevgisizliyə çağırış – mənəviyyatsızlığa çağırışdır. Özündə sevgini öldürmək – mənəvi cəlladlığa yol göstərməkdir. Sevməməyi ilə öyünmək – öz ölümünü alqışlamaqdır, özünə "fatihə” deməkdir.

 


 

* * *


Sevgi anlayışı olduqca geniş mahiyyət daşıyır. Buraya insanın doğma, yaxın insana, həqiqətə, xeyirxahlığa, hakimiyyətə, var-dövlətə, vətənə, Allaha və s. sevgisi daxildir. Ümumiyyətlə, sevginin müxtəlif təsnifatlarında birinci sıraya erotik məhəbbət aid olunur. Sevginin öz həyatında oynadığı rolu K.Marks öz arvadına yazdığı məktubda belə şərh edirdi; nəhəng ehtiras məni sözün bütöv mənasında özümü əsl insan hesab etməyə kömək göstərir... "Lakin nə Feyerbax "insanına”, nə Moleşott "maddələr mübadiləsinə”, nə proletariata sevgi deyil, sevimli adama, məhz sənə olan sevgi: bu, sözün əsl mənasında insanı yenidən insan edir”.


Məhəbbət insanlara, artıq qeyd olunduğu kimi, irsən keçmir. Onu insan özü yaradır. Sevgi hissi həyatda formalaşır. Sevginin meydana gəlməsində iki obyekt (və ya subyekt) iştirak edir: sevən və sevilən. Məhz sevgi nəticəsində obyektin subyektə münasibəti təkmilləşir.

İnsan öz sevgisi ilə ömrün yeni bir pilləsinə -yeni bir oraya qədəm qoyur.


Yer üzündə sevgisiz, duyğusuz adam tapmaq qeyri-mümkündür. Hətta, özünü tənha, yalqız, biganə, soyuq hesab edən adamlar belə daxilən bu və ya digər dərəcədə dərduni intim hisslərlə bağlı olurlar. Ümumiyyətlə, insanın normal inkişafı, onun xarakter və şəxsiyyətinin formalaşması məhz onun məhəbbətinin səviyyəsi ilə bağlıdır. L.Tolstoy yazırdı: "Əgər sən sevmirsənsə” – bu heç də o demək deyil ki, səndə sevgi yoxdur. Sadəcə olaraq sənin sevməyinə mane olan nəsə bir şey var. Sənin qəlbin sevgi ilə doludur, lakin o üzə çıxa bilmir, çünki buna sənin günahların mane olur. Qəlbini qandallardan azad et...”

İnsanı digər canlılardan fərqləndirən amil həm də onun sevmək qabiliyyətidir. Təbiət öz düşünən övladını elə yaratmışdır ki, o, digər canlılardan təkcə ağlı, qəlbi ilə deyil, habelə bir çox digər cəhətləri ilə fərqlənir. İnsanla heyvanı az qala "bir bezin qırağı” hesab edənlərə qarşı çıxan L.Feyerbax "Gələcəyin fəlsəfəsinin əsas müddəaları”nda yazırdı ki, insan digər canlılardan təkcə təfəkkürü ilə deyil, habelə bütün varlığı ilə fərqlənir.


Əlbəttə, sevgi anlayışının bəsitləşdirilməsi yalnız bəsit təfəkkürə xas xüsusiyyətdir. İnsan öz sevgisi ilə bütün canlıların fövqündə duran varlıqdır. Fizioloq Meçnikov yazırdı: "Heç bir şübhə yoxdur ki, insanın cinsi hissiyyatı, digər canlılarla eyni olsa da belə, ən ali mənəvi təzahürün mənbəyidir”. Yeri gəlmişkən qeyd edək ki, Platon həmin fiziki təzahürləri dörd qismə bölürdü; insanın gözəlliyə, həqiqətə, yaradıcılığa, həyatın mənasına marağı, ehtirası. Platon belə hesab edirdi ki, məhəbbət incəsənətə, yaradıcılığa doğma olan hadisədir, o göstərir ki, məhəbbət hətta incəsənətdən yüksəkdə duran fenomendir.


Eşqdir mehrabı uca

göylərin,

Eşqsiz, ey dünya, nədir

dəyərin?..


Nizami haqlı idi. Bu gün də haqlıdır.

İnsan min illərdir ki, sonsuzluğa, intəhasızlığa doğru bir yol gedir. Bu yolda onu uçurum və vadilər, eniş və yoxuşlar müşayiət edir. İtirə-itirə, qazana-qazana yol gedir insan...

Əbədiyyət yollarının əzəli və sonu – sevgi dayanacağıdır.

İnsan öz sevgisindən od alıb yola çıxır.

İnsan öz son məqsədinə - öz böyük sevgisinə qovuşub yola çıxır.

Varlıqla yoxluğun danılmaz, uçulmaz körpüsü – sevgidir.

 


* * *


Min illərdir özünü arayır, axtarır insan oğlu. Bu axtarışların sonu - əzəl, əzəli – sondur. Əzəllə son arasında bir körpüdür – sevgi...

 


Firuz Mustafa 

1989-cu il

qadinkimi.com