FEMİNİZM
Feminist oğul yetişdirin Tarix : 04 Sentyabr 2020, 09:54

 "Qızlar ağlamaz" kitabından kiçik hissə

 

Mənim anladığım və hiss etdiyim feminizmdə qadın kult olaraq cəmiyyətin içindən seçilmir. Onun hüquqları qorunur. Onu tənqid etmək də, qüsurlarını göstərmək də olar. Qadını "və başqaları” rolunda təqdim etdiyim yazının başlığı belə idi: "Hər uğurlu kişinin arxasında bir qadın var. Yoxsa daha uğurlu olardı”. Deyingən, isterik, qısqanc, heç nəylə maraqlanmayan, heç nə oxumayan, işi-gücü ərini güdmək olan, işləmək istəməyən, həyatda heç bir uğur qazanmayan zəhlətökən qadınlara həsr olunmuşdu. Bir feministin qələmindən belə cümlələr oxumaq təəccüblüdü, başa düşürəm. Deyingənliyi də, məqsədsizliyi də, peşəsizliyi də qadının qüsuru yox, daha çox kişi hakimiyyətinin "yaradıcılığı” hesab edirəm. Fəsadlar artıq faktdı. Bu faktlar dönə-dönə üzümüzə çırpılır. Biz bu faktı yalnız qadını öyüb qoruyaraq dəyişə bilmərik. Ona həm də düşdüyü acınacaqlı durumu, uğradığı mutasiyanı göstərməyimiz gərəkdi.

 

"Qadının haqqını elə qadın pozur” fikri ilə gəlirlər üstümüzə.

 

Deyirlər ki, o kişiləri qadın böyüdür, evdə gəlinin haqqını qayınana pozur, uğurlu qadının paxıllığını elə qadın çəkir və s. Gəlini incidən qayınana da adətin içində batıb. Zorakı, qadınına qarşı hörmətsiz oğul böyüdən ana da bunu bilmədən edir. Mexaniki edir. Belə görüb, öz əri də ona məişət köləsi kimi baxıb, atası da anasına belə baxıb. Ətrafda hər kəsi belə görə-görə yetişib. O da oğlunu qadın üzərində ağa kimi böyüdür.

Şəxsən tanıdığım müəllimə qadın gəlininin fikrindən öldü. Gəlini sevmirdi. Elə-belə, səbəbsiz. Oğ­lum tezdən işə gedəndə qalxıb ona səhər yeməyi hazırlamır, ya­tır - deyirdi. Oğlu oyatmırdı qadınını. Normal insandı. Səhər yeməyini yeyib işə gedir. Xanımını narahat etmək is­tə­mir. Nə var bunda? Arvadına maşın almışdı. Onu əzizləyirdi, se­vir­di, hesablaşırdı. Ana fikirdən çərləyib öldü.

 

Bir dəfə küçədə tanımadığım bir qadın yaxınlaşdı. Oğlu ilə gəlinindən danışmağa başladı: "Qızı özü alıb. Sevir. Ancaq mən heç cür qəbul edə bilmirəm o qızı. Hər gün az qalıram işimi-gücümü atıb gedib oturum böyürlərində görüm nə edirlər. Özüm-özümə də utanıram. Savadlı qadınsan, həkimsən. Bu nə hərəkətlərdi edirsən - deyirəm özümə. Ancaq bacarmıram.”

 

Təsəvvür edirsiz? Qadın dözməyib küçədə mənə yaxınlaşıb içini boşaltdı. Qayınanası yataq otaqlarına icazəsiz girən qız tanıyırdım. Oğlanın anası şap deyə qapını açırdı sevişdikləri yerdə. Qapını bağlayırdılar. Qız ağlını itirmək həddindəydi. Boşandılar. Oğlan ikinci dəfə evlənəndə sevgilisini anasına göstərmədi. Hələ də tanış deyillər. Qayınatası döyən gəlin var. Qayınatası. O kişiləri böyüdən analar, bir-biri ilə yarışan qadınlar – bəli biz bunu bilirik. Pis örnəkdi. İyrəncdi.

 

"Feminist oğul yetişdirmək” adlı məqalə oxumuşdum. Müəl­lif yazır ki, oğluma yalnız maşınlarla oynamağı öyrət­mə­mi­şəm. İstəmişəm onun dünyası əhatəli olsun. Amma ad günü üçün tort sifariş verəndə üstündə böyük bir traktor fiquru is­tədi. Bununla heç nə edə bilmirəm. Sadəcə oğluma qa­dınların da traktor sürə biləcəyini öyrədirəm.

Feminist oğul yetişdirin. Onlar kimi qadınların da hər şeyə hüquqları olduğunu bilsin. Cinsi ayrı-seçkilik etməsin.

 

Anladığım

 

pis və yaxşı,

 

ağıllı və axmaq,

 

qoçaq və tənbəl,

 

məsuliyyətli və məsuliyyətsiz,

 

bacarıqlı və bacarıqsız,

 

savadlı və savadsız,

 

güclü və zəif

 

... insan bölgüsü var. Bu, cins bölgüsü deyil. Feminizm mə­nimçün burdan başlayır. Ağıllı, güclü, bacarıqlı, dürüst, mərd ki­şilər olduğu kimi bunların tam əksi də var. Kişi kul­tu mifdən başqa bir şey deyil.

 


 

Aysel Aydın Əlizadə
 
 
qadinkimi.com