QADIN / KİŞİ
Evlənmək üçün çox vacib səbəb Tarix : 31 Avqust 2020, 09:52

Cəmiyyətimiz ailəsiz adama qarşı hədsiz dərəcədə qəddarlıq nümayiş etdirir. Onları ən faciəvi həyat süjetləri və sonluqlarla qorxudurlar. Camaatımız (milli düşüncəmiz) sözün həqiqi mənasında bekarçılıqdan böyük əziyyət çəkir. Onlar bekarçılıqdan yaxa qurtarmağın isə yalnız bir yolunu bilirlər: Onun-bunun həyatına lazım oldu - olmadı müdaxilə etmək, hər şeyi xırda detallarına qədər öyrənmək, müzakirə etmək və məsləhət vermək.
Peşmansan, bir adamla iki dəqiqə söhbət edəsən. Ailəli olub-olmadığını soruşur. "Yox” cavabı aldıqda elə bil onlara vəhy gəlir. Əlbəttə, danışmaq və məsləhət vermək üçün bundan gözəl mövzu ola bilərmi?

Bəh, bəh, bəh. Səni göydə axtarırdım, yerdə tapdım. Başlayırlar danışmağa. Özü də çox ilhamla danışırlar. Başqalarının həyatından misallar gətirirlər. Öz həyat fəlsəfələrini bölüşürlər. Atalar sözündən istifadə edirlər. Tez evlənənlə tez yuxudan oyanan uduzmaz...Sənin nə düşündüyün onun üçün heç maraqlı deyil.
Söhbətin hansı səviyyədə getməsi adamın özünün səviyyəsindən asılıdır. Əgər adam bir az savadlıdırsa, yazıçılardan, filosoflardan sitat da gətirir. Bütün söhbətləri bu cür ümumiləşdirmək olar - yox, yox, evlənmək lazımdı. Ailə yaxşı şeydi.

 

 Şəkil:Ailə, 1987.jpg — Vikipediya

 

 

 

 

Bəs sən xəstələnəndə sənə kim baxacaq? Evlənmək - ailə qurmaq üçün çox, çox vacib səbəbdir.  

 


Seymur Baycan 

 

 

Qadinkimi.com