YAZI / DÜŞÜNCƏ
ÇEXOV “AĞILLI QADINLARLA ÇƏTİNDİR” Tarix : 30 Noyabr 2019, 05:59
Yazar : Qadinkimi.com

Hansı cütlüklərin birliyi daha uğurlu olur? Bu sual hamımızı düşündürür.  Doğurdanmı, kişilər ağıllı, gözəl qadınlardan qorxur? Kişiyə ağıllı, gözəl qadın lazımdırmı? Və ya əksinə qadınlar ağıllı, gözəl kişilərlə daha xoşbəxtdir? Əlbəttə, biz çox şey istəyirik və istəyimizə az da olsa, nail ola bilərik. Böyük yazıçı Anton Çexov hələ 19 - cu əsrin sonlarında bu mövzuya toxunub. Onun sizə təqdim etdiyimiz hekayəsində həmişə aktual olan suala cavab tapacaqsınız.

 


Çəhrayı corab


Tutqun yağışlı gündür. Göy üzü buludludur, yağışın nə vaxt kəsəcəyi bəlli deyil. Həyət sürüşkən, palçıqlı, hər tərəfdə gölməçələr. Peç yansa da otaqlar soyuq və cansıxıcı. İvan Petroviç Somov kabinetində o baş - bu başa gedir, var - gəl edərək, havadan gileylənir. Pəncərədən göz yaşı kimi süzülən damcılar otağın cansıxıcı əhvalına kədər qatır. O, dözülməz dərəcədə darıxır, başını qatmağa isə heç bir məşğuliyyət tapmır. Qəzetləri hələ gətirməyiblər, ova getmək imkanı yoxdur, nahara çox var...Somov kabinetdə tək deyil. Yazı masasının arxasında madam Somova oturub. Zərif kofta geyinmiş çəhrayı corablı incə Somova xoşagələndir. O, ciddi – cəhdlə məktub yazmaqla məşğuldur. İvan Petroviç hər dəfə yazı masasının yanından keçərkən gözaltı onun yazısına diqqət yetirir. İri, əyri – üyrü, uzunsov hərflər, vərəqə düşən mürəkkəb ləkələri, barmaq izləri nəzərindən qaçmır. Madam Somova sətrdən – sətrə keçməyi sevmir, çünki vərəqin sonuna çatanadək hərflər xəttdən üzüaşağı sürüşür.


- Lidoçka, sən kimə belə uzun – uzadı məktub yazırsan? - onun artıq altıncı vərəqə keçdiyini görən Somov soruşur.


- Bacım Varyaya.


- Hm..uzundu. Darıxıram, ver bir oxuyum.

- Götür oxu, amma maraqlı heç nə yoxdur.


Somov vərəqləri götürür, gəzişməyə davam edərək onları oxuyur. Lidoçka kresloya söykənib onun üzünün ifadəsini izləməyə başlayır. İlk səhifədən sonra Somovun üzü dartınıb əzablı bir ifadə alır. Üçüncü səhifədə üz – gözünü qırışdırıb boynunun ardını qaşıyır. Dördüncü səhifəni oxuyarkən duruxub qorxuyla arvadına baxaraq fikrə gedir. Bir – neçə dəqiqədən sonra dərindən nəfəs alıb məktubu oxumağa davam edir. Üzündə heyrət, hətta qorxu var.

 

- Yox, bu mümkün deyil! – dodaqaltı mızıldanaraq, vərəqləri masanın üstünə atır. – Qətiyyən mümkün deyil.


- Nə olub? – Lidoçka təşvişə düşür.


- Bu nədir? Altı vərəq yazmısan. Düz iki saat vaxt sərf eləmisən. Heç olmasa, bircə fikir olaydı. Yox!


Oxuyursan, oxuyursan, heç nə yoxdur. Heç nə! Elə bil çay qutularına kitay malları yığırsan. Uf!


- Düzdü, Vanya, mən çox səliqəsiz yazmışam, – Lidoçka qızardı.


- Lənət şeytana, səliqəsiz? Səliqəsiz yazılmış yazıda belə fikir, bir bağlılıq olur. Məzmun olur, incimə, sənin yazdıqlarınsa, deməyə söz də tapmıram. Başdan – başa cəfəngiyyatdı. Sənin yazdığın sözlər, ifadələrsə boş, tamam mənasız. İki oğlan uşağının əlaqəsiz söhbətinə oxşayır: "Bizdə blinçik yox”; "Bizə əsgər gəldi”; Təkrar – təkrar eyni sözləri yazmısan. Elə bil saqqız çeynəyirsən. Fikirlər ələkdə şeytan kimi atılıb düşür. Başlanğıcı, sonu məlum deyil. Bu necə olur?


- Diqqətli olsaydım – deyə Lidoçka özünə haqq verməyə çalışır, - bu qədər səhv etməzdim.


- Səhvlərdən heç danışmıram! Yazıq qrammatika haray salır. Torpaq sözü "o”ilə yazılır, "a” ilə deyil. Bu qədər səhv olmaz. Nə sətir bilinir, nə nöqtə, nə vergül... Bu lap dözülməzdir. Hələ xəttin? Bu xətt deyil, ümidsizlikdir. Mən zarafat etmirəm, Lida. Məni sənin məktubun heyrətə gətirdi və çox üzdü. Əzizim, hirslənmə, amma allaha and olsun, mən sənin belə savadsız məktub yazacağını düşünməzdim. Sən axı ziyalı, savadlı təbəqənin nümayəndəsisən. General qızı, universitet bitirmiş adamın həyat yoldaşısan. Qulaq as, sən hardasa oxumusan?


- Bəs necə! Fon Mebke pansionunda oxumuşam.


Somov çiyinlərini qısıb, ah çəkir, yenə var – gəl edir. Lidoçka da öz cahilliyindən utanaraq ah çəkir. Gözlərini bir nöqtəyə zilləyir. On dəqiqəlik sükut yaranır.


- Mənə qulaq as, Lidoçka, bu axı bu dəhşətdir.- Somov arvadının qarşısında dayanıb, üzündəki qorxunc ifadə ilə sözə başlayır. – Sən axı anasan... Başa düşürsən? Ana! Özün heç nə bilmirsənsə, övladlarına nə öyrədəcəksən? Sənin başın yaxşı işləyir, amma elementar savadın yoxdursa, o nəyə gərəkdir? Yaxşı, lap savadın cəhənnəmə olsun. Uşaqlar məktəbdə oxuyub, öyrənərlər. Amma sən davranış qaydalarını da bilmirsən. Birdən elə yersiz söz işlədirsən ki, adam qulaqlarına inanmaq istəmir.

Somov yenə çiyinlərini çəkir, bir az da xələtinə bürünərək o baş, bu başa gedir. O həm acıqlı, həm də kədərlidir. Həm də heç nəyə etiraz etmədən gözlərini döyən Lidoçkaya acıyır. İkisinə də ağırdır. Bu ağırlıqdan vaxtın necə keçdiyini, nahara az qaldığını hiss etmirlər.

Dadlı və sakit yemək yeməyi sevən Somov nahar zamanı bir qədəh araq içib tamam fərqli mövzuda söhbət edir. Lidoçka qulaq asır, arada münasibət bildirir. Ancaq şorba içən zaman qəfildən içini çəkib ağlamağa başlayır. 


- Bu anamın günahıdır! – Gözlərini salfetlə silərək davam edir. – Hamı ona deyirdi ki, məni gimnaziyada oxutsun. Gimnaziyadan sonra kursa da gedə bilərdim.


- Gimnaziya? Kurslar? Allah qorusun, bu hədsizlikdən.- Somov dodaqaltı donquldandı. - Oxuyub mavi corablı (oxumuş, azad qadınlar) qadınlardan olmaq? Mavi corablı... Bunun nəyi yaxşıdır? Bilmirsən, qadındırlar, yoxsa kişi? Bu mavi corablıları görməyə gözüm yoxdur! Mən heç vaxt oxumuş qadınla evlənməzdim.  


- Səni də anlamaq olmur. – Lidoçka təəccüb etdi. – Mənə savadsız olduğum üçün acığın tutur, savadlı qadınlardan da zəhlən gedir. Məktubumda heç bir fikir olmadığı üçün hirslənirsən, amma oxumağıma da razı deyilsən.


- Sən kəlmələrə takılırsan, əzizim.- Somov darıxdığından özünə bir qədəh də içki süzüb əsnəyir.

Dadlı yemək və iki qədəh içki öz təsirini göstərir: Somov mehriban və şəndir. O, həyat yoldaşına baxaraq onun necə yaxşı, gözəl olması, ona qayğıyla qulluq etməsi haqda düşünür. Onda qadınına sevgi göstərmək, səbrli olmaq, hər şeyi bağışlamaq arzusu oyanır.

"Nahaq yerə onun qəlbinə dəydim” – deyə düşünür. ”Bu qədər acımasız davrandım. Xoşagəlməyən sözlər dedim. Düzdü o ağılsızdı, dünyagörüşü azdı, müasir deyil, amma medalın iki üzü var. Düz deyirlər ki, ağılsız qadınlar ailəcanlı, əsil ev xanımıdırlar. Onların düşüncəsi fərqlidir. Yəni o ərini sevir, qulluq edir, uşaq doğur, yemək hazırlayır. Belə xoşbəxtdir. Savad onun nəyinə gərəkdir? Əlbəttə, bu belədir”.


Somov ağıllı, savadlı qadınlarla yola getməyin necə çətin olduğunu xatırlayır. Onlar tələbkar, ciddi olurlar, güzəştə getmirlər. Amma Lidoçka kimi dayaz qadınlarla yaşamaq çox asandır: çox şeyi anlamır, heç nəyə müdaxilə etmir, tənqid etmək ağlına gəlmir. Onunla çox rahatdır, nəzarət də etmir, güdmür səni.


"Allah qorusun bu ağıllı, oxumuş qadınlardan. Belə adi qadınla sakitcə yaşamaq daha yaxşıdır” – düşünərək  toyuq qoyulmuş boşqabı ona uzadan Lidoçkaya baxır. Ağıllı qadınla bölüşmək, ünsiyyətdə olmaq ehtiyacı hiss etdiyini də yadına salır. "Olsun. Ağıllı qadınla söhbət etmək istəyəndə Natalya Andreyevnanın, ya da Marya Fransovnanın yanına gedərəm... Bu çox asandır”.


Anton Çexov, 1886 – cı il.

Çevirdi: Kamalə Abiyeva

qadinkimi.com