YAZI / DÜŞÜNCƏ
Firuz Mustafa Şərq və Qərb haqqında Tarix : 28 Fevral 2021, 01:24

Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.
Qərbdə rasionallığa, Şərqdə nağılçılığa meyl güclüdür.

Qərb ağla söykənir, Şərq qəlbə.
Qərb beşiyə təzim edir, Şərq Qəbrə.
Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.

Qərb rasionaldır, Şərq irrasional.
Qərbdə şəxsiyyət güclüdür, Şərqdə şəriət.

Qərb sıçrayışlarla irəliləyir, Şərq isə inersiya ilə.
Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.

Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı isə daha çox təbiətlə təması sevir.
Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.

Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.
Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.

Qərbdə qanunlar, Şərqdə ənənələr hökmrandır.
Qərbli gördüyünə, şərqli eşitdiyinə daha çox inanır.

Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.
Qərb analizə, Şərq sintezə üstünlük verir.

Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara istinad edir.
Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.

Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzzlərin təmin edilməsinə.
Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.

Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.
Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.

Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.
Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.

Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.
Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq Qərbdən pulla geri alır.

Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.

Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər çin səddi qədər enli yox, olsa-olsa çin kağızı qədər ensizdir.

Qərbi Şərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.
Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.
 
Şərq və Qərb faktoru. Hansı qoca, hansı cavan?
 
 


Firuz Mustafa
 
(yazı 2002-ci ildə yazılıb)