"BUZ ÜSTƏ YAZILAN SƏTİRLƏR"
** Ayaq üstə qalxmaq istəyənləri dizi üstə çökdürməkdən həzz alanlar daim məğlubiyyət qorxusu ilə yaşayırlar.
** Arzularım yağış altda yuyunub təzələnmək istəyir; göydən çirkli yağışlar yağır.
** Adamlığı olmayan adamlar sosial tullantılara çevrilərək cəmiyyətdə həndəsi silsilə ilə artmaqdadır. Dərd orasındadır ki, bu tullantıları hərdən təkrar istehsala da göndərirlər. Beləliklə, ortaya alçaqların kubu gəlir.
(03.02.1989)
p.s.: Deyəsən, bu sətirlərin yazılmasından 30 il ötüb. Təəssüf ki, çox şey pisliyə doğru "yaxşılaşıb"...
04.05.19.
** Adamların səs - küyündənsə təbiətin sükutuna qulaq asmaq faydalıdır.
** Adətən xoşbəxtlık gecələr gəlir. Onda da adamların çoxu şirin yuxuda olur.
** Adamlar dörd qrupa bölünür: alanlar və satanlar, alınanlar və satılanlar.
** Adətən, qorxaqlar və satqınlar öz "qəhrəmanlıqları” haqda əfsanələr uydururlar, qəhrəmanlar isə öz fəaliyyətləri barədə danışmağa xəcalət çəkirlər.
** Adətən var-dövlət onu qazananlara deyil, onu xərcləyənlərə qismət olur.
** Adama çox şeyi bağışlamaq olar. Əgər o adam deyilsə, onda necə?
** Adam hərdən arzulara dalmaqdan da qorxur. Qorxur ki, birdən hansısa gözəgörünməz bir əl onun arzularına ciddi limit qoysun.
** Adam bu həyatda hər bir çətinliyə öyrəşir. Hətta, həyatın özünə də.
** Aqil adamlar gələcəklə, sadə adamlar keçmişlə, praktik adamlar bu günlə yaşayırlar.
** Adətən, qorxaqlar qəhrəmanlığı başqalarının simasında axtarırlar.
**Az qala hamı özünə müqəddəs kimi baxır. Halbuki bu "müqəddəsliyin” arxasından çox vaxt günahlar boylanır.
** Az qala bütün ağıllı qаdınlаr kimi оnun dа əri əbləh idi.
** Az bilənlər danışır, çox bilənlər susur. Əslində həmişə belə olub: boş çəlləyin hay-küyü çox olar.
** Adətən, gözə girən adamların çoxu gözdən düşmüş adamlar olur.
** Avropada maraqlı sosial sorğu keçirilib. Respondentlərin cavabından belə məlum olub ki, ingilis kişilər öz arvadlarının nökəri, almanlar ağası, fransızlar dostu, ispanlar cəlladı, italyanlarsa keşikçiləridi.
Peşələrimdən biri də sosioloqluqdur deyə, bu fikirlər diqqətimi çəkdi...
** Atasını evdən it kimi qovub,
İtinə ad günü keçirir adam...
** Ateistlərin də öz allahı var. Sadəcə, bu allah bir az eqoistdir.
** Ailənin böyüyü kim olmalıdır? Əlbəttə, ailənin ən kiçiyi.
** Adətən günahsızlar bağışlanmaq üçün daha çox dua edirlər.
** Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
Düzü, hərdən düşünürəm ki, nə yaxşı ömür təkrarlanmır və əbədi deyil.
** Adətən kollektivdə özünü tərifləyən adamı o çıxıb gedəndən sonra "kollektiv qaydada” ələ salırlar.
** Azadlıq bizi seçə bilməz. Azadlığı biz özümüz seçməliyik.
** Arxeoloqlar və tarixçilər yazır ki, ilk insanın istifadə etdiyi ilk alət dəyənək olub. Bəlkə də o ilk adam yol polisi imiş.
** Arada öz deyimlərimi, daha doğrusu, öz düşüncələrimi və yaxud əsərlərimdən müəyyən fikir və replikaları paylaşıram. Təəccüb və ya heyrət etdiyim anlar da olur. Yox, öz yazdlarımın heyranı olmuram. Bəzən həmin fikirlərin məndən yüz illər öncə deyildiyinin şahidi oluram. Yəni bir çox hallarda görürəm ki, bir çox fikirlərim bir çox klassiklərin bir çox illər öncə dediyi bu və ya digər fikirlə qismən də olsa səsləşməkdədir. Sevinirəm. Deməli, bu dünyada elə əzəldən də mənim kimi düşünənlər və mənim keçirdiyim hissləri eynilə mənim kimi yaşayanlar olub.
** Adamın hansı dinə inanması önəmli məsələ deyil... Əsas odur ki, adam özü adam olsun...
** Adətən insanlar xoşbəxtliyi təklikdə axtarırlar. Əgər sevirsənsə bu necə mümkün ola bilər? İstər-istəməz bu hiss ən azı iki nəfər arasında bölüşdürülməlidir.
** Acgözlük gələndə, xoşbəxtlik gedir.
** Arvadının yanında tülküyə, məşuqəsinin yanında şirə dönür.
** Allah hər şeyi vaxtında göndərir, xüsusən də ölümü. Elə buna görə də hərə bir yaşda ölür.
* Az qala cəmi iki cür əsas adam "tipi” formalaşıb. Birincilərə daxildir: hamının dediyini qeyd-şərtsiz təsdiq etmək. Bunlara çox vaxt "mütilər” deyirlər. İkincilərə daxildir: hər kəsin dediyini inkar etmək. Bunlara çox vaxt "dikbaş” deyirlər.
Bundan əlavə bir qeyri-əsas "tip” də yaranıb: heç nə eşitməyənlər. Yox, bunlara "kar” deyil, "ağıllı” deyirlər.
* Allahın hökmünə ehtiram bəsləyirəm, qanunun hökmündən çəkinirəm, vicdanın hökmündənsə qorxuram.
* Adamları fiziki cəhətdən zorla qula çevirmək olar. Amma onlar mənəvi cəhətdən könüllü olaraq qul olurlar.
* Ayrı-ayrı fərdlərin və bütöv toplumlarn həyatında digər amillərlə (təhsil, tərbiyə, iqtisadiyyat, dünyagörüşü və s.) yanaşı, təbiətin də rolu mühümdür.
* Adətən hamının axmaq kimi tanıdığı adamın müsbət bir hərəkəti onu yaxşılar cərgəsinə yüksəltmir. Amma hamının yaxşı adam kimi tanıdığı birinin xoşagəlməz bir hərəkəti onu axmaqlar cərgəsinə endirir.
* Ağlım ürəyimdən xeyli yaşlıdır. Gəncliklə qocalığın bu cür yaxın "qonşuluğu” mənə yaxşı heç nə vəd etmir.
* Ağlına gələnləri ilk növbədə öz ürəyinlə məsləhətləş.
* Ağıllı adamlar çox vaxt axmaq olurlar.
* Ağıllı adamları yalnız ağılsızlar başa düşə bilər.
* Ağıllı adamın bu qədər varlı olması təəccüblü görünür.
* Аğıllı аdаmlаr ölümdən yох, həyаtdаn qоrхurlаr. Siz özünüz ağıllı adam olduğunuz üçün bunu bilməmiş deyilsiniz. Yeri gəlmişkən, elə mənim səhnədə oynanılan ilk əsərimin adı da "Ağıllı adam”dır; mənim qəhrəmanım ağıllı dəlidir, hadisələr isə, təbii ki, dəlixanada baş verir.
* Аğıllı vаlidеynlər evlənən tərəflərin qаrşılıqlı nigаhındаn dа öz diplоmаtik məqsədləri üçün istifаdə еdirlər.
* Ağıl - hər zaman görünən və heç vaxt görünməyən bir nəsnə.
* Ağlını deyə bilmərəm, amma ağıl dişi hələ yerindədir.
* Aldığı maaş elə gülməli idi ki, onu ağlamaq tutdu.
** Adətən, bütün dünyada konkret şəxsiyyət, hadisə və predmetlərə abidə qoyurlar. Hərdən fikirləşirəm ki, bəs görəsən abstrakt hadisələrə heykəl qoymaq olmazmı? Anlaşıqlı olsun deyə bir az da xırdalayım.
Məsələn: vicdana, mədəniyyətə, hissə, duyğuya, sevgiyə, dəyanətə, inama, mərifətə, etibara...
Axı bunlar insanlığın atributlarıdır..
Sual budur: kim bu heykəlləri necə təsəvvür edir?
Firuz Mustafa
qadinkimi.com